Xezer Herbi Donanmasi - Wikipedia
Xəzər Hərbi Donanması — Rusiya hərbi-dəniz donanmasının Xəzər dənizindəki hissəsi.
Yaradılması
redaktəI Pyotrun fərmanı ilə 1722-ci ildə yaradılmışdı. 1867-ci ildən əsas bazası Bakı idi. 1917-ci ildə 1,2 min şəxsi heyətdən, 2 kanoner (dənizin sahilyanı bölgələrində döyüş əməliyyatı aparan artilleriya qayığı), 2 xidmət gəmisi, bir neçə nəqliyyyat gəmisindən və katerdon, dəniz aviasiyası məktəbi və sahil xidmətindən ibarət idi. Fevral inqilabından (1917) sonra, martın 4-5 (17-18)-də matros və zabit komitələrinə, Bakı Sovetinə seçkilər keçirilmiş, donanma komandanı devrilmişdi. Xəzər hərbi donanmasında hakimiyyət gəmi komitəsinə keçmişdi. Matroslar martın 8 (21)-də əsgər deputatları sovetinə daxil olmuşdu. O martın 29-da (aprelin 10-da) Bakı qarnizonu hərbi deputatlar sovetində zabitlər soveti ilə birləşmişdi. Mayın 10-da (23-də) isə hərbi deputatlar soveti fəhlə deputatları soveti ilə birləşmişdi. Xəzər hərbi donanmasında rəhbərlik "Sentrokaspi"nin əlinə keçmişdi. Xəzər hərbi donanmasında bolşeviklər az idi, lakin Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası Bakı Komitəsi burada iş aparırdı. Komitə Oktyabr çevrilişindən (1917) sonra, oktyabrın 27-də (noyabrın 9-da) hakimiyyətin sovetlərə keçməsini tələb etmişdi. Xəzər hərbi donanmasının noyabrın 6 (19)-da keçirilən birinci qurultayı hakimiyyətin Bakı Sovetinə verilməsini təklif etmişdi. 1918-ci ilin yanvar-iyulunda P.M.Pendyurin, iyul-avqustunda V.F.Poluxin donanma komissarı olmuşdu. 1918-ci ilin yazında donanmada matrosların xeyli hissəsi tərxis edilmiş, antisovet əhvali-ruhiyyə güclənmişdi. Lakin Ş.Şaumyan başda olmaqla, Bakı Soveti gəmi komitələrinin tərkibini sovet hakimiyyəti tərəfdarları hesabına yeniləşdirmişdi.[1]
Mart soyqırımı
redaktəXəzər hərbi donanmasının matrosları 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımında Qırmızı qvardiya hissələri ilə birgə iştirak etmiş, İsmailiyyə binası donanmanın gəmilərindən artilleriya atəşinə tutulmuşdu. Bakı Soveti aprelin əvvəlində "Sentrokaspi"nin eser rəhbərliyini uzaqlaşdırmağa nail olmuşdu. Bakı Xalq Komissarları Sovetinin süqutundan (1918, 31 iyul) sonra Xəzər hərbi donanmasının gəmilərini "Sentrokaspi diktaturası" və Bakıya gəlmiş ingilislər ələ keçirmişdi. Bakı azad olunduqdan sonra Xəzər hərbi donanması Azərbaycan Xalq Cümhuriyyətinə tabe edilmişdi. Çingiz İldırım başda olmaqla, bolşeviklər donanmada milli Hökumət əleyhinə iş aparmışlar. Donanma Azərbaycanda sovet hakimiyyətinin qurulmasında iştirak etmiş, 1920-ci il aprelin 27-də Bakı reydinə daxil olaraq, Hökumət və Parlament binalarını nişana almışdı. H.Sultanovun hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında ultimatumu ilə yanaşı, Ç.İldırım da Parlamentə ultimatum göndərmişdi. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Ç.İldırım hərbi dəniz işləri komissarı təyin olunmuşdu.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Katibli M., Çingiz Ġldırım, B., 1964;
- Военные моряки в борьбе за власть Советов в Азербаиджане и Прикаспии. Сборник дакументов, Б., 1971.
İstinad
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2005, səh. 21-22