Yeni Maraga - Wikipedia
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qızıl Kəngərli | |
---|---|
40°06′ şm. e. 46°54′ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.183 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 22 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəAğdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur.
1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar.
1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı. İşğal dövründə kənd, erməni inzibati bölgüsündə "Nor Marağa" (Yeni Marağa) adlandırılırdı. İkinci Qarabağ Müharibəsində, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı 9 noyabr 2020 tarixli üçtərəfli razılaşmaya əsasən, 20 noyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin bölmələri kənddəki mövqelərini tərk etmişdir.
Toponimikası
redaktəKəndin əsl adı "Qızıllı Kəngərli" – dir. Oğuz türklərinin peçeneq qolundan olan kəngərlərin(kanqarlar) çoxsaylı tirələrindən biri də Qzıllıdır. Kəndin adı(Qızıllı Kəngərli oykonimi) da bunu ifadə edir: kəngərlərin qızıllı tirəsindən olan elin yaşayış məskəni – Qızıllı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da – o bölgədə bütöv bir rayon Kəngərli adlanır – , digər bölgələrdə də, məsələn, Qazaxda, Borçalıda, Qarabağda və s. məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Qızıl Kəngərli, Salahlı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə almaq lazımdır ki, Pirhəsənli Kəngərlisinin yerləşdiyi Uzundərə ərazisinin sol cinahındakı daha iki kəndin(Şirvanlı və Qaraqaşlı, – Qaraağaclı da mümkündür) camaatı da faktiki olaraq kəngərlilərdən ibarətdir və 1963-cü ilə qədərki dövrdə Kəngərli kəndləri adlanıblar, o halda məlum olur ki, Ağdam rayonu ərazisində beş Kəngərli kəndi var. Yaşayış məskənlərinin adları (oykonimlər) həm də Azərbaycan xalqının tarixidir, odur ki, onlarla çox ehtiyatla davranmaq lazımdır; toponimlərin dəyişdirilməsi qədimliyə xələl gətirirsə, buna heç cür yol vermək olmaz.
Mədəniyyət
redaktəErməni işğalına qədərki dövrdə Qızıl Kəngərli kəndində məktəb, kitabxana, klub, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Kənddə orta əsrlərə aid qədim qəbiristanlıq, şimal-şərqdə, üç qonşu kəndin (Boyəhmədli, Qızıl Kəngərli və Salahlı Kəngərli) arasında qalan ərazidə yerləşən Boyəhmədli kurqanları (80-ə yaxın kurqan – ilk tunc dövrü) var.
Əhalisi
redaktə1933-cü ildəki siyahıya alma nəticələrinə əsasən Qızıl Kəngərlidə 445 nəfər əhali yaşayırdı, bunların 98,5%-i azərbaycanlılar idi.[2]
İşğaldan əvvəl, 1993-cü ildə Qızıl Kəngərli kəndində yaşayan əhalinin sayı 1219 nəfər idi.[3]
Erməni işğalı dövründə kəndin yerli azərbaycanlı əhalisi qovulmuş və bura ermənilər köçürülmüşdü. 2015-ci ildə burada 529 nəfər erməni əhali yaşayırdı.[4] 2020-ci il noyabr ayında erməni əhali kəndi tərk edərkən kənddəki evləri yandırmışdır.[5]
Əhalinin əsas məşquliyyəti maldarlıq, bağçılq, taxılçılq və üzümçülük olub.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- M. S. Ordubadi, "Qanlı illər", Bakı – 1911;
- M. N. Qarabaği, "1905 – 1906-cı illərdə erməni-müsəlman davası", Bakı – 1993;
- R. Abbaslı, "Umudlu qətliyamı. Papravənd müharibəsi";
- B. Abbasoölu, "Ağdam ağrıları", Bakı – 1993.
- A. Məmmədov, "Kəngərlər". Bakı – 1996.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ AzSSR İnzibati-Ərazi Bölgüsü. Bakı: Azərbaycan Xalq Təsərrüfatı Uçotu İdarəsi. 1933. səh. 5.
- ↑ B. Abbasoölu, "Ağdam ağrıları, Bakı – 1993
- ↑ Hakob Qəhrəmanyan. "Qarabağ inzibati-ərazi vahidlərinin sosial-iqtisadi xüsusiyyətlərinin kataloqu (2015)". 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- ↑ Ağdam rayonunun Qızıl Kəngərli kəndindən videogörüntülər
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |