Vikipediya Heftenin Secilmis Meqalesi 9 Hefte 2015 - Wikipedia
Böyük Moğol İmperiyası — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti.
XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər. Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput və Sikh kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı. İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı. İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər. |