Vikipediya Konsensus - Wikipedia
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vikipediyada konsensus — Vikipediyanın ayrılmaz tərkib hissəsidir və redaktə prosesinin təbii nəticəsi olaraq yaranır. Adətən kimsə vikipediya səhifəsində dəyişiklik edir və daha sonra başqa istifadəçi də həmin səhifəyə dəyişiklik edə bildiyindən o, bir öncəkinin redaktəsi ilə razılaşa və ya razılaşmaya bilər. Bu zaman nəzər nöqtəsindəki fərqlər danışıq və ya müzakirə səhifələrində müzakirə edilir və bu müzakirələrin nəticəsi kimi fərqli baxışlara malik istifadəçilər "mübahisəli" məqalə haqqında konsensus yaradırlar.
Hansısa redaktə digər istifadəçilərin də razılığına səbəb olduğunda, adətən susmaq razılıq əlamətidir prinsipi işləyir. Bu zaman digər istifadəçilər adətən həmin redaktəni sükutla qarşılayırlar.
- Əgər istifadəçilər arasında fikir müxtəlifliyi varsa, bu müxtəliflik redaktə müharibələrində yox, müzakirə və konsensus qurulmasında öz təzahürünü tapmalıdır. Danışıq və ya müzakirə səhifələrində gedən müzakirələr məhz bundan ötrüdür və onların başlıca məqsədi konsensus qurmaq və neytral nəzər nöqtəsinə nail olmaqdır.
- Konsensus əldə etmək çətin olduqda istifadəçilər üçüncü müstəqil istifadəçilərin vasitəçiliyinə və mübahisələrin həllinin icma tərəfindən qəbul edilmiş digər prosedurlarına müraciət etməlidirlər.
- Konsensus bütün tərəflərin könüllü razılığından yaranır. Bu razılıq adətən danışıqların və ya müzakirələrin nəticəsində yaranmalıdır. Konsensusun işlək olması üçün gərək istifadəçilər də xoş məramlara sahib olmalı, redaktə və istifadəçilərə müraciətlərində nəzakətli, bitərəf və diqqətli olmalıdırlar.
Öz mövqeyində tərs inadkarlıq göstərmək və qarşı tərəfin arqumentlərinə kor olmaq xoş məramlardan uzaqlaşmaq və konsensusa yad hesab edilir. Təcrübəli istifadəçilər bilirlər ki, bəzən qarşı tərəfin mövqeləri onların öz mövqelərindən daha çox sağlam məntiqə dayana bilir. Buna görə də hər bir istifadəçi rasional davranmalı və qarşı arqumentləri qəbul edə bilməlidir.
Konsensus daimi deyil, o bəzən dəyişə də bilər. Bir çox hallarda icmanın öz fikrini dəyişməsi təqdirəlayiq haldır. Keçmiş qərarlar hər cür dəyişikliyə, konsensuslar isə yeniliyə açıq olmalıdır.
Vikipediya ona görə vikipediyadır ki, o
- yeni insanlara və yeni istifadəçilərə açıqdır
- böyüdükcə ehtiyacları da çoxalmaqdadır
- çox zaman problemlərə daha uğurlu həll tapa bilir
Konsensus qurmaqda və dəyişikliklər yaratmaqda cəsur olmaq lazımdır. Lakin eyni zamanda da düzgün mühakimə vikiprosesin ayrılmaz atributu olmalıdır.
Konsensus o demək deyil ki, hamı nəticə ilə razıdır, əksinə konsensus o deməkdir ki, hamı nəticəyə tabe olmağa razıdır. Ona görə də konsensus adətən kövrək olur. Lakin bu da o demək deyil ki, hər kəs konsensusu dəyişməyə və ya ləğv etməyə həmişə hazır olmalıdır. Konsensusu dəyişmək istərkən heç də tərəfdarların sayına və gücünə deyil, arqumentlərin sayına və gücünə arxalanmaq lazımdır. Ona görə də ən münasib konsensus üçün hamı ciddi-cəhd ilə çalışmalıdır.
Konsensus müzakirə və danışıqlar səhifələrinin intensiv istifadəsini alqışlayır və tələb edir. Ona görə də məsləhətdir ki, redaktə etməzdən qabaq hər kəs müvafiq müzakirə səhifəsini yoxlasın. Bəlkə sizi maraqlandıran məsələ barədə artıq orada müzakirə gedir? Yaxşı istifadəçi həm kiçik redaktə icmalından, həm də geniş danışıq səhifələrindən səmərəli və rasional istifadə etməyi bacarmalıdır. Yalnız bu yollarla həqiqi konsensusa nail olmaq olar.
Adətən anlaşılmazlıqlar redaktələrin arxasındakı səbəbləri bilməməkdən qaynaqlanır. Ona görə də məsləhətdir ki, hər kəs redaktə etməmişdən öncə redaktəsinin səbəbini də qeyd etsin. Yalnız bu halda anlaşılmazlıqdan qaynaqlanan konfliktləri aradan qaldırmaq olar.