Xanzade Sultan Sarayi - Wikipedia
Xanzadə Sultan sarayı (türk. Hanzâde Sultan Sarayı) — İstanbulun Üsküdar ilçəsində yerləşən XVII əsrə aid tarixi saray.[1]
Sarayın inşa tarixi və memarlıq xüsusiyyətləri bəlli deyil. Üsküdarda teləşən bu saray, Sultan Əhmədin qızlarından və 1623-cü ilin sentyabrında vəzir Bayram Paşa ilə evləndirilən Xanzadə Sultan üçün təsis edilmişdir. Paşanın 1638-ci ildə vəfatının ardından dul qalan Xanzadə Sultan 1643-cü ildə evləndiyi Nəqqaş Mustafa Paşa ilə də bu sarayda yaşadı. Ancaq 1650-ci ildə Xanzadə Sultanın, 1653-cü ildə isə Mustafa Paşanın vəfatı ilə saray boş qaldı.
Uzun illər istifadə edilməyən sarayın növbəti və son sahibi isə 1670-ci illərdə vəzirliyə yüksələn Qara İbrahim Paşa oldu. 2 illik sədarətin ardından 1685-ci ilin dekabrında vəzifədən alınan İbrahim Paşa, gizlicə əsgər toplamaq və xəzinədən gəlir gizlətmək bəhanəsiylə 2 ay sonra Rodosa sürgün edildi. Əldə qalan mal-mülküylə birlikdə Üsküdardakı sarayı da müsadirə edildi və saray yenidən dövlət mülkünə çevrildi.
Tarixi mənbələrdə saray haqqındakı son məlumat isə son sahibi İbrahim Paşa ilə bağlıdır. Belə ki, vəzifədən alındıqdan sonra sürgün ediləcəyindən qorxan İbrahim Paşa 40 min qızılı küplərə dolduraraq sarayın hərəm bölümünün divar dibinə basdırdı. Paşanın sürgünü və edamından illər sonra paşanın xəzinədarı İbrahim ağa və xidmətçilərindən Mustafa ağa bu xəzinənin yerini axtarmaq məqsədilə sarayda qazıntı işləri aparır. Ancaq saray mühafizəçiləri olan bostançılar tərəfindən sədrəzəm Almas Mehmed Paşaya xəbər verilir. Hər iki xidmətçi həbs olunur və İbrahim Paşanın gizlədilən qızılları dövlət xəzinəsinə müsadirə edilir.
1696-cı ilin martında baş tutan bu hadisədən sonra sarayla bağlı heç bir məlumat yoxdur. Hansı tarixdə dağıldığı bilinməyən saray günümüzə qədər gəlib çatmamışdır.
İstinadlar
redaktə- ↑ Mehmet Haskan, Yüzyıllar Boyunca Üsküdar Cilt 3, Üsküdar Belediyesi İstanbul, 2001
Mənbə
redaktə- Ahmet Karabacak, Evliya Çelebi Seyahatnamesine göre İstanbul'daki Saraylar, TC Sakarya Üniversitesi Sakarya, 2016
- Evliya Çelebi, Günümz Türkçesiyle Evliya Çelebi Seyahatnamesi: İstanbul, Seyid Ali Kahraman, 1. Kitap, Yapı Kredi yayınları, 8. Baskı, İstanbul 2014