Ademin Yaradilisi - Wikipedia
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər.
Adəmin yaradılışı | ||
---|---|---|
La creazione di Adamo | ||
| ||
Rəssam | Mikelancelo | |
Tarixi | təxm. 1512 | |
Üslubu | dini incəsənət[d] | |
Ölçüləri | 280 ± 1 sm × 570 ± 1 sm | |
Saxlanıldığı yer | Sikstin kapellası | |
Saytı |
wga.hu/html/m/michelan/3… wga.hu/html/m/michelan/3… wga.hu/html/m/michelan/3… wga.hu/html/m/michelan/3… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir.
Təsvir
redaktəTanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir:
“Və Tanrı Özünə bənzər simada insanı yaratdı.” Yaradılış, 1:26
|
Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur. Bu mövqeyə görə həyatverici olan Tanrı Adəmi özündən aşağıda tutaraq sanki, bərabər olmadıqlarını göstərmək istəyir.
Tanrının ətrafındakı fiqurların identikləşdirilməsi və anlamı haqqında müxtəlif nəzəriyyələr yaradılmışdır. Tanrının sol əli ilə saxladığı fiqur qadın xarici görünüşü olduğuna və adəmə doğru baxdığına görə Həvva olması fikri səsləndirilmiş, lakin həmin fiqurun Bakirə Məryəm, Sofiya, şəxsləşdirilmiş insan ruhu və ya qadın görünüşlü mələk olması fikrini bildirənlər də olmuşdur.[1]
Ümumi qəbul edilmiş fikrə görə "Adəmin yaradılması" yuxarıda qeyd edilmiş Yaradılış 1:27 ayəsini təsvir edir. Mikelancelonun ilham mənbəyi və mövzuya baxışını formalaşdıran ehtimal ki, atanın sağ əlinin barmağı ifadəsinin (digitus paternae dexterae) səsləndiyi "Veni Creator Spiritus" adlı orta əsr himni olmuşdur.[2]
-
Adəm
-
Əllər
-
Tanrı
Mənbə
redaktəMikelancelonun "Adəmin yaradılması"nda təsvir etdiyi Adəm obrazı üçün əsas ilham mənbəyinin Oktavian Avqustu çılpaq təsvir edən oğlaq kameosu olduğu ehtimal edilir.[3] Həmin kameo hazırda Nortamberlenddəki Alnik qəsrində saxlanılır.[4] Kameo Mikelancelonun tavan rəsmlərini işlədiyi vaxt Romada yaşamış kardinal Domeniko Qrimaniyə məxsus olmuşdur. Məlumatlara görə Mikelancelo və Qrimani dost olmuşlar. Bəzi tədqiqatçılar isə Mikelancelonun əsasən Lorenzo Gilbertininin "Adəmin yaradılması" əsərindəki Adəm fiqurundan ilhamlandığını iddia edirlər. Qrimaninin kameosu isə alternativ nəzəriyyə kimi qəbul edilir.[5]
Məşhur nəzəriyyələr
redaktə"Adəmin yaradılması" əsərinin yüksək orijinal kompozisiyasının mənası ətrafında bir neçə nəzəriyyə formalaşdırılmışdır ki, onların da əksəri Mikelancelonun yaxşı sənədləşdirilmiş insan anatomiyası bilgisi nöqteyi-nəzərindən şərh olunur. 1990-cı ildə İndiana ştatının Anderson şəhərindən olan həkim Frenk Meşberger "Amerika Tibb Assosasiyası Jurnalı"nda nəşr edilmiş məqaləsində qeyd edir ki, Tanrının arxasındakı fonun quruluşu və fiqurların düzülüşü dəqiq şəkildə insan beyininin quruluşunu əks etdirir.[6] Həkim Meşbergerin bu nəzəriyyəsi həkim Mark Li Eypler tərəfindən müzakirə edilmişdir.[7] Əsərə yaxından baxdıqda insan beynini əks etdirməsi iddia olunan hissədə uc beyinin əsas şıramları, beyinin daxili və xarici səthi, beyin sapı, alın payı, bazilyar arteriya, hipofiz və görmə sinirlərinin kiyazmasını da görmək olur.[6] Başqa bir nəzəriyyə isə belədir; "tanrı və mələkləri beyin yarımkürəsində təsvir olunub, yəni onu siz insanlar yaratdınız."
Yenə başqa bir fikirə görə isə Tanrının ətrafındakı qırmızı bulud insan uşaqlığı formasına malikdir (tarixçi Adrian Stoks öz əsərində bunu bədii formada "uşaqlıq mantiya" adlandırır[8]) və aşağı sallanan yaşıl detal isə yeni kəsilmiş göbək ciyəsini göstərir.[9] Enriko Bruşini 2004-cü ildə bu nəzəriyyəyə diqqət yetirərək qeyd edir ki, Yaradılmanın fiiki baxımdan yeni insanın doğulması kimi təsvir edildiyini görmək çox maraqlı bir fikirdir. Onun fikrincə bu nəzəriyyə həm də ana tərəfindən doğulmadan Tanrının yaratdığı Adəmdə göbəyin olmasını da izah edir.[10]
Populyar mədəniyyətdə
redaktəBütün zamanların ən məşhur sənət əsərlərindən biri olan "Adəmin yaradılması" müxtəlif zamanlarda ən müxtəlif janrlarda olan sənət nümunələri üçün ilham mənbəyi olmuş, əsərin müxtəlif replika və parodiyaları hazırlanmışdır.[11] Con Elvinin Stiven Spilberqin "Yad planetli" filmi üçün hazırladığı poster kimi bəzi müasir sənət nümunələri xeyli məşhurlaşmışdır.[11][12] Simpsonlar, Mappetlər, Sezam küçəsi, Yavaşladılmış inkişaf kimi bir çox məşhur televiziya şoularında əsərin parodiyaları işlənmişdir. "Tenacious D" qrupunun "The Pick of Destiny " albomunun üz qabığı da birbaşa Mikelancelonun əsərinə parodiyadır.[12]
İstinadlar
redaktə- ↑ Steinberg, Leo. "Who's who in Michelangelo's Creation of Adam: A Chronology of the Picture's Reluctant Self-Revelation" (PDF). The Art Bulletin. 74 (4). December 1992: 553–554. JSTOR 3045910. April 7, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 9, 2013.
- ↑ Veni, Creator Spiritus / Come Holy Spirit, Creator Blest Arxivləşdirilib 2020-10-22 at the Wayback Machine. Preces-latinae.org.
- ↑ Cameo Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine on Google Image.
- ↑ Sutherland, Bruce. "Cameo Appearances on the Sistine Ceiling". Source: Notes in the History of Art. Ars Brevis Foundation, Inc. 32 (2). Winter 2013: 14. JSTOR 23292907.
- ↑ Sutherland, Bruce (Winter 2013). pp. 12–18.
- ↑ 1 2 Meshberger, Frank Lynn. "An Interpretation of Michelangelo's Creation of Adam Based on Neuroanatomy". JAMA. 264 (14). October 10, 1990: 1837–41. doi:10.1001/jama.1990.03450140059034. PMID 2205727. September 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28 mart 2015. Pdf Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine. Excerpt Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine on Mental Health & Illness.com. Retrieved 28 mart 2015.
- ↑ Appler, Mark Lee. "The Creation of Adam: Divine Funster Decrees We Are What We Eat: Chicken?". Letters in comment: JAMA. 265 (9). March 6, 1991: 1111. doi:10.1001/jama.1991.03460090059025. PMID 1995993. March 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2015.
- ↑ Stokes, Adrian. Michelangelo. A study in the nature of art. London Şəhər Universiteti: Tavistock Publications. 1955. səh. 89. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-28.
- ↑ Bruschini, Enrico. Masterpieces of the Vatican. Vatican City: Edizioni Musei Vaticani. 2004. ISBN 88-811-7088-4; ISBN 978-8-881-17088-3. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-28. p. 112 Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine.
- ↑ Bruschini, Enrico (2004). p. 112 Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine.
- ↑ 1 2 Katz, Jamie. "The Measure of Genius". Smithsonian.com. 10 April 2009. 3 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2015.
- ↑ 1 2 Teixeira, Nuno. "Pop Culture Art Inspired By Michelangelo's The Creation Of Adam". bitrebels.com. İstifadə tarixi: 28 mart 2015.
Xarici keçidlər
redaktə- Vikianbarda Adəmin yaradılması ilə əlaqəli mediafayllar var.
- Mikelancelonun rəsm və heykəllərini yaratmaq üçün istifadə etdiyi mum və gil fiqurlar