Xanim Ismayilqizi - Wikipedia
Xanım İsmayılqızı (tam adı Qarayeva Xanım İsmayıl qızı; 10 aprel 1956, Bakı) — şairə, bəstəkar. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).
Xanım İsmayılqızı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | İsmayıl Qarayev |
Fəaliyyəti | şair, bəstəkar, tərcüməçi |
Həyatı
redaktəXanım İsmayılqızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Atası İsmayıl Qarayev Goranboylu, anası Pərizad Tağıyeva Xızılıdır. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1979). "Gənclik" Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972–1984) işləmişdir. Efiopiyada yaşaması ilə bağlı nəşriyyat işindən ayrılmış, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıtmışdır. ADU-nun nəşriyyatında şöbə müdiri (1987–1989), Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini (1989–1995), "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995–1998), direktor, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində (2014–2016) işləmişdir. Hal-hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzivəsində işləyir.
Yaradıcılığı
redaktəXanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri "Yol" qəzetində dərc olunmuşdur (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də "Dünyam qəfil işıqlansa" adlı müəllif verilişi ilə çıxış etmişdir (1992–1993).
"Kimlər keçir bu dünyadan" ilk nəşr olunan publisistik kitabıdır (1996). Vasili Şukşinin "İlan zəhəri" adlı hekayələr toplusunu, "İssumbosi" yapon nağıllarını tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən "Ruhun da gözü var" adlı fəlsəfi-publisistik kitabı (1997) çap olunub. "Bir məndim, bir də özüm" (1997), "Ağ və qara" (2006), "Dua yağışı" (2014), "Səni göyə bağışladım" (2020), "Adı olmayan fəsil" (2021), "İlahi, yerimi demə" (2022) şeir toplularının müəllifidir. Şeirləri rus, belarus, özbək, fars, polyak, türk, holland dillərinə tərcümə edilmiş, xarici mətbuatda dərc olunmuş, antalogiyalara daxil edilmişdir.
Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir. F.Sücəddinovun onun sözlərinə yazdığı "Harda qaldın" ( Kaman) mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi "Sevgimizi qoruyaq" mahnısıdır (1993). Efirdə ilk səslənən manhısı da məhz "Sevgimizi qoruyaq"dır (1994). Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 400-dən çox mahnının müəllifidir. Nəsimi, Mikayıl Müşfiq, Məmməd Araz, Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Davud Aslan, Paşa Qəlbinur, Rəşad Məcid, Tamara Vəliyeva, Elçin Mirzəbəyli, Elman Tovuz, Leyla Əliyeva və b. şairlərin şeirlərinə musiqi bəstələmişdir. 500-dən çox şerinə Polad Bülbüloğlu, Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov, Səyavuş Kərimi, Aygün Səmədzadə, Nailə Mirməmmədli, Novruz Aslan, Elçin İmanov, Məryəm Əlibəyli, Sevda Məmmədli, Aytən İsmixanova, Cabbar Musayev, Vüqar Camalzadə, İsa Məlikov, Nazim Əhməd, Sevinc Tofiqqızı, Gülnar Əlfiqızı və b. bəstəkarlar musiqi bəstələmişdir. Mahnıları İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Ağadadaş Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Nəzakət Teymurova, Səməd Səmədov, Zöhrə Abdullayeva, Gülyanaq və Gülyaz Məmmədovalar, Elçin Cəlilov, Sənubər İsgəndərli, Hacıbaba Bağırov, Cavan Zeynallı, Rəşad İlyasov, Könül Kərimova, Aygün Kazımova, Tünzalə Ağayeva, İradə İbrahimova, Röya, Elnarə Xəlilova, Samir Piriyev, Mətanət Əsədova, Zakir Əliyev, Teyyub Aslan, XAN qrupu, Ayan Babakişiyeva, Cahangir Qurbanov, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Şəhla Həmidova və b. müğənnilər tərəfindən ifa olunmuşdur. 1999-cu ildə "Respublika" Sarayında, 2001-ci ildə Sumqayıtın "Kimyaçılar" Sarayında yaradıcılıq gecələri keçirilmişdir. Qocalar, Əlillər, Yetimlər evində xeyriyyə gecələri keçirmişdir. Həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olmuşdur.
Xanım İsmayılqızı 2003-cü ildə "Planet dostları" adlı layihədə, Amerika bəstəkarı və söz yazarı Stan Slauqhter ilə birgə "Doğma diyar" adlı vətənpərvər mahnılardan ibarət albomun müəllifi olub. Bu alboma daxil olan 12 mahnıdan 7-sinin həm söz, həm də musiqi yazarı — Xanım İsmayılqızı, 5-nin həm söz, həm musiqi yazarı — Stan Slauqhter olub. Bu albom həm Amerikada, həm də Azərbaycanda yayımlanıb. Bu layihədən məqsəd Azərbaycanla Amerika arasında mədəni dostluq, musiqinin, sözün dili ilə ölkələri bir-birinə yaxınlaşdırmaq və əlaqələr yaratmaq idi. Bütün mahnılar uşaq xoru, gənc solistlər tərəfindən ifa olunub.
"Dünya quraq", "Unut məni", "Gözlər", "Qəm qalası" , "Doğma diyar", "Mənim ağ göyərçinim" və s. musiqi albomlarının müəllifidir.
Yazıçı İsmayıl Qarayevin qızıdır.
Ailəsi
redaktəAiləlidir.
Həyat yoldaşı - Əlisəfa Əliyev.
Qızı — Fidan Əliyeva.
Oğlu Fərid Əliyev qəflətən ürək tutmasından dünyasını dəyişmişdir (04.07.2014).[1]
Əsərləri
redaktə- "Kimlər keçir bu dünyadan" (publisistika). Bakı. "Bayatı" nəşriyyatı, 1996.
- "Mən Tanrının quluyam" (publisistika). Bakı. "Bayatı" nəşriyyatı, 1997.
- "Ruhun da gözü var" (publisistika). Bakı. "Bayatı" nəşriyyatı, 1998.
- "Bir məndim, bir də özüm" (şeirlər). Bakı. "Bayatı" nəşriyyatı, 1997.
- "Ağ və qara". (şeirlər) Bakı: "Çinar-Çap" nəşriyyatı, 2006.
- "Dua yağışı". (şeirlər) Bakı: 2014.
- "Səni göyə bağışladım" (şeirlər) Bakı: "Mücrü" nəşriyyatı. 2020.
- V.Şukşin "İlan zəhəri" hekayələr toplusu (tərcümə) "Azərbaycan Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi". 1996.
- Yapon nağılları "İssumbosi" (tərcümə) "Azərbaycan Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi". 1995.
- "Adı olmayan fəsil" (şeirlər, nəğmələr, müsahibələr, məqalələr) Bakı: "Təhsil" nəşriyyatı. 2021.
- "İlahi, yerimi demə" (şeirlər) İran. Binab şəhəri. "Parlaq Qələm" nəşriyyatı, 2022.
- "Do və başlanır hər şey" (şeirlər) Bakı: "Təhsil" nəşriyyatı. 2024.
Ədəbiyyat
redaktə- İsmayılqızı Vəsimə. Goranboy. Ensiklopedik toplu. Bakı: 2000, səh. 349–350.
- XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: 2004, səh. 402–403.
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ "Xanım İsmayılqızının oğlu dünyasını dəyişdi" (az.). qafqazinfo.az. 05.07.14. 2014-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
- ↑ ""İmarət" ilə yekun vurdu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.