Yuli Sokalski - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yuliy Mixayloviç Şokalski (5 (17) oktyabr 1856, Sankt-Peterburq - 26 mart 1940, Leninqrad) - rus və sovet coğrafiyaçısı, hidroqraf, okeanoloq, kartoqraf, general-leytenant (1912), Rusiya Coğrafiya Cəmiyyətinin sədri (1917- 1931). Əmək Qəhrəmanı.
Həyatı
redaktəYuli Mixayloviç Şokalski 5 (17) oktyabr 1856-cı ildə anadan olmuş, 1880-ci ildə dənizçilik akademiyasını bitirmiş və sonradan Baş geofizika rəsədxanasına daxil olmaqla dəniz meteorologiya bölməsinə rəhbərlik etmişdir. Pedaqoji fəaliyyətə dənizçilik məktəbindən başlamış, daha sonra Dəniz Akademiyasında və universitetdə davam etdirmişdir. Hələ rəsədxanada işləyərkən Şokalski rus coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Həmin dövrdə cəmiyyətə Pyotr Petroviç Semyonov Tyan-Şanski rəhbərlik edirdi. Onun dövründə Coğrafiya cəmiyyəti rus coğrafişünaslarına şərəf gətirən bir sıra ekspedisiyalar təşkil etmişdir. XIX əsrin son onilliyində Rusiyada kapitalizmin inkişafı elm sahələrinə də öz təsirini göstərmişdir. Ölkədə bir tərəfdən dəmir yolları salınır, kanallar çəkilir, digər tərəfdən əraziləri daha dərindən mənimsəmək üçün elmi ekspedisiyalar təşkil olunurdu. Ekspedisiyalardan birinin qarşısında duran vəzifə Sibir ilə Rusiyanın Avropa hissəsini su yolu ilə birləşdirmək idi.
1890-cı ilin yayında Şokalski Arxanqelskidən Sibirə su yolu axtarmaq üçün ekspedisiya təşkil edir. Bu yol Şimali Dvina, Viçeqda və Kamanın qollarından ibarət idi. Davamını isə Ob çayının qolları təşkil edirdi. Şokalski 650 km Viçeqda çayı ilə yuxarı axınla üzərək müxtəlif yerlərdə çayın dərinliyini və suyun sürətini ölçür. O, yuxarı axında Kama çayına köhnə, istifadə olunmayan kanala keçərək Çerdin şəhərindən Permə qədər üzür. Bundan sonra Şokalski Ural dağlarını keçməklə quru yolla səyahətini davam etdirir və Obun hövzəsinə Aid olan çaylarla üzərək Sibirlə Avropaı birləşdirən yolu axtarır. Tyan-Şanskinin ölümündən sonra 1914-cü ildə Şokalski Rus coğrafiya cəmiyyətinin vitse-prezidenti seçilir. Burada onun fəaliyyəti 58 il davam edir. İnqilabdan sonrakı fəaliyyətini cəmiyyətin prezidenti kimi davam etdirir. 1897-ci ildən başlayaraq dörd il müddətində Şokalski Ladoqa gölünün tədqiqatı ilə məşğul olmuşdur. O bu müddətdə gölün sahəsini, dərinliyini, suyun həcmini, istilik rejimini tədqiq etmişdir. Coğrafiyanın müxtəlif sahələri ilə məşğul olan alimi okeanoqrafiya və kartoqrafiya daha çox maraqlandırırdı. 1907-ci ildən dünya okeanının öyrənilməsinə rəhbərlik edən Şokalski ilk dəfə olaraq "Dünya okeanı" terminini elmə gətirmişdir. Ilk dəfə olaraq o dəniz meteorologiyasının işini yüngülləşdirmək məqsədilə özüyazan cihazlar gətirmişdir. Onun hərtərəfli elmi fəaliyyətini nəzərə alaraq coğrafiya cəmiyyəti Şokalskini bütün dünya coğrafiya konqreslərinə nümayəndə kimi göndərmişdir. Xarici dillərdə gözəl bilməsi həm onun başqa ölkələrdə görülən işlərdən vaxtında xəbər tutmasına, həm də Rusiyada görülən işlərin beynəlxalq səviyyəyə çıxarılmasına kifayət qədər kömək etmişdir. Şokalski özünün çoxillik elmi fəaliyyətini "Okeanoqrafiya" əsərində verməklə 1917-ci ildə nəşr etdirmişdir. O saat qurşaqlarının beynəlxalq sistem üzrə təşkil olunmasında komissiyanın üzvü olmaqla, Rusiyada saat qurşaqlarının 1919-cu ildə müəyyən edilməsində yaxından iştirak etmişdir.
1923-cü ildə Şokalski çoxdan arzu etdiyi Qara dənizə ekspedisiya tşkil edir. Ekspedisiya üçün ayrılmış gəmi müasir cihazlarla təmin olunduğundan dənizin səthindən başlamış dibinə qədər öyrənmə imkanlarına malik idi. Dənizdə su və qurunt nümunələri ilə yanaşı canlı aləmin öyrənilməsi də mühüm əhəmiyyət kəsb etdiyindən onun yayılmasının aşağı sərhəddi də müəyyənləşdirilmişdir. Beləliklə, Qara dəniz ekspedisiyası 1935-ci ilə qədər davam etmişdir. Ekspedisiya müddətində götürülmüş nümunələrin analiz nəticələrini araşdırmaqla əvvəllər məlum olmayan nəticələr əldə edilmişdir. Müəyyən edilmişdir ki, daxili dəniz olmasına baxmayaraq Qara dənizin sularında duzluluq okeanındakından xeyli aşağıdır, ən dərin yeri 2245 m-dir. Ekspedisiyanın nəticələri əsasında Qara dənizin ilk dəfə olaraq dib xəritəsi tərtib edildi. Dənizdə saat əqrəbinin əksi istiqamətində suyun dairəvi axını, canlı aləmin 200 m dərinliyinə qədər yayılması, Qara dənizin yaranma tarixinin aydınlaşdırılması da bu ekspedisiyanın müvəffəqiyyətləri sayılır. Şokalski kartoqrafiya sahəsində də dünya əhəmiyyətli işlər görmüşdür. O, fəaliyyətinin ilk dövrlərində rus Avropasının relyef xəritəsinin tərtib olunmasında A.A.Tillonun yaxın köməkçisi olmuşdur. 1899-cu ildə Tillonun ölümündən sonra, Şokalski Rusiya coğrafiya cəmiyyətinin nəzdində olan hibsometrik (horizontallarla relyef göstərilən xəritə) komissiyaya rəhbərlik edir. Ayrı-ayrı quberniyaların xəritələrinin tərtib olunmasına rəhbərlik etməklə yanaşı, Tillonun başladığı Rusiyanın Asiya hissəsinin xəritəsini Şokalski tamamladı. 1905-ci ildə onun redaksiyası altında "Böyük ümumdünya stolüstü atlas" əsəri işıq üzü gördü. Qütbə aid bir çox xəritələr, hətta bəzi orta məktəb xəritələrinin tərtib olunmasında da Şokalskinin böyük xidmətləri olmuşdur. Onun nəticəsidir ki, Severnaya Zemlya arxipelaqında iki ada arasındakı boğaz, Kanin yarımadasında göl, Novaya Zemlya torpağının şimalında adada buzlaq, Barens dənizində Şpispergenə gedən isti cərəyan Şokalskinin adına verilmişdir. 1500 elmi iş Şokalskidən gələcək nəslə yadigar qalmışdır.
Xarici keçidlər
redaktə- Неожиданные сближения Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine
- Океанография
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |