Vikipediya Heftenin Secilmis Meqalesi 6 Hefte 2019 - Wikipedia
Yaponiya bayrağı — Yaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗?, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸?, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə.
Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ildə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır. |