Zod Qizil Yatagi - Wikipedia
Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.
Söyüdlü – Zod qızıl yatağı azərb. Söyüdlü – Zod qızıl yatağı | |
40°14′19″ şm. e. 45°58′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Kəşfi | 1951 |
İstismarı | 1976 |
Ehtiyatı | 112,5 t |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir.[1] Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.[2]
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.
Geoloji quruluşu
redaktəƏrazinin əsas struktur elementi Göyçə-Həkərə struktur-formasiya zonasının cənub hissəsində yerləşən Sarıbaba sinklinorisidir. Mərkəzi hissədə bir qədər sönən bu sinklinori çox mürəkkəb quruluşa malikdir. Onun quruluşunda ofiolit kompleksi süxurlarından təşkil olunmuş tektonik strukturlar iştirak edir. Bununla əlaqədar olaraq, Sarıbaba zolağında və o cümlədən tədqiqat aparılmış ərazidə geniş yayılmış qırışıqlar (Çiçəkli-Qonur sinklinalı, Almalı-Göydərə antiklinalı və Kəlbəcər depressiyası) qeyd olunur. Ərazinin əsas struktur elementi olan Almalı-Göydərə antiklinalının quruluşunda alb, senoman, santon, eosen və az miqdarda kampan-maastrixt çöküntüləri iştirak edir. Antiklinal tağının eni tədqiq olunan ərazinin cənub-şərq hissəsində 6–7 km, şimal-qərb hissəsində isə 3–4 km-dir. Bu hissədə anticlinal tağının ensizləşməsi və batması onun cənub-şərq qanadının eosen çöküntüləri ilə örtülməsi ilə əlaqədardır. Strukturu təşkil edən təbaşir çöküntüləri müxtəlif tərkibli intruzivlərlə yarılıb. Zod qızıl yatağının cənub-şərq cinahında (Söyüdlü filiz sahəsində) sənaye miqyaslı qızıl filizləşməsi aşkar edilməmişdir.[1]
İstismar tarixi
redaktəZod yatağı — Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılın olması qədimlərdən məlum idi. XVIII əsrdə yaşayan Yaqub Xanovi X əsrin ərəb tarixçisi Abn-Dülafa istinad edərək yazmışdır ki, Azərbaycan dağları qızıl, civə, qurğuşun, gümüş, mərgümüş və mis ilə zəngindir. Bunu arxeoloji qazıntılar nəticəsində 3200–3300 il bundan əvvəl Cənubi Qafqaz, Yaxın və Orta Şərq ərazilərində Zod yatağının qızılından hazırlanmış çoxlu miqdarda qızıl əşyaların aşkar edilməsi sübut edir.[1]
Ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.[3] 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik edirb. 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton hasil edilmişdir. Bu dövrdə qızıl mədənində 350–400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Filizin dəmiryolu nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. İkinci Qarabağ müharibəsi başlandıqdan sonra yataqdakı hasilət işləri dayandığından Ermənistan dəmiryolları sistemində kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən GeoProMining şirkəti Ermənistanda 4-cü ən böyük vergi ödəyicisi idi.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Kiçik Qafqazın Soyüdlü Filiz Sahəsində Qızıl Filizləşməsinin Perspektivliyi Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine, Z.M.Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasinin Xəbərləri, Yer Elmləri, No2, 2008
- ↑ ""Zod qızıl yatağı 8 milyard, vurulan hərbi texnika 2 milyard…cəmi 38.4 milyard dollar"". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
- ↑ "Azərbaycan coğrafiyası → Əlvan metallurgiya". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-05.
- ↑ "Dəmiryolçular Zod mədənindəki vəziyyətlə əlaqədar kütləvi ixtisarlar təhlükəsi altında qalıblar". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
Mənbə
redaktə- Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Arxivləşdirilib 2013-08-06 at the Wayback Machine (az.)