Xanegahlar - Wikipedia
Xanəgahlar — mərasim və ayinlərə ciddi riayət edilən dni tikililər.
Xanəgahlar haqqında ümumi məlumat
redaktəXanəgah tipli dini tikililərin meydana gəlməsi müsəlman Şərqində sufilik təliminin yayılması ilə bağlı olmuşdur. Xanəgah dini-mənəvi həyat mərkəzi olmaqla İslam dininin mənəvi aspektlərinə, mərasim və ayinlərə ciddi riayət olunduğu məkan idi. Sufilərin bir qismi həmişə xanəgahda yaşayırdı, bəziləri isə sufi ideyalarını təbliğ etmək məqsədilə ölkədən-ölkəyə, şəhərdən-şəhərə, obadan-obaya gedir, müvəqqəti yaşayış üçün özlərinə xanəgahlarda sığınacaq tapırdılar. Sufilərin bir qismi həmişə xanəgahda yaşayırdı, bəziləri isə sufilik ideyalarını təbliğ etmək məqsədilə ölkədən-ölkəyə, şəhərdən-şəhərə, obadan-obaya gedir, müvəqqəti yaşayış üçün özlərinə xanəgahlarda sığınacaq tapırdılar. Xanəgahlarda tədris işləri aparılır, ilahiyyatçıların diskussiyası olur, görüşlər keçirilir, elmi mülahizələr dinlənilirdi.
Xanəgahlar əsasən karvan yolları üzərində inşa edilirdi. Onlar ölkənin iqtisadi-siyasi, mədəni-ideoloji əlaqələrində mühüm rol oynayırdılar. Xanəgahların səciyyəvi cəhətlərindən biri müdafiə əhəmiyyətli möhkəm divarlarla əhatə olunması, möhtəşəm, baştağlı giriş qapısının mövcudluğundadır. Xanəgahların kompozisiyası onların fəaliyyəti ilə müəyyənləşmiş və dini mərasimlərin tələblərindən irəli gələn binaların kompleksindən ibarət olmuşdur.
Kompleksə yaşayış üçün istifadə edilən hücrələr, ibadətlə bağlı tikililər (məscid, minarə), ayinlərin icrası üçün tikililər (zikrxana, sovməə), ümumi toplantı üçün salon (camaatxana), təsərrüfat təyinatlı yardımçı tikililər və s. daxil idi. Bəzən xanəgahda qeyd olunan elementlərdən bu və ya digəri olmaya da bilərdi.
Azərbaycanda xanəgahlar
redaktəAzərbaycanda sufi təlimləri erkən çağlardan yayılmış, burada Suhravərdiyə, Səfəviyyə, Qələndəriyyə, Qədiriyyə, Xəlvətiyyə və digər sufi ordenləri fəaliyyət göstərirdi. Ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi Xoy və Ərdəbildə sufi məclislərində iştirak etdiyini bildirirdi. "Tarix əl-Bab"dan isə məlum olur ki, Dərbənddə sufi məclislərində şəhər sakinlərinin müxtəlif zümrələrinin nümayəndələri iştirak edirdilər. Nişapurda sufi cəmiyyətinə başçılıq edən Şeyx Əbu Səid Əbül Xeyrin təlimini yayan müridlərin Şirvanda 400-dən artıq xanəgahı olmuşdur. Pirsaatçayı sahilində, Şamaxıdan İrana gedən karvan yolunun üzərində inşa olunmuş Şirvan şeyxi Pir Hüseyn xanəgahı da həmin xanəgahlardandır.
Xanəgah tipli dini abidələri səciyyələndirmək baxımından Pirsaatçay sahilindəki Pir Hüseyn xanəgahı mühüm əhəmiyyət kəsb edir. Xanəgah bir neçə bitişik tikililərdən, o cümlədən, Pir Hüseynin müqəddəs məzarı olan türbədən, məsciddən, minarədən və bir neçə digər kiçik otaqlardan ibarətdir. Ətrafına müdafiə divarları çəkilmişdir. Divarlardan xaricdə daşdan tağ örtüklü karvansara yerləşir. Görünür, xanəgah kompleksi Şeyx Pir Hüseynin türbəsi ətrafında bir neçə əsr ərzində yaranmışdır. Türbə ilə məscid arasında kiçik bir keçid var. Düzbucaqlı plan quruluşlu məscid çatma tağbəndlə örtülmüş uzunsov ibadət salonuna malikdir. Memarlıq xüsusiyyətləri məscidin XI–XII əsrin qovşağında tikildiyini söyləməyə əsas verir. Türbəyə bitişik olduğundan məscidin ibadət salonu həm də ziyarətxana funksiyasını daşımışdır. XIII əsrin ortalarında xanəgahda geniş bərpa və quruculuq işləri aparılmışdır. Məscidin mehrabının zəngin bədii yapma gəc naxışla tərtibatı, eləcə də türbənin kaşı bəzəyi də həmin dövrə aiddir. Bu quruculuq işləri sırasında kompleksin mühüm tikililərindən biri sayılan minarənin inşasını xüsusi qeyd etmək lazımdır.
Şirvanda xanəgah tipli başqa bir dini abidə Şamaxıdan 17 km cənubda hazırkı Göylər kəndində aşkara çıxarılmışdır. Vaxtilə Şamaxı-Ərdəbil karvan yolunun üstündə yerləşən bu abidə həm ticarət, həm də ziyarət əhəmiyyəti daşımışdır. Xalq arasında "Pir Mərdəkan xanəgahı" adı ilə tanınan xanəgah kompleksinin yalnız türbə binası dövrümüzə qədər salamat qalmışdır. Onun ətrafında isə məscid, hücrələr, karvansara və digər tikililərin qalıqları aşkarlanmışdır. Yaxşı yonulmuş daşdan dördkünc plan üzrə inşa olunmuş türbə]] şiş çadırvari günbəzlə tamamlanır. Türbənin içərisindəki məzar üzərindəki başdaşında kufi elementli süls xətti ilə həkk olunmuş kitabədə bildirilir ki, qəbir Şeyx, imam, ən böyük alim, mömin Tair Tac əl-Hüda Mərdakani ibn Əlinindir. Mütəxəssislər Tac əl-Hüdanın "mömin", "şeyx" titullarına və "imam" vəzifəsinə görə onun xanəgahın imamı olduğunu bildirirlər. Xanəgahın bina olunması isə, görünür, XII əsrin sonu — XIII əsrin əvvəllərinə aiddir.
Naxçıvan Muxtar Respublikası ərazisində bir neçə xanəgah tipli abidə zəmanəmizə qədər qalmışdır. Çox təəssüf ki, başqa xanəgahlar kimi bunlarda da arxeoloji qazıntı işləri aparılmamışdır. Bunlardan biri Əlincəçayın kənarında Xanəgah kəndindəki Əlincəçay xanəgahıdır. Onun şeyxi Xorasanda Qələndəri sufi cəmiyyətinin əsasını qoymuş Əbu Səid Əbül Xeyrin müridi Əbu Ömər Naxçıvani olmuşdur. Kompleks tikililərdən — məscid, türbə və s. ibarətdir. Bu xanəgahın XI–XII əsrlərdə tikildiyi ehtimal olunur. Türbənin günbəzi dağıldığından onun quruluşu haqqında fikir söyləmək çətindir. Xanəgahın giriş qapısının hər iki tərəfi gəcdən oyma və qabarıq naxışlar və dini məzmunlu kitabələrlə bəzədilmişdir. Türbənin giriş tağının memarlıq elementləri Mömünə xatun türbəsindəkinə oxşayır. Onun inşasında kərpiclə yanaşı, firuzəyi kaşıdan da geniş istifadə olunmuşdur. Kompleksə daxil olan məscid sonrakı dövrlərdə (XV əsrdə) tikilmişdir.
Mənbə
redaktə- M. Nemətova. "Azərbaycan pirləri". Bakı: 1992,
- Стародуб Т. Х. Средневековая архитектура связанная с суфизмом — ханака, завия, такия. // Суфизм в контексте мусульманской культуры. Москва, 1989
- Azərbaycan tarixi. Yeddi cilddə. II c, Bakı, 1998
- Mustafayev A. N. Şirvanın maddi mədəniyyəti. Bakı.1977.
- Seyidov A. Q., Baxşəliyev V. B., Novruzlu Ə. İ., Babayev V. M. Naxçıvanın və Babək bölgəsinin arxeoloji abidələri. Bakı, 1995.
- Azərbaycan arxeologiyası. Orta əsrlər. Altı cilddə. Vı cild. Bakı, 2008.
- Амензаде Р.Б. Ханегах-культовые комплексы средневековья. Архитектура и градостроительство. Баку, 2000.
- Амензаде Р.Б. К проблеме типологии монументальных сооружений средневекового Азербайджана. Şərqin aktual problemləri, tarix və müasirlik, Bakı, 2001.
- Минорский В.Ф. История Ширвана и Дербента Х-Х1 вв. Москва, 1963.
- Джидди Г.А. Результаты археологического исследования 1979 г. в средневековой Шемахе. // АЭИА (1979 г.). Баку, 1984.
- Джидди Г.А. Раскопки средневековой Шемахи. //АО 1980 года. Москва, 1981.
- Джидди Г.А. Средневековый город Шемаха (IХ-ХVII вв). Баку, 1981.
- Джидди Г.А. О результатах археологических исследований 1976 г. в Средневековой Шемахе и ее окрестностях. // АЭИА (1976 г.). Баку, 1979.
- С. М. Ваидов – Хаега на реке Алинджа-чай, в. кн. Архитектура Азербайджана. Эпоха Низами, Москва–Баку,1947
- K. M. Məmmədzadə – Azərbaycanda inşaat texnikası, Bakı, Elm, 1978,