Ermenistanda Qarabag Herekati - Wikipedia
Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi.
Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını "Referendum" adlandırırdılar.
Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75–80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti gəlir. Bu nümayəndə heyəti özü ilə Qarabağ ermənilərinin yeni müraciətlərini və "Dağlıq Qarabağın əzəli erməni torpağı olmasını sübut edən 8 sənəd" gətirir. Bu sənədlər Qarabağın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və etnoqrafiyasına aid idi. Nümayəndə heyətinin üzvləri Mərkəzi Komitənin qəbul şöbəsinin müdürü Kriqin ilə, Sov. İKP. Mərkəzi Komitəsinin siyasi bürosuna namizəd P. N. Demiçev, Sov. İKP-nın MK-nin millətlərarası münasibətlər üzrə alt şöbəsinin müdürü V. A. Mixaylov ilə görüşlər keçirir. Fevralın əvvəli Qarabağ ermənilərindən ibarət daha bir nümayəndə heyəti Moskvada V. A. Mixaylov və SSR-nin xarici işlər naziri A. A. Qromıko ilə görüşür. Ç. A. Sultanovun yazdığına əsasən[1] 1988-ci ilin yanvarında Dağlıq Qarabağda aşahıdakı məzmunlu vərəqələr yayılmağa başladı:
"Kolxoz və sovxozlarda eləcə də vilayətin aparıcı müəssisələrində ümumi həmkarlar ittifaqı, komsomol və partiya yığıncaqlarının keçirilməsi və bu yığıncaqlarda Qarabağın Ana Vətənlə birləşməsi məsələsinin müzakirəsinin vaxtı gəlib çatmışdır. Aşkarlıq və demokratiya ruhu bu məsələnin açıq səmimi müzakirəsi üçün təkan olmalıdır. Yığıncaqlarda qəbul olunmuş qətnamələri möhürlərlə təsdiq edərək Sov. İKP-nın MK-nə göndərmək lazımdır."
13 fevral 1988-ci ildə Xankəndində (o zaman Stepanakert) ilk kütləvi nümayiş təşkil olunur[2]. Nümayişçilərin tələbi "DQMV-nin Ermənistanla birləşdirilməsi" idi. Sabahsı gün şairə Silva Kaputikyan Ermənistan SSR-də ən nüfuzlu ictimai təşkilatlardan olan Ermənistan Yazıçılar İttifaqının iclasında Qarabağ ermənilərinin tələblərini dəstəklədiyi haqqında çıxış edir.
Fevralın 16-dan martın 2-nə kimi Xankəndinin mərkəzi meydanında fasiləsiz nümayişlər keçirilir.
Fevralın 20-i DQMV-nin Xalq Deputatları Şurasının növbədənkənar iclasında "Ermənistan SSR və Azərbaycan SSR-in Ali Sovetləri qarşısında, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında vəsadət qaldırılması qərara alınır". Həmin gün vəsadətə dəstək olaraq İrəvanda ilk nümayiş keçirilir.
Martın 1-də Xankəndində Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşısına məqsəd qoymuş "Krunk" təşkilatı yaradılır, təşkilatın rəhbəri Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov olur. Təşkilatın "ideoloji bölməsinin" rəhbəri Xankəndi ipək fabrikinin partkokomu Robert Koçaryan təyin olunur. S. Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyan xalq drujinalararının təşkil olunması ilə məşğul olur (Bu "drujinaların" ilk işlərindən biri Xankəndində yaşayan azərbaycanlıları qovmaq və onların əmlakını talan etmək olur). Bir müddət sonra Ramzik Petrosyan "Qarabağ özünü müdafiə qüvvələri" adlanan erməni silahlı dəstələrinin komandirlərindən biri olur[3].
Rəsmən "Krunk" təşkilatı məqsədinin "reqionun tarixini" onun "Ermənistan ilə əlagələrini" öyrənmək eləcə də "tarixi abidələri bərpa etmək" olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Tomas de Vaal öz kitabında qeyd edir ki: "Krnuk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı". Ç. A. Sultanovun məlumatına əsasən 1988-ci il ərzində "Krnuk" dəfələrlə tətillər təşkil edib. Ən uzun tətillər 24 mart — 5 aprel, 23 may – 24 iyul, 12 sentyabr – 9 oktyabr, 14 noyabr – 7 dekabr tarixlərində olub.
Martın 24-ü Azərbaycan SSR-in Ali Sovetinin qərarı ilə komitə (Krunk) ləğv edilir. Lakin faktiki olaraq Krunk öz fəaliyyətini davam etdirir. Mayın 8-i Qarabağ erməniləri Krunkun fəaliyyətinin dayandırılması ilə əlagədar "Direktorlar Şurasının" fəaliyyətini bərpa edirlər, bu təşkilat faktiki olaraq 1991-ci ilin sonunacan separatçılara rəhbərlik edir, ilin sonunda ermənilər "Dağlıq Qarabağın Ali Sovetinə" seçkilər təşkil edir, bu seçkilərdə Muxtar vilayətin azərbaycanlı əhalisi iştirak etmir.
Bir müddət sonra Arkadi Manuçarov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunaraq SSRİ Baş prokurorluğu tərəfindən həbs olunur[4].
Eyni zamanda Ermənistanda Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda kampaniya geniş vüsət alır, İrəvanda "Qarabağ komitəsi" yaradılır. Bir müddət sonra "Qarabağ komitəsi" faktiki olaraq hakim Ermənistan Kommunist partiyasını üstələyir.
İrəvanda nümayişlər şəhərin mərkəzində teatr meydanında təşkil olunurdu. Tomas de Vaal öz kitabında yazır ki, "fevralın 20-i Xankəndində vilayətin Ali Sovetinin sessiyası öz işinə başlamamışdan bir az əvvəl meydana 30 min nəfər adam toplaşır". Hər gün mitinqlərin iştirakçılarının sayı artırdı.
Fevralın 26-sı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Kremlda Zoriy Balayanı və Silva Kaputikyanı qəbul edir[5]. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qeorqi Şaxnazarov da iştirak edir.
Şaxnazarov yazır ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri "Arxadan vurulan zərbə" kimi səciyyələndirdi. Həmçinin o qeyd etdi ki, "azərbaycanlıları çətinliklə sakitləşdirirlər, əsası isə təhlükəli presedent yaranır. Ölkədə onlarla potensial etnik qarşıdurma ocağı var, Qarabağ məsələsi, zorakı əməllərə əl atmağa cürət etməyənləri buna ilhamlandıra bilər.
Qorbaçov Dağlıq Qarabağın Ermənistana verilməsi fikrini qəbul etmir, lakin regionda iqtisadi və siyasi islahatların keçirilməsi vədini verir. Öz tərəflərindən Balayan və Kaputikyan İrəvanda teatr meydanında toplanmış insanlara nümayişi bir aylıq dayandırmaq müraciəti ilə çıxış edəcəkləri vədini verdilər.
Həmin gün İrəvanda Mixail Qorbaçovun "Ermənistan və Azərbaycan zəhmətkeşlərinə müraciəti"nin mətni oxundu[6]. Müraciətdə Qorbaçov hər iki respublikanın zəhmətkeşlərinə xitabən "vətəndaş sayıqlığını və mətinliyini qoruyub saxlamağı normal həyata qayıtmağı və ictimai asayişə riayyət etməyə çağırırdı.
Qarabağ hərəkatının rəhbərləri "Sumqayıt hadisələri"ndən öz xeyirlərinə məharətlə istifadə etdilər. Bir tərəfdən onlar Ermənistanda yaşayan azərbaycanlıların qovulması prossesini sürətləndirdilər; digər tərəfdən isə dünya ictimaiyyətini çaşdırmaq məqsədilə bir sıra təbliğati aksiyalar keçirdilər. Həmçinin, onlar erməni cəmiyyətinin daha da radikallaşması üçün Sumqayıt hadisələrindən istifadə etdilər. Qeyd etmək lazımdır ki, Ermənistanda yaşayan azərbaycanlıların qovulması prosesi Sumqayıt hadisələrindən əvvəl başlamışdı.
1988-ci il martın 3-ü (Sumqayıt hadisələrindən sonra) "Qarabağ komitəsi" BMT, Ümümdünya kilsələr şurasına, Sosinternə, kommunist partiyalarına, Beynəlxalq qırmızı xaç təşkilatına və Dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edir. Müraciətdə "Sov. İKP-nin mərkəzi komitəsinin bir qrup məsul işçisini və Sovet Azərbaycanının rəhbərliyini erməni xalqına qarşı cinayət törətməkdə ittiham edir".
Martın 21-də Sov. İKP-nin siyasi bürosunun iclası keçirilir, iclasda Qarabağda və Ermənistanda baş verən hadisələr habelə "Qarabağ komitəsi"nin fəaliyyəti müzakirə olunur. Sovetlər İttifaqının mərkəzi mətbu orqanı olan Pravda qazeti "Qarabağ hərəkatı" həmçinin Azərbaycan və Ermənistanda baş verən hadisələr haqqında "Emosiyalar və Şüur" başlıqlı iri məqalə dərc etdirir. Məqalədə hər iki respublikada baş verənlər "insanları təxribata çəkən məsuliyyətsiz ekstremistlərin əməlləri olduğu bəyan edilirdi". Bu məqalə həm də Sovet dövlətinin o vaxt üçün rəsmi mövgeyi də hesab oluna bilər.
Martın 23-ü bu məqaləyə cavab olaraq Xankəndində uzunmüddətli kütləvi tətil başlayır, bu tətil aprelin 5-nə kimi davam edir. Martın 24-ü Azərbaycan SSR-in Ali Sovetinin Rəyasət heyəti "Krunk" cəmiyyətinin ləğvi və icazəsiz toplantıların qadağan edilməsi haqqında qərar qəbul edir.
Martın 21-i məşhur alim və hüquq müdafiəçisi olan A. D. Saxarov, Qorbaçova ünvanladığı məktubda Dağlıq Qarabağın Ermənistana verilməsi tələbini dəstəklədiyini bildirir.
1988-ci ilin mayında "Qarabağ komitəsi"nin rəhbərliyində dəyişikliklər baş verir bu dəyişikliklər komitənin fəaliyyətində dönmə nöqtəsi də hesab oluna bilər. Qarabağ erməniləri olan Zoriy Balayan və İqor Muradyan komitədən kənar edilirlər.
Yeni "Qarabağ komitəsi" demək olar ki, bütünlüklə İrəvan ziyalılarından ibarət idi bunların da çox hissəsi elm xadimləri idi.
Tomas de Vaal bu haqda öz kitabında yazır "Yeni liderlər əvvlki kimi, özlərini "Qarabağ komitəsi" adlandırsalar da, onların siyasi maraqları Qarabağın çox-çox xaricinə yayılırdı. Onlar hamısı 1956–1967-ci illərdə İrəvanda keçirilmiş millətçi nümayişlərin dövründə formalaşan nəslə aid idilər. Bu nümayişlərin nəticəsində Ermənistanda 24 aprel 1915-ci il günü erməni soyqırımı günü kimi elan edilir və İrəvanda soyqırım abidəsi ucaldılır. Bu insanlar "erməni məhkəməsi" ya da "Hay dat"ın ideyalarının daşıyıcısı idilər. "Hay dat" Los-Ancelesdən Beyruta kimi ümumi millətçi məqsədlər ətrafında bütün ermənilərin birləşməsini nəzərdə tutur".
"Qarabağ komitəsi" sonradan "Qarabağla Ermənistanın birləşməsi uğrunda umummilli erməni hərəkatı"na da rəhbərlik eləməyə başladı. SSRİ Baş Prokurorluqu "Qarabağ komitəsi"nin bəzi rəhbərlərini həbs edərək 1988-ci ilin dekabr ayından 1989-cu ilin may ayına kimi həbsdə saxlayır.
1990-cı ilin avqustunda Erməni Ümummilli Hərəkatı Levon Ter Petrosyanın rəhbərliyi ilə Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə qalib gəlir. "Qarabağ komitəsi"nin bir çox üzvü nazir və dövət məmuru olur.
İstinadlar
redaktə- ↑ "Çinqiz Sultanov". 2011-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
- ↑ "Tomas de Vaal". 2011-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
- ↑ "Глава 4. 1988–1989 г. г. Кризис в Армении". 2011-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
- ↑ "Кривопусков В. В. Мятежный Карабах". 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
- ↑ ""Qorbaçov" Andrey Qraçov". 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
- ↑ "Самоопределение по ленинским принципам". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.