Vikipediya Heftenin Secilmis Meqalesi 52 Hefte 2017 - Wikipedia
Rayan Uayt — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Uaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər.
QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Michael Jackson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Uayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Uaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı. İki dəfə təsdiq olunan bu qanun ABŞ-da QİÇS-lə yaşayan insanların ən böyük dəstəkçisi oldu. |