Keti Perri - Wikipedia
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984[1][2], Santa-Barbara, Kaliforniya[7]) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır.
Keti Perri | |
---|---|
ing. Katy Perry | |
Ümumi məlumatlar | |
Doğum adı | Katheryn Elizabeth Hudson |
Ləqəbi | Katy Perry |
Doğum tarixi | 25 oktyabr 1984[1][2] (40 yaş) |
Doğum yeri | |
Partnyorları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, səsləndirmə aktrisası[d], rəqqasə, biznes ledi, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2001-ci ildən |
Janrlar | pop musiqisi, rok, pop-rok, rəqs musiqisi[d], sinti-pop, elektropop[d], qospel |
Albom şirkətləri | Columbia Records, Capitol Records[d], Island Records |
katyperry.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur. Onun əsasən disko janrında olan sinqllarla zəngin üçüncü studio albomu Teenage Dream 2010-cu ildə işıq üzü görmüşdür. Albomda yer alan "California Gurls", "Teenage Dream", "Firework", "E.T." və "Last Friday Night (T. G. I. F.)" mahnıları Amerikanın Billboard Hot 100 siyahısında yuxarı pillələrdə yer almışdır. Keti Perrinin Prism adlı dördüncü studio albomu 2013-cü ildə təqdim edilmişdir. Dördüncü albomunda yer alan "Roar" və "Dark Horse" sinqllarına çəkilən videokliplər hər biri Youtube-də bir milyarddan artıq baxış sayına malikdir. Onun beşinci studio albomu Witness isə 2017-ci ilin iyun ayında işıq üzü görmüşdür. Albomda əsasən elektropop stilində mahnılar yer almış və albomun ən uğurlu sinqlı "Chained to the Rhythm" olmuşdur. Mahnı müxtəlif Avropa ölkələrinin hit paradlarında birinci yerə yüksəlmişdir.
Keti Perri indiyədək dörd dəfə Ginnesin Rekordlar Kitabına düşmüş, beş American Music Award mükafatı, bir Brit Award mükafatı və bir Juno Award mükafatı qazanmışdır. Müğənni yeddi dəfə (2011–2017) Forbes jurnalının "Musiqidə ən çox qazanc əldə edən qadınlar" siyahısında yer almışdır.
Həyatı
redaktəKetrin Elizabet Hadson 25 oktyabr 1984-cü ildə ABŞ-nin Kaliforniya ştatında yerləşən Santa-Barbara şəhərində dindar ailədə dünyaya göz açmışdır. Onun anası Meri Kristin və atası Mauris Keyt Hadson protestant xristiyanlarıdır. Ketinin hər iki valideyni kilsələrdə kahin olaraq xidmət göstərmişdirlər. Keti Perri əslən ingilis, alman, irland və portuqal mənşəlidir. Onun dayısı Frenk Perri rejissor olmuşdur. Ketinin Devid adlı kiçik qardaşı və Ancela adlı böyük bacısı var. Valideynlərinin işi ilə əlaqədar olaraq üç yaşından on bir yaşına kimi o, ailəsi ilə birlikdə dəfələrlə Amerikanın müxtəlif bölgələrində yaşamışdır. Keti kiçik yaşlarında Kaliforniya və eyni zamanda Arizona ştatlarında yerləşən dini məktəblərdə təhsil almışdır. Maddi çətinliklər səbəbindən onun ailəsi dövlətin kilsədə xidmət göstərən ruhaniləri qida ilə tənzim etdiyi ərzaq bankından qidalanmışdır.
Ailədə pop, disko və s. beynəlxalq musiqi janrlarına qulaq asmama qadağası səbəbindən Keti Perri yalnız qospel musiqisi ilə böyümüşdür. Keti ilk dəfə pop musiqisi ilə dostlarının ona gizlicə bağışladığı CD sayəsində tanış olmuşdur. Özünün dindar olmadığını bildirən müğənni müsahibələrindən birində söyləmişdir: "Mən hər zaman yalnız özümü idarə edə bilmək və təvazökarlıq üçün dua edirəm". Bacısı Ancelanın ardınca o doqquz yaşından kilsələrdə çıxış etməyə başlamışdır. İlk növbədə valideynlərinin qarşısında oxuyan Keti onların dəstəyi ilə vokal dərsləri almışdır. 13 yaşında Ketiyə gitara hədiyyə edilmişdir və o, öz bəstələdiyi mahnıları gitarası ilə ictimaiyyətə ifa etməyə başlamışdır. Keti yeniyetmə yaşlarında eyni zamanda rəqs dərsləri də almışdır[8].
Musiqi karyerası
redaktə1999–2006: Karyeranın başlanğıcı
redaktəKeti Perri hələ 15 yaşında ikən təhsilini başa vurmuş və musiqi karyerasını başlatmaq qərarına gəlmişdir. O bir müddət Santa-Barbarada yerləşən Music Academy of the West akademiyasında İtalyan operası üzrə təhsil almışdır. Onun ifasını bəyənən rok müğənniləri Stiv Tomas və Cennifer Knapp Ketiyə mahnı bəstələməyi öyrətmək üçün həmin akademiyadan Neşvillə gətirmişdirlər. Gənc müğənni Neşvilldə mahnı bəstələməyi və eyni zamanda gitarada ifa etməyi qısa zamanda mənimsəmişdir. Red Hill Records albom şirkəti ilə müqavilə imzaladıqdan sonra Ketinin debüt albomu Katy Hudson işıq üzü görmüşdür. Əsasən qospel janrında olan mahnılardan təşkil olunmuş albom 2001-ci ilin mart ayında nəşr edilmişdir və albomun təqdimatından həmən sonra Keti rok ifaçısı Fil Conun Strangely Normal Tour adlandırdığı turda çıxışlar etmişdir. Katy Hudson tənqidçilərdən əsasən müsbət rəylər qazansa da, albom reklam cəhətdən heçdə uğurlu olmamış və yalnız 200 nüsxəsi satılmışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə prodüser Qlen Ballard ilə birlikdə mahnılar bəstələməyə başlamış və 2002-ci ildə Los-Ancelesə köçmüşdür. 2003-cü ildə o aktrisa Keyt Hadson ilə qarışıqlıq yaranmaması üçün bir müddət Ketrin Perri olaraq fəaliyyət göstərmişdir. Daha sonra müğənni "Keti Perri" səhnə adını götürmüşdür.
2004-cü ildə Keti Qlen Ballardın albom şirkəti olan Java ilə müqavilə imzalamış və həmin şirkət The Island Def Jam Music Group şirkəti ilə birləşmişdir. Qısa zaman müddətində Java ümumiyyətlə fəaliyyətini dayandırmışdır. Daha sonra Ballard Ketini Columbia Records albom şirkətində fəaliyyət göstərən Tim Divayn ilə tanış etmiş və Timin dəstəyi ilə Keti həmin albom şirkəti ilə növbəti müqavilə imzalamışdır. Növbəti iki il boyunca Keti Columbia Records üçün mahnılar bəstələmiş və tanınmış bəstəkarlarla birlikdə fəaliyyət göstərmişdir. 2006-cı ildə Columbia Records-la anlaşma müddəti bitdikdən sonra Keti bir müddət Taxi Music şirkəti ilə birlikdə işləməyə başlamışdır.
Keti Perri sənətdə həvəsində olduğu nüfuzu əldə etməzdən öncə kiçik uğurlar qazanmağa nail olmuşdur. Qlen Ballardla birlikdə ərsəyə gətirdiyi "Simple" sinqlı 2005-ci ildə "The Sisterhood of the Traveling pants" adlı filmin soundtrekinə daxil edilmişdir. Keti britaniyalı rok musiqiçisi Mik Caqqerin mahnılarından birində dəstək vokalçı olaraq musiqiçini müşayiət etmişdir. Gənc müğənni eyni zamanda bir neçə videokliplərdə də aktrisa olaraq iştirak etmişdir.
2007–2009: One of the Boys albomu ilə tanınma
redaktəColumbia Records albom şirkəti ilə anlaşma müddəti bitdikdən sonra şirkətin təqdimat icraçısı Ancelika Kob-Beyler Ketinin demolarını Virgin Records albom şirkətinin sədri Ceyson Floma dinlətdirmişdir. Flom Ketinin dünya şöhrətli ulduz ola biləcəyini inanmış və Ketiyə yeni bir albom şirkəti ilə əlaqə yaratmaqda dəstək olmuşdur. O 2007-ci ilin aprel ayında Capitol Records şirkəti ilə yeni müqavilə imzalamışdır. Şirkət Ketiyə ikinci studio albomuna "səs gətirə biləcək partlayış" əlavə etməsi üçün bəstəkar və prodüser Dr. Lyuku təşkil etmişdir[9]. Keti və Dr. Lyuk birlikdə müğənninin ikinci albomu olan One of the Boys üçün "I Kissed a Girl" və "Hot n Cold" sinqllarını bəstələdilər. 2007-ci ilin noyabr ayında "Ur So Gay" videoklipinin təqdim edilməsi ilə Keti Perrinin beynəlxalq musiqi aləmində tanıdılması məqsədilə bir kampaniya başladılmışdır. Madonna mahnını ictimaiyyətə tanıtmaq üçün 2008-ci ilin aprel ayında JohnJay & Rich radio şousunda mahnı barədə müsbət fikirlərini səsləndirmişdir. 2008-ci ildə Keti Perri eyni zamanda "Wildfire" teleserialının bir hissəsində klub müğənnisi olaraq çıxış etmişdir.
Keti Perrinin Capitol Records ilə birlikdə işlədiyi ilk sinqlı "I Kissed a Girl" 2008-ci ilin aprel ayında təqdim edilmişdir. Mahnı qısa zaman ərzində Amerikanın Billboard Hot 100 siyahısında birinci yerə yüksəlmişdir. Müğənni MTV telekanalına müsahibədə valideynlərinin onun musiqi karyerasına qarşı olması ilə bağlı fərziyyənin doğru olmadığını bildirmişdir[10]. Ketinin ikinci albomu One of the Boys 2008-ci ilin iyun ayında satışa buraxılmışdır. Tənqidçilərdən bərabər səviyyədə müsbət və mənfi rəylər qazanan albom Amerikanın Billboard 200 albom siyahısında 9-cu yerdə qərarlaşmışdır[11]. Albomun dünya üzrə 7 milyon nüsxəsi satılmışdır[12]. Albomda yer alan "Hot n Cold" sinqlı həmin ilin sentyabr ayında təqdim edilmiş və albomun ikinci ən uğurlu mahnısı olmuşdur. "Hot n Cold" Billboard Hot 100 siyahısında üçüncü yerdə, Almaniya, Kanada, Niderland və Avstriya hit paradlarında isə zirvəyə yüksəlmişdir. Albomun iki sinqlı "Thinking of You" və "Waking Up in Vegas" isə 2009-cu ildə təqdim edilmiş və digər iki sinqldan fərqli olaraq Billboard Hot 100 siyahısında yalnız ilk otuzluqda yer ala bilmişdirlər.
Keti Perri 2008-ci ildə rok musiqisi festivalı çərçivəsində təşkil olunan Warped Tour-da səhnə almışdır. Turlar sona çatdıqdan sonra o 2008-ci ilin noyabr ayında MTV Europe Music Awards-a aparıcılıq etmiş və özü də "Ən yaxşı yeni ifaçı" nominasiyası üzrə mükafat qazanmışdır[13]. Keti eyni zamanda 2009 Brit Awards-da "Beynəlxalq qadın solo ifaçısı" kateqoriyasında mükafat əldə etmişdir. One of the Boys albomunu tanıtmaq məqsədilə Keti 2009-cu ilin yanvar ayından noyabr ayınadək Cənubi Amerika, Avropa, Asiya və Avstraliyada Hello Katy turunu həyata keçirmişdir. Daha sonra müğənni noyabr ayında 2009 MTV Europe Music Awards-a aparıcılıq etmişdir. Noyabr ayında eyni zamanda Keti Perrinin MTV Unplugged adlı canlı ifalardan təşkil olunmuş albomu təqdim edilmişdir. Albomda One of the Boys studio albomunda yer alan beş mahnının akustik versiyaları və eyni zamanda iki yeni sinql ("Brick by Brick" və "Hackensack") canlı olaraq səsləndirilmişdir. 2010-cu ilin yanvar ayında Ketinin Timbaland ilə duet şəklində ifa etdiyi "If We Ever Meet Again" sinqlı dinləyicilərə təqdim edilmiş və sinql Timbalandın Shock Value II studio albomunda yer almışdır. 2010-cu ildə Keti Perri "ABŞ rəqəmsal siyahılarında ən yaxşı başlanğıc edən qadın ifaçı" olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdür.
2008-ci ildə Trevi MakKoy ilə münasibətlərinin sona çatmasından sonra Keti 2009-cu ildə gələcək həyat yoldaşı Rassel Brend ilə ilk dəfə film çəkilişlərinin birində tanış olmuşdur. Cütlük 2009-cu ilin dekabr ayında Hindistanın Racastan əyalətində nişanlanmışdırlar[14].
2010–2012: Teenage Dream albomu və evlilik
redaktəAmerican Idol musiqi yarışmasında qonaq münsif olaraq çıxış etdikdən sonra Keti Perri 2010-cu ilin may ayında tanınmış reper Snoop Dogg ilə duet şəklində ifa etdiyi "California Gurls" sinqlını təqdim etmişdir. Mahnı müğənninin üçüncü studio albomu olan Teenage Dream-də yer almış və iyun ayında Amerikanın Billboard Hot 100 siyahısında birinci yerə yüksəlmişdir. Keti həmin ay eyni zamanda Böyük Britaniyanın The X Factor yarışmasında qonaq münsif olaraq iştirak etmişdir. İyul ayında müğənninin üçüncü studio albomunun əsas sinqlı olan "Teenage Dream" ilk dəfə təqdim edilmişdir. "Teenage Dream" həmin ilin sentyabr ayında Billboard Hot 100 siyahısında zirvəyə yüksələ bilmişdir. Müğənninin üçüncü albomu avqust ayının 24-də işıq üzü görmüş və təqdimatından həmən sonra Billboard 200 siyahısında ilk pillədə qərarlaşmışdır. Albom musiqi tənqidçilərdən bərabər səviyyədə müsbət və mənfi rəylər qazanmış və beynəlxalq arenada albomun 6 milyon nüsxəsi satılmışdır. Oktyabr ayında albomun üçüncü sinqlı olan "Firework" ilk dəfə təqdim edilmiş və mahnı sözü gedən albomun Billboard Hot 100 siyahısında birinci yerə yüksələn üçüncü sinqlı olmuşdur. Teenage Dream albomu əldə etdiyi beynəlxalq nailiyyətlərə görə 2011-ci ildə "İlin albomu" nominasiyası üzrə Juno Award mükafatını qazanmışdır[15].
Teenage Dream studio albomunun dördüncü sinqlı, Keti Perrinin Amerikalı reper Kanye Vest ilə birlikdə ifa etdiyi "E.T." 2011-ci ilin fevral ayında təqdim olunmuşdur. Sinql beş həftə boyunca Billboard Hot 100 siyahısında birinciliyi qorumuşdur. Albomun beşinci sinqlı olan "Last Friday Night (T. G. I. F.)" iyun ayında buraxılmış və həmin bu sinql da Billboard siyahısında ilk pilləyə yüksələ bilmişdir. Teenage Dream albomu tərkibindəki beş sinqlın Billboard Hot 100 siyahısında birinciliyə yüksələ bilməsi nailiyyətinə görə Keti Perri 2011-ci ildə American Music Award mükafatı qazanmış və 2013-cü ildə növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Sentyabr ayında müğənni 69 həftə boyunca Billboard Hot 100 siyahısının onluğunda qala bilməsi ilə növbəti rekorda imza atmışdır. Oktyabr ayında albomun altıncı sinqlı "The One That Got Away" təqdim olunmuş və sinql Billboard siyahısında üçüncü yerə yüksəlmişdir. Capitol Recordsun ərsəyə gətirdiyi, Teenage Dream studio albomunun növbəti versiyası Teenage Dream: The Complete Confection albomunun əsas sinqlı "Part of Me" 2012-ci ilin fevral ayında dinləyicilərə təqdim edilmişdir. Mahnı Billboard siyahısında birinci yerə yüksəlmiş və Keti Perrinin yeddinci hit mahnısına çevrilmişdir. Teenage Dream: The Complete Confection həmin ilin mart ayında işıq üzü görmüş və albomun ikinci sinqlı olan "Wide Awake" may ayında təqdim olunmuşdur[16]. Mahnı Billboard siyahısında ikinci yerdə, Kanada və Yeni Zelandiyada isə birinci yerə yüksəlmişdir.
Keti Perri 2011-ci ilin fevral ayından 2012-ci ilin yanvar ayınadək Şimali və Cənubi Amerika, Avropa, Asiya, Avstraliya, Okeaniya və Afrikada California Dreams Tour adlandırdığı ikinci beynəlxalq turunu həyata keçirmişdir. Müğənni tur sayəsində ümumilikdə 59.5 milyon dollar qazanc əldə etmiş və eyni zamanda "Ən yaxşı canlı ifa" nominasiyası üzrə 2011-ci ildə MTV Europe Music Awards mükafatı qazanmışdır[17]. Həmin ilin sentyabr ayında Keti Elton Con və Rihanna ilə birlikdə Rio-de-Janeyroda keçirilən ənənəvi Rock in Rio festivalında çıxış etmişdir.
2010-cu ilin dekabr ayında müğənni Simpsonlar multserialının Milad bayramına həsr olunmuş epizodunda Moe Szyslak personajının qız dostunu səsləndirmişdir. 2011-ci ilin fevral ayında isə Keti Ananız ilə necə rastlaşdım teleserialında qonaq olaraq bir seriyada rol almışdır. Həmin rola görə müğənni 2012-ci ildə People's Choice Award mükafatı qazanmışdır. Keti Perri eyni zamanda 2011-ci ilin iyul ayında "Şirinlər" cizgi filmindəki personajlardan birini səsləndirmişdir. 2012-ci ilin mart ayında isə müğənni Raising Hope teleserialının bölümlərindən birində həbsxana gözətçisi Rikkini canlandırmışdır. Həmin ilin iyul ayında onun Katy Perry: Part of Me adlı sənədli filmi Paramount Pictures tərəfindən teatrlarda təqdim edilmişdir. Əsasən müsbət rəylər qazanan film müğənni və film heyətinə ümumilikdə 32.7 milyon dollar gəlir qazandırmışdır.
Keti Perri 2010-cu ilin dekabr ayında Hindistanın Racastan əyalətində Rassel Brend ilə ailə həyatı qurmuşdur[18]. Lakin cütlüyün evliliyi yalnız 14 ay sürmüş və 2011-ci ilin dekabr ayında Rassel Brend müğənni ilə ayrıldığını elan etmişdir. Brend boşanmaya səbəbin Keti Perrinin daim karyerası ilə məşğul olmasını və ona yetərli vaxt ayırmamasını göstərmişdir. Cütlük rəsmi olaraq 2012-ci ildə boşanmış və həmin ilin avqust ayında Keti Perri müğənni Con Meyer ilə münasibətə başlamışdır.
Diskoqrafiya
redaktə- Katy Hudson (2001)
- One of the Boys (2008)
- Teenage Dream (2010)
- Prism (2013)
- Witness (2017)
İstinadlar
redaktə- ↑ 1 2 Cunningham J. M. Katy Perry // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Katy Perry // GeneaStar.
- ↑ 1 2 https://www.cosmopolitan.com/entertainment/celebs/a21349741/katy-perry-orlando-bloom-relationship-timeline/.
- ↑ 1 2 https://www.who.com.au/katy-perry-john-mayer-relationship-history.
- ↑ 1 2 https://www.eonline.com/news/587471/katy-perry-keeping-her-relationship-with-diplo-undercover-find-out-why.
- ↑ 1 2 https://www.ibtimes.co.uk/katy-perry-ex-boyfriend-diplo-compares-taylor-swift-fans-north-korea-army-1492515.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #13595598X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Interview: Katy Perry – Hot N Bold". The Scotsman. 21 fevral 2009. 2009-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
- ↑ "Katy Perry's star keeps rising". Pittsburgh Post-Gazette. 21 iyul 2014. 2014-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Katy Perry Responds To Rumors of Parents' Criticism: 'They Love And Support Me'". MTV News. 20 avqust 2008. 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "One of the Boys by Katy Perry". Metacritic. 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2009.
- ↑ "Katy Perry, Fantasia look to unseat Eminem on charts". MTV News. 26 avqust 2010. 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Americans Katy Perry, Britney Spears, Kanye West, 30 Seconds To Mars Dominate 2008 MTV EMAs". MTV News. 7 noyabr 2008. 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Katy Perry and Russell Brand Engaged in India". E!. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2010.
- ↑ "2011 JUNO Gala Dinner & Award Winners". Juno Awards. 26 mart 2011. 2016-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Teenage Dream: The Complete Confection". iTunes Store. 23 mart 2012. 2015-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Justin Bieber Parties With Selena Gomez, LMFAO After MTV EMA". MTV News. 7 noyabr 2011. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
- ↑ "Katy affirms Brand loyalty". The Times of India. 26 oktyabr 2010. 2010-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.