Yaponiya Isgaldan Sonra - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı.
"Təhlükəsizlik müqavilələri"
İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır. ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı.
1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı. Müqavilə regionda təhlükəsizliyin təminatçısı kimi ABŞ-yə bir sıra hüquqlar verirdi. Belə ki, o, müqavilənin şərtlərinə görə Yaponiyada quru, hərbi-hava və hərbi-dəniz qüvvələri yerləşdirmək və hərbi bazalar yaratmaq hüququnu saxlayırdı. Müqavilədə nəzərdə tutulurdu ki, Yaponiya da "fövqəladə hallarda" Uzaq Şərq regionunda hərbi əməliyyatlarda iştirak edə bilər. Bundan bir bəhanə kimi istifadə edən Sovet İttifaqı bildirdi ki, iki Kuril adasının Yaponiyaya verilməsi yalnız bütün xarici qoşunların ölkədən çıxarılmasından sonra mümkün ola bilər. Qeyd etmək istərdik ki, ölkədəki bir sıra solçu qüvvələr də ABŞ-Yaponiya müqaviləsinin təzələnməsindən hakim kursa qarşı çıxmaq məqsədləri üçün istifadə etməyə cəhd göstərdilər ki, onların da önündə Sosialist və Kommunist partiyaları gedirdi. Bütün bunlara baxmayaraq yapon-amerika əməkdaşlığı və yaxınlaşması daha da qüvvətlənirdi. 1971-ci ildə Yaponiya və ABŞ arasında Okinavaya dair bağlanmış saziş də məhz bunun nəticəsi idi. Sazişə görə Okinava ilə bağlı inzibati hüquqlar Yaponiyaya qaytarılırdı. "Təhlükəsizlik" müqaviləsinə görə Yaponiyada ABŞ-nin malik olduğu status Okinavaya da şamil edilirdi. Bir sıra xırda-para narazılıq aksiyalarına baxmayaraq saziş parlamentdə təsdiq olundu və 1972-ci il mayın 15-dən qüvvəyə mindi.
Artıq 1952-dən başlayaraq, baş nazir Yesida öz nitqində də dövlətin yeni məqsədinin yeni yapon ordusu yaratmaq olduğunu qeyd edirdi.1956-cı ildə Yaponiyada ABŞ-nin 675 hərbi obyekti yerləşirdi və məhsuldar torpaqları tutduğuna görə əhalinin həyatını çətinləşdirirdi.
1964-cü ildən hakimiyyətə gələn Sato Eusaka sələflərindən də fəal ölkənin müdafiə qüdrətini artırdı.1966-cı ildə Yaponiyanın silahlı qüvvələrinin sayı 247 minə çatırdı. Silah və hərbi sursat ixrac olunması fəallaşdı. Yaponiya hökuməti ABŞ-nin Vyetnamda olan təcavüzkar siyasətini də fəal şəkildə dəstəkləyirdi.
1997-ci ilin payızında ABŞ-nin və Yaponiyanın hərbi nazirləri və xarici işlər nazirlərini Vaşinqtonda yapon-amerikan "təhlükəsizlik müqaviləsi" əsasında hərbi əməkdaşlığın əsas istiqamətləri haqqında razılışma imzaladılar. Nəhayət, tərəflər 1997-ci ildə bu qənaətə gəldilər ki, Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinin təsir dairəsi Tayvan boğazınadək olan əraziləri də əhatə etsin.
Reyşauer- Kennedi xətti
redaktə"Təhlükəsizlik müqaviləsi" ətrafında baş verən siyasi mübarizədən təkcə Tokio deyil, Vaşinqton da dərs götürdü. Həm Yaponiya, həm də Amerika öz taktikasını dəyişməli idi. Yaponiyaya "yeni yanaşma" 1961-ci ildə öz postunu tutan ABŞ prezidenti C. Kennedinin adı ilə bağlıdır. Mart ayında o, tanınmış alim-yaponşünas Reyşaueri ABŞ-nin Yaponiyadakı səfiri təyin etdi. Buna görə də ABŞ-nin yeni taktikası "Kennedi-Reyşauer xətti" adlanır. Bu xətt əvvəlkilərdən fərqli olaraq, Yaponiyanın daxili siyasətinə daha ustalıqla yanaşma, xüsusilə də, sağreformist qüvvələrlə əlaqəni genişləndirmək nəzərdə tuturdu.
1961–1962-ci illərdə Yaponiya iqtisadiyyatında enmə baş verdi. Bu enmə ABŞ-la iqtisadi qarşıdurma zamanı baş verdi. Xüsusilə 1968-ci ildə ABŞ yapon parçalarının ixracını məhdudlaşdırmağı tələb edəndə. Iki dövlət arasında münasibət o qədər kəskinləşdi ki, onu "tekstil müharibəsi" adlandırdılar.
Iqtisadi enmə şəraitində yapon siyasi və iqtisadi dairələrinə getdikcə aydın oldu ki, xarici ticarətdə həddən artıq ABŞ-yə bağlı olmaq Yaponiya üçün ağır nəticələnə bilər. Tokio yeni ticarət tərəf müqavili axtarışına başladı. Bu vaxtı SSRİ və Yapon ticarət dövriyyəsi genişləndi. Yaponiyanın inkişaf tempi Uzaq Şərqdə Yaponiyanın istər iqtisadi, istərsə də siyasi qüdrətinin artmasında 1950–1953-cü illər Koreya müharibəsinin də çox böyük təsiri olmuşdur. Müharibə başlayanda amerkanlılar "əks kurs" siyasəti apardılar. Amerika yapon iqtisadiyyatını möhkəmləndirmək siyasətinə keçdilər. Müharibə dövründə silah və hərbi ləvazimatların istehsalı, hərbi texnikanın daşınınması, ona xüsusi xidmət göstərilməsi və ərzaqa ehtiyacın artması nəticəsində ölkə ABŞ-dən 2,5 mld dollar məbləğində sifariş aldı. Sifarişlərin yerinə yetirilməsi Yaponiyanın dövlət xəzinəsinə 1950-ci ilə qədərki dövr ərzində 1,6 mld dollardan çox gəlir gətirdi.
Digər faktorlardan biri həmin dövr üçün kifayət qədər yüksək əmək məhsuldarlığının olmasına baxmayaraq, əmək haqqı aşağı idi. 1960-cı illərdə Yaponiya başqa inkişaf etmiş ölkələri iqtisadi inkişaf tempinə görə qabaqlayırdı.
Bəs bu sürətli iqtisadi yüksəlişin təməlində nə dayanırdı? Bu baxımdan aşağıdakı bir sıra xarici və daxili amilləri sadalamaq olar. Birincisi, Yaponiyanın xaricdən yüksək texnologiya idxal etməsidir. İkincisi, daxili amillərdən əsas kapitalın kütləvi yeniləşdirilməsi, torpaq islahatı nəticəsində daxili bazarın genişlənməsi və s.
Bütün bunlar imkan verdi ki, 60-cı illərin ortalarında Yaponiya sənaye məhsulları istehsalının həcminə görə nəinki İngiltərə, İtaliya, Fransa və AFR kimi ölkələrə çatdı, həm də onları ötüb keçdi və kapitalist dünyasında ABŞ-dən sonra ikinci yerə çıxdı. Əvvəllər ABŞ-dən istehsal vasitələri idxalı səbəbindən xarici ticarətdəki mənfi saldo ixracın idxal üzərində üstünlüyü ilə əvəz olundu. Qiymətinin aşağı, keyfiyyətinin isə yüksək olması sayəsində yapon mallarının rəqabət qabiliyyəti artır, bu da öz növbəsində kapital idxalının çoxalmasına gətirirdi.
Yaponiyanın iqtisadiyyatından danışarkən aşağıdakı üç cəhəti xüsusilə qeyd etmək lazımdır. Belə ki, bunlar həm iqtisadi inkişafın göstəriciləri, həm də amilləridir :
1) iri şirkətlərin çoxsahəli struktura malik olması imkan verirdi ki, müəssisənin kapital, xammal və işçi qüvvəsi ehtiyatlarından xarici bazarın dəyişən tələbatına uyğun istifadə edilsin. Məsələn, aparıcı sənaye sahələrindən birisi olan gəmiqayırma sahəsində 1957-ci ildə böhran təzahürləri hiss olunan kimi həmin şirkətlər maşınqayırma, kimya sənayesi avadanlıqları, turbinlər və s. məhsullar istehsal etməyə başladılar. Ehtiyac yaranan kimi isə istehsal öz təyinatına yönəldildi. Beləliklə də gəmiqayırma şirkətlərinin fəaliyyətində nəinki boş dayanmalar oldu, heç istehsalın səviyyəsinin aşağı düşməsinə yol verilmədi.
2) Yaponiyada elmi-texniki fəaliyyət 60-cı illərin əvvəlinə qədər əsasən "başqalarının ideyasını rəqabətə dözümlü mala çevirmək!" prinsipinə əsaslanırdı. Lakin bu fəaliyyətin özü nəticə etibarilə ölkədə müstəqil elmi-texniki tədqiqatların aparılması üçün baza yaratmış oldu. Ən müasir texnika ilə təchiz olunmuş kompleks-avtomatlaşdırılmış istehsalın qurulması və onun mərkəzləşdirilməsi, bir istehsalın tullantılarından başqa bir istehsal dövriyyəsinin başlanması üçün xammal kimi istifadə olunması, başqa sözlə, tullantısız istehsal üzrə sənaye komplekslərinin yaradılması \neftayırma -sintetik maddələr, qara metallurgiya-kimya, kimya-tikinti materialları, meşə məhsulları emalı-kimya və s.\ Yaponiyada elmi-texniki tərəqqinin misilsiz inkişafının nəticəsi kimi qiymətləndirilməlidir.
70–80-ci illərdə patentlər və lisenziyalar alınması arxa plana keçdi, daha çox elmi və texniki araşdırmaların maliyyələşdirilməsinə üstünlük verildi. Dövlət bu sahəyə qoyulan məsrəflərin 35%-ni öz üzərinə götürmüşdü. Elmi-texniki tərəqqi sahəsində böyük nailiyyətlər qazanıldı. Bunun da əsasında yaponların yüksək bilik səviyyəsi dayanırdı. 80-ci illərin ortalarında Yaponiya əhalisinin 93%-nin tam orta təhsili, 25 yaşına çatmış gənclərin isə 40%-nin ali təhsili var idi. \Bu rəqəm ABŞ-də 20% idi\.(1)
80-ci illərdə Yaponiya dinamik inkişaf edən ölkə olaraq qalır və ABŞ, Avropa İqtisadi Birliyi ilə yanaşı müasir dünyanın üç güc mərkəzindən biri sayılırdı. O qızıl və valyuta ehtiyatlarına görə birinci yei tutur. Adambaşına düşən gəlir bir ildə 18 min dollara çatırdı. ABŞ-də bu rəqəm 15.5 min dollara bərabərdir.(3)
1988-ci ildə dünyadakı ən iri 12 bankdan 10-u Yaponiyaya məxsus idi. Yaponiya sənaye istehsalının həcminə görə dünyada ikinci yeri tutur, xarici ticarətin həcminə görə isə üçüncü yerdədir. Hazırda "ağır, iri, uzun və böyük" məhsullar istehsalı "yüngül, zərif, qısa və kiçik" məhsullar istehsalı ilə əvəz olunmaqdadır. Başqa sözlə, sənayeləşmiş cəmiyyətdən məlumatlaşdırılmış cəmiyyətə keçilməkdədir. Bu cəmiyyətdə bilik əsas dəyərə çevrilir.
Yaponiyanın Cənubi Koreya, Cənubi-Şərqi Asiya ölkələri ilə münasibətləri Qısa zaman ərzində Yaponiya nəinki regionun, eləcə də dünyanın \ABŞ-dən sonra\ güclü iqtisadi potensialı olan qüdrətli dövlətinə çevrildi. Bu qüdrət Yaponiyaya imkan verdi ki, regionda öz əvvəlki nüfuzunu və hegemonluğunu bərpa edə bilsin. Əgər indiyə qədər bu nüfuz və hegemonluq silah gücünə və hərbi təcavüz yolu ilə edilmişdisə, indi, əgər belə demək mümkündürsə, iqtisadi müdaxilə yolu ilə, ticarət əlaqələrinin genişlənməsi yolu ilə edilirdi. Yeni bazarlar əldə etmək zərurəti Yaponiyanın qonşuları ilə münasibətlərinin tənzimlənməsi və normallaşmasını tələb edirdi. Odur ki, Yaponiya diplomatiyası bu dövrdə bütün fəaliyyətini qonşu dövlətlərlə olan problemlərin çözülməsinə yönəltmiş və bir sıra uğurlar qazanmışdır. Yaponiya və Cənubi Koreya arasında danışıqlar hələ 1952-ci ildə başlamışdı. Lakin bir sıra məsələlərə baxışda tərəflər arasında kəskin fikir ayrılığı var idi. Bu baxımdan Koreyanın Yaponiya tabeliyi dövründə\1910–1945-ci illər\ ona dəymiş zərərin ödənilməsi məsələsini qabartması daha çox mübahisə doğururdu. Tərəflər uzun müddət ortaq bir fikrə gələ bilmirdilər.
Nəhayət, 1965-ci ildə Tokioda Yaponiya və Cənubi Koreya dövlətləri arasında əsas münasibətlər haqqında müqavilə imzalandı. İki dövlət arasında münasibətlərin tənzimlənməsi Yaponiyanın xarici siyasətində çox böyük hadisə oldu. Çünki, məhz bu siyasi nailiyyət yapon kapitalının Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə ayaq açmasında mühüm addım oldu. Cənubi Koreya iqtisadiyyatının qapıları yapon kapitalı və mallarının üzünə açıldı.
Xarici siyasət sahəsində Yaponiyanın çox önəm verdiyi istiqamətlərdən biri də Cənub-Şərqi Asiya ölkələri ilə geniş əlaqələr şəbəkəsi yaratmaqdır. Bu da ondan irəli gəlir ki, bu ölkələr yapon malları üçün böyük satış bazarıdır, bu ölkələrin zəngin xammal imkanları var və onlar çox ucuz işçi qüvvəsinə malikdir.
Baş nazir İkeda yaponiya işğalından əziyyət çəkmiş ölkələrə təzminat ayırdı. Bu təzminatlar orada sənaye müəssisələrinin tikilməsi şəklində olurdu və Yaponiya kapitalına Asiya bazarlarında möhkəmlənməyə kömək edirdi. Ikeda müxtəlif növ dialoqlardan istifadə edərək, əks qüvvələr arasında sinfi qarşıdurmanın baş verməsinin qabağını aldı. Cəmiyyətin daxili stabilliyinə yönəlmiş bu taktika "beli bükük halda siyasət aparılması" adını aldı.
1977-ci ildən Filippinlər, Tayland, Malaziya, Sinqapur və İndoneziya kimi ASEAN ölkələri ilə əlaqələr yaratmağa və inkişaf etdirməyə xüsusi diqqət verilməyə başlanılmışdır. Məqsəd də ondan ibarət idi ki, bu ölkələrin vasitəsilə Cənub-Şərqi Asiyada Yaponiyanın sabit nüfuz zonası yaradılsın. Həm də bu zaman Yaponiya münasibətlərin inkişafına əngəl törədən bir vəziyyətlə qarşılaşmalı və tədricən onun aradan qaldırılması zorunda olmuşdur. Bu da yapon kapitalının həmin ölkələrdə özünə geniş yer tapmasının yerlərdə ciddi narahatlıq doğurması idi. Onunda kökündə II dünya müharibəsi dövründə həmin ölkələrdə Yaponiyaya qarşı yaranan inamsızlıq və ehtiyatlılıq ovqatı dayanırdı.
Xarici əlaqələri
redaktəYaponiya-SSRİ münasibətləri
redaktəSan-Fransisko sülh müqaviləsi ölkənin normal və sabit iqtisadi, siyasi və sosial təməllər yaradılması istiqamətində inkişafına yol açdı. Həqiqətən də həmin dövrdən etibarən həyatın bütün sahələrində çox ciddi tərəqqi baş vermişdir. Lakin xarici siyasət sahəsində, hələ də bir məsələ gərginlik mənbəyi olaraq qalırdı. Bu da Sovet İttifaqı ilə münasibətlərin tənzim edilməməsi idi. Stalinin ölümündən sonra Sovet rəhbərliyi dövlətin xarici siyasəti haqqında bir qədər realist düşünmək zorunda qaldı, ən azı buna cəhd göstərmək təsəvvürü yaratmağa can atırdı.
SSRİ ilə münasibətlərin yoluna qoyulması Yaponiyanın xarici siyasətdə reputasiyasını yaxşılaşdırdı. Və SSRİ Yaponiyanın BMT-yə daxil olmaq xahişinə dəstək verdi. 1956-cı ilin dekabrında BMT-nin Baş Məclisində bu məsələ öz müsbət həllini tapdı.
ABŞ-də Reyqanın hakimiyyətə gəlməsindən etibarən yapon-sovet münasibətləri hiss olunacaq dərəcədə korlanmağa başladı. Əgər əvvəllər Yaponiya ABŞ-nin Sovet İttifaqına qarşı yeritdiyi siyasətə açıq qoşulmaqdan çəkinirdisə, indi bu işə açıq və aşkar şəkildə gedilirdi. Bu barədə 1982-ci il 8 mayda baş nazir Sudzuki və ABŞ prezidenti Reyqan arasında gedən danışıqların yekunu haqqında imzalanmış bəyanatda da bir mənalı formada yazılmışdır.
Yaponiya da ABŞ kimi Sovet İttifaqına qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə başladı. Əvvəllər bağlanmış müqavilə və sazişlərin yerinə yetirilməsini ləngidir, bunun üçün ayrılacaq kreditlərin buraxılmasını dayandırırdı. "Sovet hərbi təhlükəsi" haqqında açıq danışılmağa başlanıldı. 1981-ci ilin yanvarında nazirlər kabineti hər il fevralın 7-nin "Şimal əraziləri günü" kimi qeyd edilməsinə qərar verdi. Sovet ittifaqının dağılmasına kimi bu siyasət davam etdirildi. 1990-cı ildən Yaponiya Sovet İttifaqına qarşı kursunu dəyişdi. Bu məsələdə M. S. Qorbaçovun hakimiyyətə gəlməsindən sonra SSRİ-nin daxili və xarici siyasətində demokratik təmayüllərin təzahür etməsi az rol oynamamışdır. Sovet İttifaqının süqutundan sonra Yaponiya yeni yaranan müstəqil dövlətlərə, ilk olaraq, Mərkəzi Asiya ölkələrinə pozitiv münasibət göstərmişdir. İlk olaraq həmin ölkələrə yardım üçün 40 mln dollar ayırdı.
Yaponiya artıq 1992-ci ilin yanvarında ərazi probleminin həllinin Russiya prezidenti B. N. Yeltsinlə həll olunacağına ümid bəslədiyini bildirirdi. Çünki həmin ilin sentyabr ayında Rusiya prezidentinin Yaponiyaya səfəri planlaşdırılmışdı. , 1993-cü il oktyabrında RF prezidenti B. N. Yeltsinin Yaponiyaya rəsmi səfəri baş tutdu. Lakin yenə də ərazi ilə bağlı problemlər həll edilmədi. Yeltsen təklif etdi ki, sülh müqaviləsi deyil,(yəni belə çıxırdı ki, 50 il idi onlar arasında müharibə gedirdi) Rusiya və Yaponiya arasında sülh və əməkdaşlıq və dostluq haqqında müqavilə imzalansın.(2) 1997-ci ilin ortalarından iki dövlət arasında mövcud problemlərin tənzimlənməsi sahəsində aşağıdakı fikirlər irəli atılmışdır. Yaponiya tərəfi elan etmişdir ki, ərazi məsələsi hələlik dondurulur. Rusiya dövlət başçısı isə ölkəsinin 2000-ci ilədək sülh müqaviləsini imzalamağa hazır olduğunu söyləmişdir. Bundan sonra tərəflərin yenidən yaxınlaşdığını görürük: Saxalin neftinə 100 mln dollar məbləğində investisiya qoyulur, yapon şirkətləri Rusiyada 2,2 mld dollar dəyərində 39 layihəni maliyyələşdirməyə razılıq verdilər.
Yapon-Çin əlaqələri
redaktəYaponiyanın Çin Xalq Respublikası ilə münasibətlərində də yaxşılaşmağa doğru meyllər güclənirdi. 1972-ci ilin sentyabrında iki dövlət arasında diplomatik münasibətlər bərpa edildi və digər münasibətlərin inkişafına yol açılmış oldu. Dövlətlərarası münasibətlərin bərpasında Pekinin ilkin şərtlərinə uyğun olaraq Yaponiya elan etdi ki, o, Tayvan ilə \buradakı dövlət Çin Respublikası adlanır\ diplomatik münasibətləri kəsir.
ÇXR da öz növbəsində elan etdi ki, yapon təcavüzü dövründə Çinə dəymiş zərərin \təq. 50 mld dollar\ tələbindən imtina edir, yapon-amerika "təhlükəsizlik müqaviləsi"nə, Yaponiyanın remilitarizasiyasına və eləcə də Uzaq Şərqdə ABŞ-nin mövcud statusuna qarşı kəskin pisləmə mövqeyindən əl çəkir.
Lakin münasibətlər bir sıra səbəblər üzündən hələ ki müəyyən hüdudlar daxilində inkişaf edir : birincisi, Çinin valyuta ehtiyatlarının və ixrac mənbələrinin məhdudluğu; ikincisi, çin-yapon ziddiyyətlərinin aradan tam qaldırılmaması. O biri tərəfdən Yaponiyanın işgüzar dairələri belə bir faktdan da yan keçə bilmirlər ki, Çinə verilən iri kreditlər hesabına müasir tipli müəssisələrin yaradılması Asiya regionu bazarında Çinin rəqabət imkanlarını artıra bilər. Yaponiyanın Tayvanla diplomatik münasibətlərini kəsməsinə baxmayaraq iki dövlət arasında sıx ticarət-iqtisadi, mədəni və s. əlaqələrin olmasıda ÇXR-i daimi narahat edir.
Buna baxmayaraq 1978-ci ilin oktyabrında sülh və əməkdaşlıq haqqında yapon-çin müqaviləsi bağlandı. Yaponiya bununla Çin ilə daha sıx və çox çeşidli münasibətlər yaradılmasına ümid bəsləyirdi.
Yaponiya XX əsrin 90-cı illərdə
redaktə1990-cı illərdə Yapon iqtisadiyyatı çətinliklərlə üzləşdi. Amma 21-ci əsrin əvvəllərindən iqtisadi sahədə müsbət yüksəliş yenidən başladı. "Yapon modeli " adını almış bu inkişaf yolu iri Şərq ölkələri üçün nümunə oldu.
90-cı illərdə Yaponiyanın xarici siyasətində də keyfiyyətcə yeni meyllər baş vermişdir. Yaponiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istiqamətində səylər göstərir, üçüncü dünya ölkələrinə daha çox investisiya qoyur, beynəlxalq sülhyaratma proseslərində fəal iştirak etməyə can atır. O, ilk dəfə olaraq 1990-cı ilin aprelində Brüsseldə NATO-nun yüksəksəviyyəli seminarında iştirak etmişdir. . Həmin ildən etibarən Şimali Koreya ilə münasibətlərin normallaşdırılması istiqamətində bir sıra addımlar atılmışdır.
ABŞ ilə iqtisadi əməkdaşlıq da möhkəmləndirilir. 1995-ci ildən Yaponiya və ABŞ ticarət müharibəsinə son qoymaq qərarına gəlmişlər. Ərəb ölkələri ilə əməkdaşlıqda neft amilinin təsiri böyükdür. Təsadüfi deyildir ki, 1998-ci ilin fevralında Yaponiya ABŞ-nin İraqı yenidən bombardman etmək üçün BMT-nin əlavə sanksiyalarına ehtiyac olması haqqındakı fikirlərinə etirazını bildirmişdir.
Yaponiya 2011-ci ildə
redaktə11 mart 2011-ci ildə, yadda qalan hadisə Yaponiyanın Tōhoku bölgəsində 9,0 Mw bal gücündə reallaşan zəlzələdir. Mərkəz əsası Tōhoku bölgəsinin şərq sahilində, yerin 24,4 km dərinliyində olan zəlzələ; yerli saata görə 14:46da reallaşdı. ABŞ Geoloji Araşdırma Təşkilatı tərəfindən ilk mərhələdə 7.9 olaraq təyin olunan zəlzələnin şiddəti sonradan edilən şərhlə 8.8, daha sonrasında isə 8.9 olaraq ifadə edildi, son olaraq isə Yaponiya zəlzələsi 9.0 bala yüksəltdi. 9.0 ballıq zəlzələ Yaponiyada mövcud olmuş ən böyük zəlzələ olduğu kimi dünyada da ən böyük ilk beş zəlzələnin arasında olduğu açıqlandı. Yapon hökuməti, fəlakəti rəsmi olaraq "Böyük Şərq Yaponiya zəlzələsini olaraq adlandırdı. Zəlzələ sonrasında bölgədə, 10 metrə çatan yüksəklikdə sunami dalğaları meydana gəldi.
Sunami ölkədə çox böyük fəlakətlərə gətirib çıxardı. Zəlzələdə 12,000dən çox adam həyatını itirdi və 15,000dən çox adam hələ də itkin olaraq ifadə edilir. Quru və dəmiryolları ağır ziyan gördü, müxtəlif yerlərdə yanğınlar çıxdı və bir anbar yıxılaraq bölgəni su basmasına səbəb oldu. Şimal-şərq Yaponiyada 4.4 milyon ev elektriksiz, 1.5 milyon ev isə susuz qaldı, zəlzələ nəticəsində qida çətinliyi də meydana gəldi. Fukuşima Nüvə Elektrik Stansiyasında sunami nəticəsində qəzalar meydana gəldi. Ölkədə radiyasiya təhlükəsi meydana çıxdı.(4) Amma çoxu inanır ki, zəhmətkeş yaponlar bu çətinliklərin də öhtəsindən gələ biləcək.