Yelmar Memmedov - Wikipedia
Yelmar Məmmədov (28 iyun 1957, Aşağı Mollu, Qubadlı rayonu – 12 aprel 1995, Daşkənd) — Azərbaycanın ilk rəsmi milyarderi. Yasamal qəbristanlığında dəfn edilmişdir.
Yelmar Məmmədov | |
---|---|
Azərbaycan Yurddaş Partiyasının sədr müavini | |
199? – 199? | |
Sədr | Mais Səfərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 1995 (37 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Həyatı
redaktəYelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.
Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir.
1975–1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində oxuyur.
Ehtiyac üzündən Komi Respublikasının Uxta şəhərinə gedir. Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Respublikasının Xalq deputatı seçilir.
1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır. Həm milyonçu həm də səxavətli adam kimi tanınır, şöhrətlənir.
Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.
1992-ci ilin avqust ayında Azərbaycana qayıdır. Cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Orada 3000-dən çox adam işləyir.
Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.
Yelmar Məmmədov Bakıya gələndə H. Z. Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Y. Məmmədov Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun bütün dolanışıq və müalicə xərclərini öz üzərinə götürür.
Üç dəfə ailə həyatı qurub. Dörd övladı – iki qızı, iki oğlu olub. Onun birinci həyat yoldaşı haqqında məlumat yoxdur. Sadəcə, azərbaycanlı olduğu bilinir. Bu evlilikdən bir oğlu, bir qızı doğulub. Sumqayıtda yaşayıblar. Son illər isə onların harda yaşadığı bilinmir. İkinci dəfə rus mənşəli qadınla evlənən Yelmarın bu evlilikdən dünyaya gələn uşaqları Rusiyada yaşayır. Onun üçüncü — özü ilə birlikdə ölən xanımı da azərbaycanlı olub.
O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat etmişdir. Rəsmi məlumatlara görə onlar yatandan sonra otağa qaz sızıb və qazdan boğulub ölüblər.
Yelmarın dörd övladı – iki qızı, iki oğlu var.