Yaponiyada Orta Tehsil - Wikipedia
Yaponiyada orta təhsil — Yaponiyanın orta təhsil sistemi.
Yaponiya qanunvericiliyində mövcud olan ümumi orta təhsil sistemi belə müəyyən edilmişdir:
- İbtidai təhsil — 6 il;
- Aşağı orta məktəb — 3 il;
- Yuxarı orta məktəb — 3 il.
Yaponiyada orta təhsil aşağı və yuxarı pillələrə bölünür və ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil müəssisələrində 6947634 şagirdin təlim-tərbiyəsi ilə 490113 müəllim məşğul olur.
Orta təhsilin aşağı pilləsinə VII, VIII və IX siniflər daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər bu təhsil pilləsində oxuyurlar. Bu dövrdə məktəblərdə əsas diqqət akademik fənlərə yönəldilir. Orta təhsilin aşağı pilləsini bitirən şagirdlərin 96 faizi öz təhsillərini orta təhsilin yuxarı pilləsində davam etdirirlər.
İbtidai məktəblər kimi, orta məktəblərin də böyük əksəriyyəti dövlətə məxsus olsa da, onların 5 faizi özəldir. Özəl orta məktəblərdə birillik təhsil haqqı orta hesabla 4000 ABŞ dollarına (558592 yen) yaxındır. Bu məbləğ, hökumətin dövlət orta məktəblərində oxuyan bir şagird üçün müəyyən etdiyi 934 ABŞ dolları (130828 yen) ilə müqayisədə, təxminən 4 dəfə çoxdur.
Aşağı orta məktəblərdə müəllimlər yalnız ixtisaslarına uyğun fənləri tədris edirlər. Müəllimlərin 80 faizi 4 illik kollec məzunlarından ibarətdir. Siniflərdə şagird sıxlığı çox yüksəkdir və orta hesabla bir sinifdə 35-dən artıq şagird olur. Dərs keçmək üçün şagirdlər deyil, əsasən, müəllimlər sinifdən-sinfə dəyişirlər.
Orta təhsilin aşağı pilləsində tədris mühazirə üsuluna əsaslansa da, müəllimlər digər texniki vasitələrdən də istifadə edirlər. Eləcə də dərs zamanı şagirdlər üçün laboratoriya işləri müəyyən olunur.
Məktəblərdə kompüterləşməyə hələ ötən əsrin 80-ci illərinin sonlarından başlanılıb. Məlumatlara görə, 1989-cu ilə qədər dövlət əsaslı orta məktəblərin 45 faizi kompüterlərlə təmin olunub.
Tədrisin bütün məzmunu orta təhsilin aşağı pilləsi üçün nəzərdə tutulan tədris kursunda müəyyən olunur. Orta təhsilin aşağı pilləsinin kurikulumuna yapon dili, ictimai elmlər, riyaziyyat, təbiət elmləri, musiqi, incəsənət, tibbi və fiziki təhsil daxildir. Bundan əlavə, bütün şagirdlərə maşın və mexanizmlər haqqında müvafiq məlumatlar verilir, əmək təlimi tədris edilir. Şagirdlərin əksəriyyəti dərsdən sonra bir sıra məktəb dərnəklərində fəal iştirak edir, axşamlar və ya həftə sonlarında isə özəl sinifdənxaric kurslara gedirlər.
Yaponiyada 3 il davam edən orta təhsilin yuxarı pilləsi məcburi olmasa da, orta təhsilin aşağı pilləsini bitirənlərin 96 faizi təhsillərini bu pillədə davam etdirirlər. Orta təhsilin yuxarı pilləsində özəl məktəblərə tələbat daha çoxdur. Odur ki, təhsilin bu mərhələsində özəl tədris ocaqları bütün orta məktəblərin 95 faizini təşkil edir. Onu da qeyd edək ki, orta təhsilin yuxarı pilləsində təhsil həm dövlət, həm də özəl məktəblərdə pulludur. Özəl məktəblərdə bir şagird üçün nəzərdə tutulan təhsil haqqı dövlət məktəblərindəki xərclərdən iki dəfə çoxdur.
Orta təhsilin yuxarı pilləsində tədris əsasən əyanidir və şagirdləri ali və peşə ixtisas təhsilinə hazırlayan akademik kurslar təklif edən ümumi proqram əsasında aparılır. Şagirdlərin 70 faizdən çoxu ümumi akademik proqramlar üzrə təhsil alır. Məktəblərin kiçik bir hissəsində isə qiyabi, axşam kursları təşkil olunur.
Proqramın birinci illərində şagirdlərə yapon dili, ingilis dili, riyaziyyat və təbiət elmləri tədris olunur və şagirdlərin qabiliyyət fərqləri üzə çıxarılır. İkinci ildə isə tədris kursunun məzmunu və məktəblinin seçimi fərdiləşdirilir. Bunlarla yanaşı, ümumi proqramın tədrisi zamanı əsas akademik materialın mənimsənilməsinə xüsusi diqqət yetirilir.
Orta təhsilin yuxarı pilləsində çalışan müəllimlərin çoxu universitet məzunlarıdır. Məktəblər bölmələrə ayrılır və müəllimlər öz ixtisas sahələrinə uyğun bölmələrdə çalışırlar. Bununla belə, müəllimlər öz ixtisasları çərçivəsində müxtəlif kurslarda da işləmək imkanına malikdirlər. Tədris prosesində əsasən mühazirə üsuluna üstünlük verilir.
Orta təhsilin yuxarı pilləsində fiziki cəhətdən qüsurlu şagirdlərin təlimi əsasən peşəyönümlüdür. Bu, onların cəmiyyətdə mümkün qədər müstəqil olmasını təmin etmək məqsədi daşıyır. Şagirdlərin fiziki qüsurundan asılı olaraq peşəyönümlü təhsil fərqlənir. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, ölkədə peşə ixtisas təhsili orta təhsilin ən vacib hissəsinə çevrilib.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Yaponiyanın təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16. (az.)