Zenonun Aporialari - Wikipedia
Zenon aporiaları — Parmenidin fəlsəfi doktrinasını dəstəkləmək üçün Eleyalı Zenon tərəfindən irəli sürülən aporialar. Bizim təsəvvürlərimizin əksinə olaraq çoxluq və dəyişikliyin mövcud olmadığını, xüsusən də hərəkətin sadəcə bir illüziya olmasını dəstəkləyir.
Axilles və tısbağa aporiası
redaktəQədim Yunanıstan qəhrəmanı Axillesin tısbağa ilə yarışdığını təsəvvür edək. Axilles çox yaxşı yarışçı olduğuna görə, tısbağanın bir az irəlidən, məsələn, yüz metr irəlidən başlamasına icazə verir. Əgər hər ikisinin də sabit sürətdə qaçdığını təsəvvür etsək (biri sabit yüksək sürətdə, digəri sabit aşağı sürətdə), Axilles müəyyən müddət sonra yüz metr qaçdıqda tısbağanın başladığı yerə çatacaqdır. Bu müddət ərzində tısbağa az belə olsa müəyyən məsafəni qət edəcək, məsələn, bir metr. Axilles bir müddət sonra bu məsafəni də bitirəndə, həmin müddət ərzində tısbağa yenə də az belə olsa məsafə qət edəcək. Bu hadisə təkrar formada dövr edəcəkdir. Beləcə, Axilles tısbağanın çatdığı nöqtəyə çatanda, yenə də qət etməli məsafə qalmış olacaqdır.
Buna görə də, Zenon Axillesin tısbağanı heç vaxt keçə bilməyəcəyini demişdir.[1][2]
Zenonun bu aporiadakı məqsədi hərəkətin mümkün olmadığını sübut etməkdir.
Dixomotiya (ikiyə bölünmə) aporiası
redaktəX şəxsin a nöqtəsindən d nöqtəsinə getdiyini təsəvvür edək. Şəxs d nöqtəsinə getmədən əvvəl d nöqtəsinə qədər olan məsafənin yarısını getməlidir. d nöqtəsinə qədər olan məsafənin yarısını getmədən əvvəl həmin məsafənin də yarısını (əvvəlkinin dörddə birini) getməlidir. Daha sonra məsafənin dörddə birini getmək üçün səkkizdə birini getməlidir. Bu beləcə dövriyyə edir.
Nəticədə X şəxs sonsuz sayda yol getməlidir. Buradakı digər müddəa isə, hər ilk məsafə aralığının ikiyə bölünə bilməsi üçün müəyyən olunmuş gediləsi ilk məsafə yoxdur. Beləcə bu səyahətin başlanğıc nöqtəsi yoxdur, yəni, səyahətə başlaya bilinməz.
Bu aporia nəticədə hansısa məsafəni qət etməyin tamamlanmayacağını və yaxud başlanamayacağını, beləcə bütün hərəkətlərin sadəcə illüziya olduğunu ifadə edir.
Ox aporiası
redaktəBu aporiyada isə Zenon sübut edir ki, buraxılan ox əslində hərəkət etmir və sükunətdədir. O yenə də zamanı sonsuz anlara, fəzanı isə sonsuz hissələrə bölür. Beləliklə, hər an atılan ox bəlli olan bir yer tutur. Bu yer onun uzunluğuna bərabərdir. Bu isə o deməkdir ki, ox sükunətdədir, çünki hərəkət ehtimal edilsə də, onda belə çıxır ki, ox həmin an fəzada özündən daha da çox yer tutur, bu isə mümkün deyildir. Deməli, hərəkət əslində yoxdur və o sükunətlərin cəmidir. Beləliklə, hərəkət anlayışının olduğu ehtimal edilərsə, o zaman mütləq ziddiyyətlər yaranacaqdır. Bu aporiyanın müddəalarını çağdaş dönəmdə animasiyalarda görmək mümkündür. Orada hərəkət edən şeylər əslində sükunətdə olan şəkillərin cəmidir.
İstinadlar
redaktə- ↑ "Zeno's Paradox" (ingilis). Archived from the original on 2021-09-09. İstifadə tarixi: 24 avqust 2011.
- ↑ "Zeno's Paradoxes: 3.2 Achilles and the Tortoise" (ingilis). Archived from the original on 2022-03-01. İstifadə tarixi: 24 avqust 2011.