Vikipediya Kuk - Wikipedia
- Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 31 avqust — 15 sentyabr 2024
- Qüvvədədir: 15 sentyabr 2024-cü ildən
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Vikipediyada kuklaçılıq birdən çox Vikipediya hesabından sui-istifadəni nəzərdə tutur. Şəffaflığı qorumaq və icmanın etibarını artırmaq üçün redaktorların ümumiyyətlə yalnız bir hesabdan istifadə etməsi gözlənilir. Çoxsaylı hesab açmaq üçün bəzi əsaslı səbəblər olsa da, digər redaktorları aldatmaq və ya çaşdırmaq, müzakirələrin gedişatını pozmaq, təhrif etmək, sanksiyalardan, bloklardan yayınmaq və ya icma standartlarını və siyasətlərini başqa cür pozmaq üçün birdən çox hesabdan istifadə etmək qəbuledilməzdir.
Kukla hesablar bir neçə formada olur:
- IP ünvan adından problemli redaktələr etmək üçün hesabdan çıxış etmək
- Sanksiyalardan yayınmaq üçün yeni hesablar yaratmaq
- Digər şəxsin hesabını istifadə etmək
- Köhnə istifadə olunmamış hesabları (yatırdılmış hesablar deyilir) canlandırmaq və onları fərqli istifadəçilər kimi təqdim etmək
- Mübahisənin bir tərəfini dəstəkləmək üçün dostları və ya həmkarları hesab yaratmağa təşviq etmək (adətən canlı kuklalar deyilir)
Çoxsaylı hesablardan sui-istifadə icmanın etibarının ciddi şəkildə pozulmasıdır. Bu aşağıdakılara səbəb ola bilər:
- bütün əlaqəli hesabların bloklanması
- hesabları idarə edən istifadəçiyə qadağa qoyulması
- Vikipediya və onun qardaş layihələrində istifadə olunan bütün hesabların layihə daxilində adlarının açıqlanması
- gələcək kuklaçılığın və ya müəyyən digər pozuntuların qarşısını almaq üçün müvafiq hesab edilən hər hansı "real dünya" fəaliyyətinin və ya şəxsi məlumatın (potensial) ictimaiyyətə açıqlanması.
Üzrlü səbəblərə görə birdən çox hesabdan istifadə edən redaktor hər bir hesabın istifadəçi səhifəsində bütün digər hesabları onların məqsədinin izahı ilə siyahıya salmalıdır (aşağıya baxın). İstəyə görə bəzi hesabların istifadəçi və istifadəçi müzakirə səhifələri digər hesablara yönləndirilə bilər. Əlaqəsi olmayan alternativ hesablardan istifadə edən və ya öz hesabından ayrı IP ünvandan redaktə edən redaktorlar məqalə və ya mövzularda hər hansı toqquşmadan çəkinməlidirlər, çünki hətta təshih, vikiləşdirmə və ya keçid vermə kimi zərərsiz fəaliyyətlər bəzi hallarda kuklaçılıq hesab edilə bilər və bunlar bəhanə kimi işə yaramayacaq.
Alternativ hesabların qanuni istifadəsi olmasına baxmayaraq, açıqlanmayan alternativ hesablar müxtəlif vasitələrlə ictimai olaraq bir-birinə əlaqələndirilə bilər.
Alternativ hesablardan uyğun olmayan istifadə
Redaktorlar çaşdırmaq, aldatmaq, konsensusu pozmaq üçün alternativ hesablardan istifadə etməməlidirlər. Bura aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
- Dəstək illüziyası yaratmaq: Alternativ hesablar bir mövqe üçün faktiki mövcud olmaqdan daha çox dəstək olduğu təəssüratı yaratmaq üçün istifadə edilməməlidir.
- Daxili müzakirələr: Açıqlanmayan alternativ hesablar layihə daxilindəki müzakirələrdə iştirak edə bilməz.
- Qaydaların tələbindən yayınmaq: Qaydalar hesaba deyil, şəxsə tətbiq olunur. Üç dəfə geri qaytarmaq qaydası kimi siyasətlər hər bir şəxsin redaktələri üçündür. Siyasəti pozmaq üçün ikinci hesabdan istifadə əsas hesabınıza hər hansı cəzanın tətbiq edilməsinə səbəb olacaq.
- Saman adam kuklası: Məsələnin bir tərəfini bilərəkdən irrasional və ya təhqiramiz şəkildə müzakirə etmək, rəyi digər tərəfə yönləndirmək üçün ayrıca hesab yaratmaq.
- Sanksiyalardan yayınmaq: Sanksiyalar başqa hal nəzərdə tutulmayıbsa, hesablara deyil, şəxslər kimi fərdi redaktorlara şamil edilir. Aktiv blok, icma qadağası və ya orijinal hesabınıza tətbiq edilən digər sanksiyanı pozaraq redaktə etmək üçün ikinci hesabdan istifadə töhfələrinizin geri qaytarılmasını da əhatə edə biləcək əlavə sanksiyalarla nəticələnəcək.
- Eyni səhifəyə və ya müzakirəyə birdən çox hesabla töhfə vermək: Redaktorlar eyni səhifəyə və ya müzakirəyə onların bir neçə nəfər olduğunu göstərən şəkildə töhfə vermək üçün birdən çox hesabdan istifadə edə bilməzlər. Aydın şəkildə əlaqələndirilmiş, qanuni, alternativ hesablarla eyni səhifəyə töhfə vermək (məsələn, ev və iş kompüter hesabınızla eyni səhifəni redaktə etmək və ya bot hesabınızın redaktə etdiyi səhifəni əsas hesabınızdan redaktə etmək) qadağan deyil.
- Yoxlamadan yayınmaq: tarixçənizi bölmək üçün tam və açıq şəkildə açıqlanmayan alternativ hesablardan istifadə etmək digər redaktorların redaktələrinizdəki izləri və oxşarlıqları aşkar edə bilməmələrinə yol açır. Buna müəyyən hallarda icazə verilsə də (bax: icazə verilən istifadələr), redaktələrinizi yoxlamaqda maraqlı ola biləcək redaktorları çaşdırmaq və ya aldatmaq üçün alternativ hesablar yaratmaq bu qaydanın pozulması deməkdir.
- "Yaxşı" və "pis" hesablar: Bir hesabdan konstruktiv redaktələr üçün, digərindən isə vandalizm və ya digər pozucu redaktələr üçün istifadə etmək təbii ki, qadağandır.
- Hesabdan çıxış edib redaktə etmək: Çoxsaylı IP ünvanları ilə redaktə etmək və ya həm qeydiyyatdan keçmiş hesab ilə, həm də anonim şəkildə redaktə etmək, aldadıcı şəkildə və ya bu qaydanın prinsiplərini başqa şəkildə pozduqda, çoxsaylı hesablar vasitəsilə redaktə ilə eyni səviyyədə pozulma kimi qiymətləndirilə bilər. İstifadəçilər səhvən hesabdan çıxış ediblərsə, anlaşılmazlığın olmadığından əmin olmaq üçün versiya silmə hüququ olan istifadəçilərlə (inzibatçılarla) əlaqə saxlamaq istəyə bilərlər.
- Sıfırdan başlamaq prosesinin sui-istifadəsi: Hesabların dəyişdirilməsi və ya yoxlamadan yayınmaq üçün təmiz başlanğıcdan istifadə edilməsi bu siyasətin pozulması hesab olunur.
- Rol hesabları: Hesab bir fərd hesab olunduğu üçün "rol hesabları" və ya bir neçə nəfər tərəfindən paylaşılan hesablar (bir qayda olaraq) qadağandır və bloklanmalıdır. Çox əvvəllər qeydiyyatdan keçmiş bəzi istifadəçilər buna bənzər istifadəçi adları ilə qeydiyyatdan keçmiş ola bilərlər. Bu cür hesablara yalnız o halda icazə verilir ki, hesab məlumatları həmişəlik olaraq bir nəfərdə olsun. Bununla belə qayda istifadəçi adlarının aldadıcı və ya pozucu olmasından çəkinməyi tövsiyə edir. Əgər siz təşkilat üçün redaktə edirsinizsə, lütfən, bu problemlərin qarşısını ala biləcək istifadəçi adı seçmək üçün Vikipediyanın istifadəçi adları ilə bağlı siyasətini oxuyun. Bu qaydaya istisnalar: e-poçt funksiyası təmin etmək üçün təsdiqlənmiş redaktə etməyən hesablar, Vikimedia Fondu tərəfindən təsdiq edilmiş hesablar (siyahı) və çoxsaylı operatorları olan təsdiqlənmiş botlardır.
- İcmanın etimadını aldadıcı şəkildə istifadə etmək: Əvvəllər başqa hesab altında redaktə etdiyinizi açıqlamadan icmanın rəyi ilə verilən hüquqlara namizəd ola bilməzsiniz. Bu hüquqlar icmanın hesaba deyil, fərdi şəxsə inamını əks etdirir. Buna görə də namizəd olarkən, əvvəllər və ya indi istifadə etdiyiniz hesabları ictimai şəkildə açıqlamanız tələb edilir. Keçmiş hesabları açıqlamayan namizədlər, xüsusən də bu məlumat səsvermənin nəticələrinə təsir göstərirsə, hüququn alınması riski ilə üzləşə bilər.
- Birdən çox inzibatçı hüququ olan istifadəçi hesabına sahib olmaq: İnzibatçı hüquqları olan botlar istisna olmaqla istifadəçilərin inzibatçıların hüququ olan birdən çox hesabı ola bilməz. Bununla belə Vikimedia Fondunun əməkdaşları birdən çox inzibatçı hesabına sahib ola bilərlər, çünki kimliklərini bildirməlidirlər. Əgər inzibatçı layihəni tərk edərsə, yeni istifadəçi adı ilə qayıdarsa və inzibatçılığa namizəd olarsa, namizədliyini ləğv etməli və ya əvvəlki hesabındakı inzibatçı hüququndan imtina etməlidir.
İcazə verilən istifadələr
Alternativ hesabların icazə verilən istifadələri də var. Məsələn, öz real adından istifadə edərək töhfə verən istifadəçilər, əsl adlarının əlaqələndirilməsini istəmədikləri töhfələr üçün təxəllüsdən istifadə etmək istəyə bilər və ya uzunmüddətli istifadəçilər yeni hesabdan redaktə edərək yeni istifadəçi təcrübəsini daha yaxşı başa düşmək üçün yeni hesab yarada bilərlər. Bu hesablar kukla hesab edilmir. Əgər qanuni alternativ hesabdan istifadə edirsinizsə, bu siyasətə uyğun olaraq ondan qeyri-qanuni şəkildə istifadə etməməyinizi təmin etmək sizin məsuliyyətinizdir.
Qanuni alternativ hesabın istifadə edilməsi hətta bu siyasətdə sadalanan səbəbdən belə, hesabların bir-birinə açıq şəkildə əlaqələndirilməsinə mane olmur. Açıqlanmamış alternativ hesablar istifadə edən şəxslər bu riski öz üzərlərində və bu layihənin tövsiyə olunan əməliyyat proseslərinə qarşı edirlər.
Alternativ hesablar üçün icazə verilən səbəblərə aşağıdakılar aiddir:
- Təhlükəsizlik: Siz ictimai kompüter vasitəsilə Vikipediyaya daxil olarkən, təhlükəsizliyi olmayan şəbəkəyə qoşulu olarkən və ya hesabınızın oğurlanması riski olduğu digər ssenarilərdə istifadə etmək üçün alternativ hesab yarada bilərsiniz. Belə hesablar əsas hesab ilə ictimai şəkildə əlaqələndirilməli və ya asanlıqla müəyyən edilən addan istifadə etməlidir. Məsələn, İstifadəçi:Məmməd "İstifadəçi:Məmməd (əlavə)" adından istifadə edə bilər və həmin hesabın istifadəçi və müzakirə səhifələrini öz əsas hesabına yönləndirə bilər.
- Məxfilik: Ailəsi daxilində çox mübahisəli olan və Vikipediya kimliyi həmin çevrədə məlum olan və ya real dünyadakı kimliyi ilə izlənilə bilən məqaləni redaktə edən şəxs həmin ərazidə redaktəsinin və ya digər Vikipediya fəaliyyətinin real dünya nəticələrindən yayınmaq üçün alternativ hesabdan istifadə etmək istəyə bilər. Məxfiliyə əsaslanan alternativ hesab əsas hesab ilə ictimai şəkildə əlaqaləndirilməsə də, bu səhifənin icazə verilməyən istifadələr bölməsində qeyd olunan məqsədlər üçün istifadə edilməməlidir və əgər edilibsə, hesab sanksiyaların tətbiqi üçün əsas hesab ilə ictimai şəkildə əlaqələndirilə bilər. Bu maddəyə uyğun olaraq alternativ hesabdan istifadə etməyi düşünürsünüzsə, zəhmət olmasa aşağıdakı bildiriş bölməsini oxuyun.
- Doppelqanqer hesabı: Doppelqanqer hesabı, şəxsiyyətin oğurlanmasının qarşısını almaq üçün istifadəçi adınıza oxşar istifadəçi adı ilə yaradılmış hesabdır. Belə hesablar redaktə üçün istifadə edilməməlidir.
- Sıfırdan başlamaq üçün yeni hesab açmaq: Sıfırdan başlanğıc istifadəçinin adətən keçmiş səhvlər və ya təqiblərdən qaçmaq üçün yeni hesabla sıfırdan başlamaq üçün köhnə hesabdan istifadəni dayandırmasıdır. Sıfırdan başlanğıca yalnız köhnə hesaba qarşı aktiv qadağalar, bloklar və ya sanksiyalar olmadıqda icazə verilir. Mövzulara, mübahisələrə, redaktə nümunələrinə və ya əvvəllər problemli kimi müəyyən edilmiş davranışlara qayıtmaq üçün yeni hesabınızdan istifadə etməyin və yoxlamadan yayınma cəhdi kimi görünən hər hansı bir hərəkət etməməyə diqqət yetirin. Sıfırdan başlanğıc köhnə hesab(lar)ınızdan artıq istifadə etməməyi tələb edir, bunun üçün də istifadəçi səhifələrində yeni hesaba keçidin kukla hesab yaratmaq cəhdi kimi görünməsinin qarşısını almaq üçün hesabın qeyri-aktiv olduğunu qeyd etməyi tələb edir.
- İstifadəçi adı pozuntuları: Əgər uyğun olmayan istifadəçi adına malik olduğunuz üçün bloklanmısınızsa və bu, blokun yeganə səbəbidirsə, sizə müvafiq istifadəçi adı ilə yeni hesab yaratmağa icazə verilir.
- Ələ keçirilmiş hesablar: Əgər parolunuzu itirdiyinizə və ya kimsə parolunuzu əldə etdiyinə və ya təxmin etdiyinə görə hesabınıza daxil ola bilmirsinizsə, təmiz parol ilə yeni hesab yarada bilərsiniz. Belə olan halda hər bir hesabın istifadəçi səhifəsində onların eyni istifadəçi üçün alternativ hesablar olduğunu göstərən qeyd yerləşdirməlisiniz. Ehtiyac yaranarsa, həmçinin siz inzibatçılardan ələ keçirilmiş hesabı bloklamağı xahiş etməlisiniz.
- Texniki səbəblər:
- Təmir: İstifadəçilər texniki tapşırıqları yerinə yetirmək və ya tək bir məqsəd üçün yaradılmış istifadəçi müzakirə səhifəsi üçün funksiyaları ayırmaq məqsədilə alternativ hesabdan istifadə edə bilər. İkinci hesab əsas hesabla ictimai şəkildə əlaqələndirilməlidir.
- Botlar: Botlar avtomatik və ya yarı-avtomatik redaktə edən proqramlardır. Botlardan istifadə edən istifadəçilərə ayrıca hesablar yaratmağa və onların VP:İHM vasitəsilə bot hesabları kimi təsdiq edilməsini xahiş etmək tövsiyə olunur ki, avtomatlaşdırılmış redaktələr son dəyişikliklərdən süzülə bilsin. Botlar operatorun hesabı ilə ictimai şəkildə əlaqələndirilməlidir. Bax: {{Bot}}
- Sınaq və ya təlim: Çoxlu skriptlərdən və digər alətlərdən istifadə edən istifadəçilər kodun başqalarına necə göründüyünü yoxlamaq üçün və ya yeni istifadəçilərə təlim keçərkən Vikipediyanın standart görünüşünü nümayiş etdirmək üçün ikinci hesab yaratmaq istəyə bilərlər. Sınaq və ya təlimə mane olacağı hallar istisna olmaqla ikinci hesab əsas hesabla ictimai şəkildə əlaqələndirilməlidir.
- İki-faktorlu autentifikasiya: 2FA aktivləşdirmiş istifadəçilər bəzən müxtəlif cihazlarda öz hesabına daxil ola bilmirlər. Bu istifadəçilər əsas hesabla əlaqələndirilmiş formada ikinci alternativ hesab yarada bilərlər. Məsələn: İstifadəçi:Nümunə (telefon) və İstifadəçi:Nümunə (kompüter)
Alternativ hesablar həmişə istifadəçi səhifələrinə baxılan kimi aşkar edilməli vəziyyətdə (əgər bunu etmək hesabın məqsədini pozmayacaqsa) olmalıdırlar.
Çıxış edib redaktə etmək
Hesabdan çıxış edib redaktə etməyə qarşı çıxan heç bir qayda yoxdur. Bu, giriş sessiyasının müddətinin bitdiyini görməmək, kompüterləri dəyişdirmək, Vikipediya səhifəsinə birbaşa keçidə klikləyərək gəlmək və parolu unutmaq kimi bir çox səbəbə görə baş verir. Daxil olmayan redaktorlar aktiv olaraq digər redaktorları, məsələn, hesablarının olmadığını deyərək aldatmağa çalışmamalıdırlar. Məxfiliyi qorumaq üçün hesabdan çıxış etdikdə redaktə etmiş redaktorlardan heç vaxt istifadəçi adlarını vikidəki IP ünvanları ilə əlaqələndirmələri tələb olunmur.
Əgər hansısa anonim istifadəçinin həqiqətən hansısa hesabdan çıxış etmiş istifadəçi olması ilə bağlı narahatlığınız varsa, anonimə bu qayda barədə xəbərdarlıq verə bilər və əgər bu davranış davam edərsə, siz təftişçilər ilə əlaqə saxlamalı və sübutları onlara təqdim etməlisiniz.
Alternativ hesabların açıqlanması
Əgər bu, qanuni alternativ hesaba malik olmaq məqsədini pozmursa, alternativ hesablardan istifadə edən istifadəçilər hesabları bir-biri ilə əlaqələndirməlidirlər. Lu aşağıdakı 3 nümunədən biri olmalıdır:
- İstifadəçi adındakı oxşarlıqlar (məsələn, İstifadəçi:Nümunə, İstifadəçi:Nümunə (test), İstifadəçi:Nümunə (əlavə))
- Həm əsas, həm də alternativ hesabın istifadəçi səhifələrində ya qeyri-rəsmi olaraq, ya da məqsəd üçün hazırlanmış istifadəçi qutusu şablonlarından istifadə etməklə.
Məxfilik səbəbi ilə bir neçə hesabı olan redaktorlar, redaktənin diqqəti cəlb edəcəyinə inanırlarsa, inzibatçılara və təftişçilərə məlumat verməyi nəzərdən keçirməlidirlər. Mübahisəli materialı ciddi şəkildə redaktə edən redaktorlar, tək məqsədli hesab yaradanlar və inzibatçı olmağı düşünən redaktorlar, davranışlarında problem olmasa da və ya çox az olsa belə, yoxlamanı cəlb edən redaktor qrupları arasındadırlar. Bununla belə, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların edilməsi heç bir şəkildə istifadəçini müdafiə etmir və ya bu siyasəti başqa şəkildə pozmağa imkan vermir. Əsas hesabla alternativ hesab arasında ayrılığın düzgün saxlanması tamamilə istifadəçinin məsuliyyətidir. Əlaqə aşkar edilərsə, verilmiş açıqlama "həbsdən azad olmaq kartı" deyil və istifadəçilər vikidə qurulduğu təqdirdə təftişçilərin və ya inzibatçıların əlaqəni gizlətmək üçün hərəkətə keçəcəyini gözləməməlidirlər. Əksinə, nə təftişçilər, nə də inzibatçılar siyasətə uyğunluğu təmin etmək üçün açıqlanmış hesablara nəzarət etmirlər. Bu da tamamilə istifadəçinin məsuliyyətidir.
Canlı kuklalar
Vikipediyadakı qızğın mübahisələr tez-tez sayta yeni redaktorlar gətirir. Bəzi şəxslər həmfikir olduqları redaktorları mübahisəyə cəlb etməklə, o cümlədən vikidən kənar yardım almaqla öz məqsədlərini təbliğ edə bilərlər. Vikipediya xüsusilə yeni istifadəçilər üçün xoşniyyətli olsa da, Vikipediyada yeni hesablar və ya istifadəçiləri aktiv şəkildə proseslərə cəlb etmək və ya Vikipediyada qərarlara təsir etmək üçün hesab yaratmaq və ya anonim şəkildə redaktə etmək üçün insanları (istər vikidə, ya da vikidən kənarda) öz maraqları naminə vikidaxili proseslərə cəlb etmək qadağandır. Eyni kontekstdə başqa bir istifadəçi ilə eyni davranışlar göstərən və Vikipediyanı yalnız bu məqsədlə redaktə edirmiş kimi görünən yeni istifadəçi davranışı eynilik təşkil edən istifadəçiyə qarşı tətbiq edilən eyni sanksiyalara məruz qala bilər. Sanksiyalar Vikipediyanın inzibati orqanlarının fikrincə, ardıcıl olaraq müstəqil mühakimə yürütməyən uzun müddət fəaliyyət göstərən redaktorlara qarşı tətbiq edilir.
Vikipediyada təkməqsədli redaktorların gəlişi nəticəsində yaranan xaosu azaltmaq üçün bu proseslər mövcuddur:
- Bir çox debat və müzakirələrdə konsensus ideal olaraq səslərin sayına deyil, redaktorların mövzu bağlı fikirlərinə əsaslanmalıdır.
- Səsvermələrdə və ya səsverməyə bənzər müzakirələrdə yeni istifadəçilər nəzərə alına və ya əhəmiyyətli dərəcədə az əhəmiyyət verilə bilər, xüsusən də onların çoxu eyni fikri ifadə edərsə. Həmin şərhlər bu istifadəçilərin müzakirədən kənarda az və ya heç bir redaktə etmədiklərini göstərən qeydlə işarələnə bilər.
Canlı kukla termini bəzi şəxslər tərəfindən alçaldıcı kimi görünə bilər və nəzakət qaydalarına uyğun olaraq ehtiyatla istifadə edilməlidir. Yuxarıdakı proseslərə görə kimisə birbaşa "canlı kukla" olmaqda ittiham etmək əks nəticə verə bilər və bu, çox vaxt mübahisənin daha da qızışması ilə nəticələnəcək.
Eyni IP-ünvanı paylaşmaq
İki və ya daha çox qeydiyyatdan keçmiş redaktor eyni kompüter və ya şəbəkə bağlantısından istifadə edərsə, onların hesabları təftişçilər tərəfindən əlaqələndirilə bilər. Həmin istifadəçilərə kukla ilə bağlı ittihamların qarşısını almaq üçün öz istifadəçi səhifələrində bu cür əlaqələri açıqlamaları tövsiyə olunur.
Bir-biri ilə sıx əlaqədə olan istifadəçilər eyni məqsədlərlə redaktələr edərlərsə, onlar tək istifadəçi hesab edilə bilər. Eyni məqalələri redaktə edərkən, eyni müzakirədə iştirak edərkən və ya hər hansı bir mübahisədə bir-birini dəstəkləyərkən, sıx əlaqəli hesablar əlaqəni açıqlamalı və redaktə müharibəsi kimi müvafiq siyasətlərə tək hesab kimi riayət etməlidirlər. Əgər əlaqəni açıqlamaq istəmirlərsə, eyni mövzularda, xüsusən də mübahisəli mövzularda redaktə etməkdən çəkinməlidirlər.
Kukla hesablarla mübarizə
Texniki analiz
Azərbaycanca Vikipediyada lokal təftişçilər olmadığı üçün müraciətlər Meta-Vikidə edilməlidir.
Təftişçi
Təftişçi alətinə girişi olan redaktorlar hansı IP ünvanlarının hansı hesablarla əlaqəli olduğunu görmək üçün server jurnalına müraciət edə bilərlər. Təftişçi aləti iki hesabın bağlı olmadığını tam dəqiqliklə təsdiq edə bilməz; o, yalnız araşdırma zamanı texniki əlaqənin olub-olmadığını göstərə bilər. Vikimedia Fondunun Məxfilik və Təftişçi siyasətlərinə uyğun olaraq, yoxlamalar yalnız üzrlü səbəblərlə aparılmalıdır və (bu siyasətlərdəki istisnalar nəzərə alınmaqla) nəticələr şəxsi identifikasiya məlumatlarının açıqlanmasının qarşısını almaq və ya minimuma endirməklə açıqlanmalıdır. Verilmiş istifadəçi hesabına xas olan üzrlü səbəb olmadan təftişçi alətlərinin istifadəsi qadağandır.
Bloklanma
Bir şəxsin kuklalardan istifadə etdiyi aşkar edilərsə, kukla hesab(lar)ı qeyri-müəyyən müddətə bloklanmalıdır. Əsas hesab üçüncü tərəf inzibatçının mühakiməsi ilə bloklana bilər. Kuklalar üçün istifadə edilən IP ünvanları da bloklana bilər, lakin bunun üçün müddətsiz yox, müəyyən müddətə blok müddəti seçilməlidir.