Lev Qavalas - Wikipedia
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır.
Lev Qavalas | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1240-cı illər |
Fəaliyyəti | hərbi qulluqçu |
Həyatı
redaktəLev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir.[1]
Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak. 1205–1222) və ya III Duka İoann Vatas (hak. 1221–1254) tərəfindən verildiyi düşünülür. Digər tərəfdən, o və ya hansısa bir qohumu 1203-cü ildən əvvəl Rodosda hakimiyyətdə idisə, bu titul ona angel imperatorları tərəfindən verilmiş ola bilər.[2][3]
Nikeya imperiyası ilə münasibətlərinin təbiətindən asılı olmayaraq, Georgi Akropolitin yazdıqlarından aydın olur ki, Qavalas müstəqil fəaliyyət göstərməyə davam etmiş, bununla da Vatası qəzəbləndirmişdir. Buna görə də Vatasın böyük domestiki Andronik Komnin Paleoloq 1232-ci və ya 1233-cü ildə Rodosa yürüş etmişdir. Yürüşdə Nikey qoşunları ilə birlikdə Rodos adasına eniş edən Nikifor Vlemmid müşayiət etmişdir. Yürüş uğurlu keçmişdir və ada darmadağın edilmişdir.[4][5] Buna baxmayaraq, Qavalas yenə də hakimiyyətdə qalır, çünki o, növbəti il venesiyalılar ilə ittifaq müqaviləsi bağlamışdır. Özünü "Sezar" və "Rodos və Kiklad adaları hakimi" adlandıran Qavalas Venesiya dojunun ağalığını qəbul etmiş, Vatasın potensial hücumuna qarşı qarşılıqlı köməkləşmə barədə razılığa gəlmiş və Krit adasında venesiyalılara qarşı üsyanları yatırmaqda kömək sözü vermişdir.[4][6] Buna baxmayaraq, Qavalas 1235-ci və ya 1236-cı ildə Vatasın Konstantinopola hücumuna qatılmış və hətta iddiaya görə Venesiya donanmasına qarşı vuruşmuşdur.[3][4]
Lev Qavalasın nə vaxt öldüyü məlum deyil. Levin 1248-ci ildə ölü olduğu məlumdur, çünki həmin ildə onun qardaşı İoann Qavalas adanın hakimi idi və genuyalıların hücumuna qarşı Nikeya imperatorunun köməyinə müraciət etmək məcburiyyətində qalmışdır. Genuyalılar adanı ələ keçirmiş və beləliklə, Qavalas ailəsinin Rodos adasındakı hakimiyyəti qısa bir müddət sonra, ehtimal ki, 1250-ci ildə genuyalıların adadan qovulması və adanın Nikeyanın bir parçasına çevrilməsi ilə formal şəkildə sona çatmışdır.[2][3]
İstinadlar
redaktə- ↑ Cheynet, 1996. səh. 150–151.
- ↑ 1 2 Hendy, 1999. səh. 648–649.
- ↑ 1 2 3 Macrides, 2007. səh. 188.
- ↑ 1 2 3 Hendy, 1999. səh. 648.
- ↑ Macrides, 2007. səh. 185, 187–188.
- ↑ Setton, 1976. səh. 52 (Note #37).
Mənbə
redaktə- Cheynet, Jean-Claude. Pouvoir et Contestations à Byzance (963–1210) (fransız). Paris, France: Publications de la Sorbonne. 1996. ISBN 978-2-85944-168-5.
- Hendy, Michael F. Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection, Volume 4: Alexius I to Michael VIII, 1081–1261 – Part 2: The Emperors of Nicaea and Their Contemporaries (1204–1261) (ingilis). Washington, District of Columbia: Dumbarton Oaks Research Library and Collection. 1999. ISBN 0-88402-233-1.
- Macrides, Ruth. George Akropolites: The History – Introduction, Translation and Commentary (ingilis). Oxford, United Kingdom: Oxford University Press. 2007. ISBN 978-0-19-921067-1.
- Setton. The Papacy and the Levant (1204–1571) (ingilis). Volume I: The Thirteenth and Fourteenth Centuries. Philadelphia: The American Philosophical Society. 1976. ISBN 0-87169-114-0.
Ədəbiyyat
redaktə- Savvides, Alexis. "Ἡ Ῥóδoς καὶ ἡ Δυναστεία τῶν Γαβαλάδων τὴν Περίoδo 1204-1250 μ.Χ.". Δελτίoν τῆς Ἱστoρικῆς καὶ Ἐθνoγικῆς Ἐταιρείας τῆς Ἐλλάδoς (yunan). 24. 1981: 358–376.