Vikipediya Heftenin Secilmis Meqalesi 9 Hefte 2017 - Wikipedia
Vikipediya Heftenin Secilmis Meqalesi 9 Hefte 2017 - Wikipedia - Haqqında Məlumat
Şəki dövləti — indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət. Mənbələrdə ilk olaraq ərəblərin VII əsrin ortalarında Cənubi Qafqaza etdikləri yürüşlərindən bəhs edilərkən adı çəkilir. Gürcü mənbələrinə əsasən isə Şəkidə VIII əsrin ortalarında knyazlıq formalaşmış, IХ əsrin əvvəlləri üçün bu çarlığa çevrilmişdir.
“Albaniya tarixi”ndə Şəki hökmdarlığının mövcud olması faktı yalnız IХ əsrin ortaları üçün xatırlanır. IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur. XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. (Davamı...) |