Firuze Elixanova - Wikipedia
Firuzə Məmmədqulu qızı Əlixanova (10 sentyabr 1917, Ordubad – 23 noyabr 1994, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1974).[1]
Firuzə Əlixanova | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1994 (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktrisası, aktrisa |
Teatr |
|
Mükafatları |
|
Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub.
Həyatı
redaktəFiruzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda doğulub.[1] O, buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və daha sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub.[1] Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" və 4 oktyabr 1974-cü ildə "xalq artisti" fəxri adları ilə təltif edilib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb.
23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.
Yaradıcılığı
redaktəİlk dəfə səhnəyə 1932-ci ildə ildə Asya rolunda ("Arşın mal alan", Ü. Hacıbəyli) çıxmışdır. Yaradıcılığı C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlıdır. Dram tamaşaları ilə yanaşı, musiqili əsərlərdə də yaddaqalan səhnə obrazları yaratmışdır. Rolları: Almaz ("Almaz", C. Cabbarlı), Şirin ("Fərhad və Şirin", S. Vurğun), Həcər ("Qaçaq Nəbi", S. Rüstəm), Kruçinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Leyli ("Leyli və Məcnun", Ü. Hacıbəyli), Gülçöhrə və Cahan xala ("Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq qərib", Z. Hacıbəyli), Cənnət ("Qayınana", M. Şamxalov), Beatriça ("İki ağanın bir nökəri", K. Qoldoni), Tükəz ("Hacı Qara", M. F. Axundov), Hafizə xanım ("Pəri-cadu", Ə. Haqverdiyev), Zəhrabəyim ("Anamm kitabı", C. Məmmədquluzadə) və s. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Firuzə Əlixanovanın ifa etdiyi rollar xarakter əlvanlığı ilə də seçiliblər. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (Leyli), "Əsli və Kərəm" (Əsli), "Ər və arvad" (Minnət xanım), "Məşədi İbad" (Gülnaz), "Arşın mal alan" (Gülçöhrə), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Şahsənəm), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Lalə), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun "Özümüz bilərik" (Şölə xanım) opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. O, hərəkət, sifət və danışıq ifadə vasitələrindən həm ayrılıqda, həm də sintez şəklində məharətlə istifadə edərək yaradıcılıq salnaməsmə çeşidli obrazlar daxil edib.
Firuzə Əlixanovanın rollar cəbbəxanasında Böyükxanım, Şərəbanı, Mariya Timofeyevna, Kərbəlayı Fatmanisə ("Aydın", "Yaşar", "1905ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev),, Zalxa ("Toy", Sabit Rəhman), Şölə xanım, Tükəz ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundov), Ana ("Odlu diyar", Hüseyn Razi), Cənnət xala ("Qaynana", Məcid Şamxalov), Nina ("Şeyx Sənan", Hüseyn Cavid), Gülnar, Məhmənə banu ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Həcər xanım ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şirin xanım ("Yarımçıq şəkil", Adil Babayev), Mənsurə ("Əgər sevirsənsə…", Ramiq Muxtar), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Gertruda, Emiliya ("Hamlet" və "Otello", Vilyam Şekspir), Maşa ("Tribunal", Aleksey Makayenok) kimi yaradıcılıq nümunələri var.
Filmoqrafiya
redaktəXarici keçidlər
redaktə- ↑ 1 2 3 Fərəcov, Savalan. ""Həyatdan və səhnədən doymayıb gedirəm"". Mədəniyyət. 12 sentyabr 2014. səh. 15. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.