Vikipediya Heftenin Secilmis Siyahisi 36 Hefte 2019 - Wikipedia
ABŞ milli parklarının siyahısı — ABŞ-da yerləşən 59 milli parka verilən ümumi ad.
ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır: "Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar." |