Vikipediya Heftenin Secilmis Meqalesi 8 Hefte 2021 - Wikipedia
Vinsent van Qoq — Holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi.
Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirildi. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərdi və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə oldular. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirirdi. 1886-cı ildə o, Parisə köçdü, Emil Bernar və Pol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış oldu. Getdikcə özünü inkişaf etdirən Van Qoq artıq natürmort və peyzaj çəkərkən onlara yeni baxış bucağdan yanaşırdı. 1888-ci ildə, Fransanın cənubunda, Arlda yaşayarkən fərqinə vardığı və təkmilləşdirdiyi üslubdan istifadə etməyə başladıqdan sonrakı rəsmləri rəng çalarlarının parlaqlığı ilə seçilirdi. Bu müddət ərzində zeytun ağacları, buğda tarlası və günəbaxanların təsvir olunduğu çoxlu rəsm əsəri yaradaraq yaradıcılığının mövzusunu daha da genişləndirdi. |