Vikipediya Heftenin Secilmis Meqalesi 8 Hefte 2019 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 8 Hefte 2019 - Wikipedia - Haqqında Məlumat
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.
XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-cı ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi. |