Aysorlar - Wikipedia
Aysorlar,[1] asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir.[2] Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min[3] - 3.3 milyon[4] nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar.
Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar.[5]
Tarixi
redaktəKökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar. Kökü assur və aramilərə gedib çıxan aysorlar qədim Mesopotamiya mədəniyyətini daşıyan və dini inanc baxımından xristian topluluqdur. Bu xalq İran və İraqda daha çox «assur», Suriya və Türkiyədə isə «aysor» adı ilə tanınır. «Aysor» sözü Xristianlıqdan sonra daha geniş yayılıb və xristian olan Yuxarı Mesopotamiya xalqını nəzərdə tutur. «Assur» sözü isə miladdan əvvəlki Yuxarı Mesopotamiya xalqına verilən addır. Başqa sözlə, «aysor» adlandırılan xalqın xristianlıqdan əvvəlki adı «assur»lardır. Bu gün bu xalq «arami», «assur», «aysor» (kəldani, maruni) və s.adlarla tanınır.
Parçalanmalar
redaktəAysorların tarixi iki dövrə bölünür; bütpərəst aysorlar və xristian aysorlar. Aysorlar miladdan əvvəl bütpərəst idilər. Həzrət İsanın (ə) gəlişi ilə Xristianlıq Qüdsdən Antakyaya, ordan da Mesopotamiyaya doğru sürətlə yayılmağa başlayır. Xristianlığın Mesopotamiyada yayıldığı dövrdə bu ərazidə yaşayan aysorlar yeni təlimi mənimsəyirlər və beləliklə, onlar üçün yeni dövr başlayır. Aysorlar miladın 37-ci ilində kilsə ətrafında birləşərək, icma formalaşdırırlar. Antakyadan sonra qurulan Urfa Aysor Kilsəsi ilə birlikdə bölgədəki bir çox xalqlar Xristianlığın çətiri, İsa Məsihin təlimi ətrafında birləşirlər. O dövrdə bölgənin əsas güc mərkəzləri olan Roma və Bizans imperiyaları Xristianlıqdakı təsir gücünü IV əsrdən etibarən hiss etdirməyə başlamışdılar. Bu arada Xristianlıqdakı dini zəmində mübahisələr - İsa (oğul) və Allah (ata) münasibətləri mövzusunda fikirayrılığı mövcud idi. Sonralar Qərbi və Şərqi imperiya və kilsələri bir-birindən ayıracaq bu dini mübahisələrdən ən çox aysorlar əziyyət çəkirlər. Həmin dövrdəki aysorlar tarixçilər tərəfindən Şərqi və Qərbi Aysorlar adlandırılıblar. Qərbi Aysorlar Diyarbəkir, Antakya, Maraş, Urfa, Mardin, Midyat, Nusaybir və Suriyada yaşayanlar; Şərqi Aysorlar isə İran, İraq və Hindistan coğrafiyasında yaşayanları tanımaq üçün istifadə edilirdi.
Nəsturilər
redaktəQərbi və Şərqi Aysorların bir-birindən ayrılmasında 451-ci ildə toplanan Xalkedon Kilsə Məclisinin böyük rolu olub. Aysor kilsəsi Xalkedon məclisinin dini qanunlarını qəbul etməyərək, İstanbul kilsəsi ilə əlaqələrini kəsir. Bu parçalanmaya əsas səbəb Bizansın Şərqdə aysorların kilsələ3roddrinə öz əqidələrini təlqin etməyə çalışmasıdır. Məclisdə önə çıxan ad aysor əsilli olan və o vaxt Bizans kilsəsinin Patriarxı Mor Nasturdur. Mor Nastur, ya da aysor dilindəki adı Mor Barsavmo 380-ci ildə aysor ailədə dünyaya gəlib. Ali təhsilini Antakya akademiyasında alıb. Bu akademiya ellin fəlsəfəsinin təsiri altında olan fəlsəfə məktəbi idi. Mor Nasturun köməkçiləri aysor müəllimlər Mor Teodor və Mor Diador idi. Onların birgə müzakirəyə çıxardıqları «İsanın təbiəti» mövzusu Antakya akademiyasında uzun müddət araşdırılır. Mor Nastur İstanbuldakı Bizans kilsəsinə patriarx təyin edildikdən sonra da bu müzakirələri davam etdirir. Bəzi mənbələrdə göstərilənlərin əksinə, Mor Nastur heç zaman Şərqi Aysor kilsəsində ruhani iyerarxiyasında yer almayıb. Mor Nasturdan əvvəl də bir çox aysor müdrikləri bizanslılar tərəfindən təsir altına salınmışdı. Mor Nastura da eyni şəkildə davranmaq istədikdə Şərqi Aysorlar etiraz edərək onu sürgünə göndərir, tərəfdarlarını isə «Nəsturi» adlandırırlar. Şərqi Aysorlar üzərindəki təzyiqlər Mor Nasturdan sonra da uzun illər davam edir. X əsrdə Nasturi kilsəsi adını dəyişərək «Şərqi Assuri Kilsəsi» adlandırır.
Yəqubilər
redaktəQərbi Aysorlar adlandırılan Antakya Aysor Kilsəsi də məruz qaldığı təzyiqlər nəticəsində yox olma təhlükəsi ilə qarşılaşır. Bu təhlükədən Kilsəni Yaqub Burdono adlı bir aysor rahib xilas edir. O, yaşadığı müddətdə 27 rahib, yüzlərlə keşiş yetişdirir. Yenidən bərpa edib topladığı kilsə anti-Xolkedonçu kimi tanınır. Kilsənin adı sonralar Bizansın nüfuzlu şəxsləri tərəfindən aşağılayıcı mənada «Yaqubilər» adı ilə tanıdılır (indiki Ortodoks Aysorlar).
Rum Ortodokslar
redaktəXalkedon məclisindən sonra bir qrup aysor Bizans imperatorunun təzyiq və zülmündən qorxaraq məclisin qəbul etdiyi qanunları tanıyır. Həmin aysorlarə «Malkoye Melkit» (aysor dilində «kralın tərəfdarları» mənasını daşıyır) verir. Onlar bir müddət Bizans kilsəsinin tabeçiliyində öz dillərində ibadət edirlər. Ərəb istilalarından sonra Bizans kilsəsindən ayrılan aysorlar dillərini dəyişib ərəbcə danışırlar. Bu gün onlar «Rum Ortodoks» adıyla tanınır.
Marunilər
redaktəVII əsrdə «Malkoye Melkit»lər arasında parçalanma baş verir. Liviyadakı Mor Marun monastırının rahibləri Melkit Patriarxı Maksimin müdafiə etdiyi nəzəri dini-etiqadi baxışlarla razılaşmayaraq, müstəqil «Maronit Patriarxlığı»nı yaradırlar. Bu patriarxlığa bağlı insanlar «Marunilər» adlandırılırlar. XIII əsrdə Maronit Patriarxlığı Papalığa tabe olur. Digər tərəfdən, Rum Ortodoks kilsəsinin üzvlərindən bir qismi anlaşmazlıq səbəbindən Roma Papalığına tabe olur. Bu topluluq 1724-cü ildə «Rum Katolik» adı ilə patriarxlıq mərkəzi qurur.
Kəldanilər
redaktə1445-ci ildə Nəsturilikdən ayrılan və müxtəlif səbəblərdən Papalığa tabe olan Kipr Nəsturi mitropoliti Timote və onun ətrafında olan kütlə Papa IV Yevgeni tərəfindən «Kəldani» adlandırılır. Beləliklə, Nəsturilikdən ayrılıb katolik inancını mənimsəyən insanların yaratdıqları kilsə «Kəldani kilsəsi» kimi tanınır. Bu kilsəyə bağlı aysorlara da «kəldanilər» deyilir.
Aysor katoliklər
redaktəAntakya Aysor Kilsəsi XVIII əsrdə yenidən parçalanmaya məruz qalır. Yepiskop Mixail Carvenin rəhbərlik etdiyi bir qrup aysor Papalığa tabe olur və «Aysor katolik» adı altında patriarxlıq yaradır. Əslində bu parçalanmaya zəmin xeyli öncədən hazırlanmışdı. Belə ki, 1626-cı ildə Romada olan Papalıqda əlaqələr yaradan və bura tabe olmaq istəyən bəzi aysorlar 1667-ci ildə keçirilən Patriarx seçimində iki namizədin eyni sayda səs toplamasını əsas gətirərək, parçalanmaq ideyasını reallaşdırmağa çalışırlar. 1773-cü ildə Aysor Katolik Patriarxlığı yaranır.
Aysor protestantlar
redaktəXIX əsrdə protestant missionerlərin (amerikan və ingilis) aysorlar arasında apardıqları fəaliyyət nəticəsində onlardan bəziləri Protestantlığı qəbul edir. Protestant inancında ruhanilər sinfi anlayışı olmadığından aysor protestanların vahid patriarxlıq mərkəzləri yoxdur. Hazırda Turabdin bölgəsində (Cənub-Şərqi Anadoluda yer) aysor protestantlara aid bir neçə kilsə var.
Aysor müsəlmanlar
redaktəBunlarla yanaşı, İslam dinini qəbul edən aysorlar da var. Lakin onlarla bağlı araşdırmalar çox az aparıldığından, demək olar ki, ətraflı məlumat yoxdur. Məlum olan odur ki, «Mhalmi» adlanan bu insanların əsas hissəsi aysor ola bilərlər. Mardin və ətrafında mhalmilərin bütün kəndlərinin adı aysorcədir. Bu kəndlərdə məscidə çevrilmiş binaların əksəriyyəti əvvəllər kilsə, ya da monastır olub. İndiyədək Xristianlığın və aysorliyin adət ənənələri qorunub saxlanmaqdadır. Mhalmilərlə bağlı məlum olan yeganə mənbə patriarx Mor Afremin qələmə aldığı «Turabdin tarixi»dir. Burada mhalmilərin dinini dəyişdirdikləri tarix 1609-cu il kimi göstərilir. Bu topluluq keçmişdə Aysor Ortodoks kilsəsinə bağlı olub. Göründüyü kimi, aysorlar tarix boyu dini və siyasi mübahisələr səbəbindən davamlı parçalanmalara məruz qalmış, əvvəlki fəaliyyətlərini, mədəniyyət və nüfuzlarını itirmişlər. Müasir dövrdə dünyada 20 milyondan çox aysor var: Aysor ortodokslar, Aysor katoliklər, Marunilər, Melkitlər (Melkit Katoliklər), Syro-Malabarlar və s. Hindistanda yaşayan 3,5 milyon aysor da daxil olmaqla 5,5 milyon aysor ortodoksa patriarx Mor İqnatios I Zekka İvas və ona bağlı Hindistandakı Şərqi Mafiryani Mor Baselios və 40 mitropolit dini rəhbərlik edir.
Türkiyə aysorlari
redaktəTürkiyənin Mardin, Mersin, Diyarbəkir, Adıyaman, Elazığ, Ankara, İzmir, Malatya, Şanlıurfa, Qaziantep, Antakya, Antalya və Adana bölgələrində məskunlaşan aysorların sayı 17 mindən çoxdur. İstanbulda isə 15 min nəfər aysor yaşayır. Orda suryani adlanırlar. Onların İstanbuldakı tarixləri əsrlər öncəyə təsadüf edir. Bizans imperatoru Konstaninin anası Heleni, imperator Yustinianın arvadı Teodora, İstanbulun ilk mitropoliti Mor Yuhanna İstanbul tarixində mühüm iz qoyan aysorlardən sadəcə bir neçəsidir. İndiki İstanbul Aysor icması 1950-ci illərdən başlayaraq Şərqi və Cənub-Şərqi Anadoludan köç edənlərin hesabına yaranıb. XIX əsrdə Patriarx IV Pyotr tərəfindən yaradılan Tarlabaşındakı Məryəm ana kilsəsi 1950-ci illərdə o dövrdəki Mardin mitropoliti Mor Filüksinos Yuhanna Dolabaninin rəhbərliyi altında daha da genişlənir. Mardində mitropolit Yuhanna Dolabaninin vəfatından sonra 1986-cı ildə Moran Mor İğnatiyos Zeka İvas tərəfindən Dəməşqdəki Patriarxlıqda təmtəraqlı mərasimlə Yusuf Çetin İstanbul İcması Ruhani rəhbərliyinə təyin edilir. Beş min illik tarixi keçmişə malik mədəniyyətin varisləri olan aysorlar Türkiyə, Suriya, İraq, Liviya, İordaniya, İsrail və Hindistanda yaşayırlar. XX əsrin son rübündən aysorların böyük bir qismi Türkiyə və Yaxın Şərqdən ayrılaraq Avropa və Skandinaviya ölkələri başda olmaqla Amerika, Avstraliyaya köçüblər.
Aysor keşişlər
redaktəAysorlar çoxkonfessiyalı olmaqla yanaşı, həm də çox maraqlı adət-ənənələri var. Aysor kilsəsinə görə, keşiş və onun köməkçisi vəzifəsini daşıyanlar evli olmalıdırlar. Onlar subay olarkən bu rütbələri ala bilməzlər. Köməkçilər arvadları öldükdə yenidən evlənə bilər, lakin keşişlər arvadları öldükdən sonra ailə qura bilməz, onların arvadları da ərləri öldükdən sonra ərə gedə bilməzlər. Buna görə keşişlər rütbə almaq üçün arvadları ilə razılaşmalıdırlar. Səbəb keşişlərin insanların mənəvi atası sayılmalarıdır. Arvadı ölən keşiş yenidən evlənmək istəyərsə, vəzifəsindən istefa verməlidir. Monastırda rahib olan din xadimləri də evlənə bilməz. Onlar ömrü boyu subay qalır, yepiskop, mitropolit və patriarx onların arasından seçilir. Lakin arvadı ölmüş keşiş elmi və əxlaqi baxımdan münasib olduğunda yepiskop təyin oluna bilər.
Ölümlə bağlı inanc
redaktəAysor Ortodoks inanc sistemində ölümdən sonra insanın qarşılaşacağı hadisələr: ölüm –ruhun bədəni tərk etməsi; dirilmək - ruhun cismə geri dönməsi və yenidən canlanması; qarşılaşma - Məsihin ikinci gəlişində insanları etdiklərinə görə mühakiməsi; sonsuz cəza - yaxşıların xoşbəxtliyə, pislərin Cəhənnəmin sonsuz əzabına məhkum edilməsi; xoşbəxtlik - müqəddəslərin göylərdə sahib olacaqları sonsuz həyatdır. Cəhənnəm isə günahkarlar və şeytanların sonsuz əzab yeridir. Aysorların dini düşüncəsinə görə, inanclı ölənlər, dirilərin qurban, namaz və sədəqələrindən faydalanırlar.
Batil inanc və adətlər
redaktəAysorlar tarixin müxtəlif dövrlərində bir çox sivilizasiyalara şahid olduqları üçün həyat və məişətlərində maraqlı adət və inancları var. Məsələn, ayağını soyunan zaman ayaqqabılar üst-üstə düşməsi sahibinə səfərə çıxacağını, əlinin içi qaşınan insanın pul itirəcəyi və ya qazanacağını, gözü səyriyən adamın sevinəcəyini, qayçının açıq qalması ev sahiblərinin haqqında dedi-qodu yayıldığını göstərən əlamətlər kimi qəbul edilir. Sabun, bıçaq, qayçı kimi əşyaların əldən-ələ verilməsinin alanla verən arasında küsülülüyə səbəb olacağına dair inanclar var. İnsanın şəklinin öpülməsi, ayaqqabının çevrilməsinin uğursuzluq gətirəcəyi haqda inanc, əsgərə və ya qürbətə gedəcək şəxsin əlini un dolu qaba salınması kimi adətlər də mövcuddur.
İstinadlar
redaktə- ↑ Ајсорлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 197.
- ↑ "Joshua Project – Unreached Peoples of the World : Assyrian". 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
- ↑ "Joshua Project – Unreached Peoples of the World : Assyrian / Aramaic (by 2010)". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
- ↑ "UNPO". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
- ↑ "Assiriyalılar". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |