Vikipediya Heftenin Secilmis Meqalesi 7 Hefte 2018 - Wikipedia
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.
Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilir. Eduard Mane "Çəmənlikdə səhər yeməyi" əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etmişdir. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. "Çəmənlikdə səhər yeməyi" tablosu da bu salonda sərgilənməyə başladı. O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir. |