Imperatrica Aleksandra Rus Muselman Qiz Mektebi - Wikipedia
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.[1][2]
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi | |
---|---|
40°23′47″ şm. e. 49°52′55″ ş. u.HGYO | |
Əsası qoyulub | 1901 |
Ölkə | |
Ünvan | İstiqlaliyyət küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
redaktə1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi.
Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.
Problemləri
redaktəQız məktəbi açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar.Çünki ruhanilərin oxuduğu kitablarda qızların təhsil alması düzgün hesab olunmurdu. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər.Əslində bunları edib öz əllərini günaha bulamışdılar. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğənbər, xəlifə, imamlardan hadisələr və sübutlar gətirərək bu işi küfr adlandırıb. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər".[3].
Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görədə o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar.
İngiltərəyə, Fransaya gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. bu düzdü
Açılışı
redaktə1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa Zeynalabdin!".
Keçirilən dərslər
redaktəMəktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır[4] və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası ümumi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.
Məzunlar
redaktəBu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar.
- Rəhilə Hacıbababəyova
- Şəhrəbanu Şabanova
- Şəfiqə Əfəndizadə
- Səkinə Axundzadə
- Məryəm Qembitskaya
- Nazlı Tahirova (Naxçıvanda qızlar məktəbi açan)
- Liza Muxtarova (Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan)
- Züleyxa xanım Vəliyeva
- Səltənət xanım Vəliyeva
- Yəməntac xanım və s.
Binası
redaktəƏvvəlcə Tağıyevin qızlar məktəbinin yerində Cümə məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir. Beləliklə, məscidin yeri 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilir.[5]
Binanın layihəsi 1892–1904-cu illərdə Bakının baş memarı olmush İ.V. Qoslavskinin əməyinin məhsuludur. Bina 1898–1901-ci illərdə tikilib. O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta butun İslam aləmində yox imiş. Məhz 5 ildən sonra, 1906-cı ildə Tiflisdə ilk belə müsəlman qızlar üçün məktəb açılır. Tağıyev bu məktəbin tikintisinə 300 min rubldan çox pul xərcləyibmiş.
Tağıyevin qızlar məktəbinin binasında 1918–1920-ci illərdə Azərbaycan Demokratik Cumhuriyyətinin Parlamenti yerləşib.
Hazırda bu binada AMEA Əlyazmalar İnstitutu yerləşir.
Müəllimləri
redaktə- Nazlı Nəzərbabayeva
- Məryəm Sulkeviç
- Adilə xanım Şahtaxtinskaya
- Gülbahar xanım Əhriyeva
- Məryəm Gembitskaya
- Şəfiqə Əfəndizadə
- Mina xanım Aslanova
- Gövhər Qazıyeva
- Nabat xanım Nərimanova
- Şəhrəbanı xanım Şabanova
- Səkinə Axundzadə (1865–1927; ilk qadın dramaturq, yazıçı).[6]
Qalereya
redaktəİnqilabdan əvvəlki Bakıda məktəbin binası | Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binası (2010) |
-
Qız şagirdlər və müəllimlər (1902)
-
Tikiş dərsi.
-
Orijinal mətn (az.)
H.Z.Tağıyev və həyat yoldaşı Sona xanım, H.Zərdabi və həyat yoldaşı Hənifə xanım Məlikova, Ə. Topçubaşov məktəbin şagirdləri ilə birlikdə
-
Tikiş dərsi (1911).
-
Orijinal mətn (az.)
Məktəbdə dərs (1911). Lövhədə "İlk qadın tatar məktəbi" yazılıb (XX əsrin əvvəllərində azərbaycanlıları tatar adlandırırdılar)
-
Məktəbin direktoru Hənifə xanım Məlikova şagirdlər arasında
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Fuad Axundov. Savadlı millətin təməli-savadlı qadın (H. Z. Tağıyevin Bakıdakı qızlar məktəbi). Bakı: [s. n.] 2007.
- Fərhad Cabbarov. H. Z. A. Tağıyevin qız məktəbinin tarixindən. Bakı: Ziya. 2011.
- Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. I cild. Bakı: Təhsil. 2011.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Anspress.com – Bakıda müsəlman aləminin ilk dünyəvi qız məktəbinin açılmasından 110 il ötür". 2011-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
- ↑ "Arxivlənmiş surət". 2012-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
- ↑ Manaf Süleymanov, Hacı Zeynalabdin Tağıyev, Bakı, "Gənclik", 1996, səh 17
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 272.
- ↑ "ehileabdurahmanzade.wordpress.com – Tağıyevin qızlar məktəbi". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
- ↑ "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.