Xeyirxahliq - Wikipedia
Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi diqqəti daha çox cəlb edir. "Yeddi gözəl" poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.
Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir, lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
İnsanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Xeyirxahlıq İnsani keyfiyyətlərdən biridir.
Xeyirxahlığın insanlığa təsiri
redaktəHəyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah (c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir.
İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır? Kimlərsə: – "Nə üçün bu bölgüdə hamıya eyni pay düşmür?" – deyə düşünə bilər. Bu sualın cavabını çox vaxt belə verirlər: "Ruzi məsələsində Allah birini digərindən üstün qılmışdır". Bəzən insanlar səbrsiz, yaxud Allaha inamları zəif olduğundan, Allahın sifətlərini yaxşı bilmədiklərindən bu cür düşünə bilirlər, halbuki həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir. Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir.
Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi.
Doğrudan da əgər hər kəs ona verilən şeyin üstündə əssə, kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olarmı? Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?
Uca Yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: "…bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun."
Uca Peyğəmbərimiz HZ. Məhəmməd (s.a.v) çox sevdiyi HZ. Əli belə deyərdi: "Bir mömin qardaşımızın ehtiyacını ödəmək bizim üçün dünya dolusu qızıl və gümüşə sahib olmaqdan daha dəyərlidir".
Bir gün HZ. Əlinin oğlanları xəstələnmişdilər. O, uşaqları sağalınca üç gün oruc tutmağa niyyət etmişdi. Onlar sağalan kimi HZ. Əli və HZ. Fatimə anamız verdikləri sözə əməl etdilər.
İftar vaxtı çatanda bir yoxsul qapını döyüb yardım istədi. HZ. Əli ağzına bir tikə qoymadan yeməklərini ona verdi. İkinci axşam da, üçüncü axşam da eyni hadisə təkrar olundu. Üç gün iftarlarını yalnız su ilə açdılar. Bu fədakarlığa görə bu Ayə endi: "Onlar yeməyə iştahaları olduğu halda yoxsulu, yetim və əsiri doydururlar. "Biz yalnız Allah bizdən razı qalsın deyə yediririk, sizdən də nə bir qarşılıq, nə də bir təşəkkür istəmirik."
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir.
Hamımız bilirik və danılmaz faktdır ki, uşaqlar evində gözü yollara dikilən neçə-neçə körpələrimiz var. Hətta normal həyat yaşamından məhrum olub, əlil kimi yaşamağa məhkum olunan uşaqlar da az deyil. Bu uşaqların həyatdan umduqları əslində maddi sevinc yox, mənəvi xoşbəxtlikdir. Gözlərində yaşanan sevincin işığı bunu anlamaq üçün kifayət edir. Bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrum biridirlər. Onlar da qaynayıb qarışmaq, cəmiyyətin atılmış, kiməsə lazım olmayan bir üzvi kimi yaşamaq acısından xilas olmaq istəyirlər, amma əlimizdə olan onların taleyini dəyişmək yox, onlara maddi və mənəvi dayaq durub, onların həyat eşqlərini sönməyə qoymamaqdır. Bəlkə də çoxları bunun fərqində belə deyillər, lakin insan vicdanının səsinə qulaq asıb, bir saaatlıq belə özünü həmin gözüyolda uşaqların yerində görə bilsə, demək onlar üçün yardım etməyi də düşünəcək. Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün.
Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar…
Gəlin bu sevinci yaşatmaq üçün yaşayaq!
Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı…
Gəlin xeyirxahlıq etmək üçün gecikməyək!
Azərbaycan xeyriyyəçiləri
redaktəİstinadlar
redaktəhttps://www.testbook.az/essay/show/163/insalar-xeyirxahliq-nedir https://www.hurriyet.com.tr/