Planet Arxivleri - Wikipedia
Planet arxivləri (fr. Les archives de la planète) – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır.
Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var. Digər tərəfdən, layihənin aktiv dövründə Birinci Dünya müharibəsi və Balkan müharibələri kimi tarixi hadisələr baş vermiş və müharibələrin nəticələri də fotoqraflar tərəfindən qeydə alınmışdır. Bu gün Planet Arxivləri Fransanın Paris yaxınlığındakı Albert Kan Muzeyində saxlanılır və arxivin virtual eləcə də fiziki sərgi və təqdimatı "FAKİR" adlı təşkilat tərəfindən həyata keçirilir. Arxiv BBC televiziyası tərəfindən çəkilmiş "Albert Kanın ecazkar dünyası" sənədli filmində geniş işıqlandırılmışdır.
Albert Kanın dünya səyahəti
redaktəFransız iş adamı Albert Kan Planet arxivləri layihəsini sistemli şəkildə həyata keçirməzdən əvvəl "Avropadan getməsən, Avropanı başa düşə bilməzsən" şüarı ilə dünya səyahətinə çıxır. 1908-ci ildə sürücüsü və köməkçisi Alfred Dutertre (1884–1964) ilə birlikdə Nyu-Yorka yola düşdülər. Onların yanlarında 4,000 ağ-qara plyonka və avtoxrom rəngli şüşə lövhələr, 2 kamera və 1 kinomaşın götürmüşdülər. Səyahət zamanı Dutertre həm film çəkir, həm görüntülər haqqında qeydləri gündəliyinə yazırdı. Qaldıqları gəmidə 2500 sərnişin var idi ki, onların 1370-i immiqrantlar idi. Dutertrenin gəmidə çəkdiyi fotoşəkillərdən biri Alfred Stiqlitzin 1907-ci ildə çəkdiyi məşhur "The Steerage" (İki göyərtə arası) fotoşəkili ilə heyrətamiz dərəcədə oxşardır.[1]
XX əsrin əvvəlləri Avropadan Amerikaya immiqrasiyanın intensiv olduğu bir dövr idi. Kan və Dutertre daha sonra qatarla Kaliforniyaya gedirlər. Burada iki il əvvəl baş vermiş böyük zəlzələ izləri hələ də qalmaqda idi. Onlar buradan paroxodla Yaponiyaya keçirlər. Fransanın Yaponiyadakı səfiri ilə yaxın dostluq əlaqələri sayəsində Kan Yaponiyanın yüksək səviyyəli siyasətçiləri ilə görüşür və beləliklə, onlar şəkil çəkdirmək mümkün olmayan yerlərdə, məsələn, yalnız qadınların oxuduğu məktəblərdə fotoşəkillər çəkməyə nail olurlar. Digər tərəfdən, yaponların ənənəvi geyimlərini, aksessuarlarını və saç düzümlərini vurğulayan rəngli fotoşəkillər dövrün əhəmiyyətli etnoqrafik qeydlərindən sayılır.[1]
Kan Dutertre ilə bilikdə Yaponiyadan sonra Çinə səyahət edir. Burada çəkilən film Pekini əhatə edən divarları, kişilərin bir-birini salamlamaq ritualını, xanədan mənşəli qadınların ağ pudralı makiyajını, saç düzümü və geyimlərini əks etdirir.[1]
Onların səyahəti Sinqapur, Şri-Lanka və Cənubi Amerika boyunca davam edir. Cənubi Amerikaya, Argentinaya əksəriyyəti italyanlar olan immiqrantlarla dolu gəmi ilə gedirlər. Bu səyahətdə onları fotoqraf Ogüst Leon (1857–1942) müşayiət edir. Leon eyni zamanda Planet Arxivləri layihəsinin ilk peşəkar fotoqrafı və fotoqrafiya direktorudur . Albert Kan dünyanı dərk etmək üçün səyahət etmənin əhəmiyyətini başa düşürdü. Bu məqsədlə, o, 1898-ci ildə (günümüzdə də fəaliyyət göstərir) yerli və xarici gənc məzunlara dünyanı gəzə bilmələri, perspektivlərini genişləndirmələri üçün "Dünya Səyahət Təqaüdü" (Bourses de Voyage Autour du Monde) proqramını yaratmışdır.[2]
Kan dünya səyahəti zamanı gördüklərini tədqiqatçı intizamı ilə çatdırmaq üçün köməkçisi Dutertreyə fotoşəkillər və filmlər çəkib, qeydlər aparmağa tapşırdı. Beləliklə, Planet Arxivlərinin ilk nümunələri də formalaşmağa başladı. Üstəlik, bunlar ehtimal ki, Amerika, Cənubi Amerika və Asiyada çəkilmiş ilk rəngli şəkillərdir.[1]
Planet arxivləri layihəsi
redaktəPlanet arxivlərinin məzmununu iki yerə bölmək olar: birincisi, təbiət, ətraf mühit, cəmiyyət, memarlıq, kənd yerləri, evlər, abidələr, gündəlik həyatdan səhnələr, ənənəvi geyimli insanlar, tacirlər, heyvandarlıq, əkinçilik və nəqliyyat kimi insan coğrafiyasına yönəlmiş mədəni və etnoqrafik dəyəri olan fotoşəkillər; digəri isə sosial, iqtisadi və siyasi hadisələrə işarə edən görüntülərdir. Bu qrupda 1913–30-cu illər arasında Fransa və Avropada baş verən siyasi və tarixi hadisələr, Birinci Dünya müharibəsinin yaratdığı dağıntılar, seçkilər, tətillər, müharibədən sonrakı sülh danışıqları kimi kritik hadisələr, o cümlədən filmlər var.[1][3]
Kanın aldığı ilk avtoxromlar cəzayirli peşəkar fotoqraf Culs Cervis-Kortellmonta məxsusidi. Sözügedən avtoxromlar Cəzayir və Tunisdə çəkilmiş 84 ədəd avtoxromdur. Bundan sonra Kan peşəkar fotoqraf və operatorlardan ibarət komanda yaratmış və onları dünyanın müxtəlif bölgələrinə göndərmişdir.[1][4]
1909-cu il iyun ayında layihənin ilk peşəkar fotoqrafı Ogüst Leon komandaya daxil olur. Leon 20 il Avropanın müxtəlif hissələrində çalışmış açıqca fotoqrafı idi. Onun çəkdiyi ilk foto Parisdə bir küçədə məhəllə sakinlərinin daxil olduğu bir fotodur, lakin rəngli avtoxromun fokuslanma müddəti 8–10 saniyə arasında dəyişdiyi üçün şəkildəki insanların əksərinin üzü tam görünmür. Buna görə Kan fotoşəkillərlə yanaşı insan kimi hərəkət edən obyektləri lentə almaq üçün operatorlardan ibarət komanda da qurmaq qərarına gəlir.[5]
Bəşəri coğrafiyanı (insan coğrafiyası) öyrənən və Planet arxivləri layihəsinin əsas simalarından biri də Cin Brunhesidi (1869–1930). O, I Dünya müharibəsindən əvvəl Balkanlara səyahət etmişdi. Məqsədi qloballaşma nəticəsində tədricən yoxa çıxan kiçik iqtisadi və mədəni cəmiyyətləri yoxa çıxmadan əvvəl öz qaydasında sənədləşdirmək idi. Bir çox həmkarları kimi Brunhes də fotoqrafiya və kinematoqrafiya kimi vizual qeyd texnologiyasının əhəmiyyətini dərk edirdi. Buna görə də o, tədqiqatlarında fotoqrafiyadan obyektiv və etibarlı məlumat mənbəyi kimi istifadə etmişdir.[6]
1913-cü il iyun ayının 3-də Brunhes Ogüst Leonla birlikdə Türkiyənin Bursa şəhərinə səyahət edir. Brunhes 1912-ci ildə layihə rəhbəri təyin olunmuşdu. O Kanın təlimatlarına uyğun olaraq günlük görüntülərə önəm verməli idi.[7] Belə ki, perspektivdə həmişə mövcud olan subyektivliyi mümkün qədər aradan qaldırmaq üçün o, fotoqrafdan şəhər və ətrafının panoramasını ən geniş bucaqdan orta bucağa doğru irəliləyərək çəkməyi xahiş etdi. Nəticədə diqqəti cəlb edəcək detal fotoda öz əksini tapmalı idi. Bu detal isə mədəniyyətlər, körpü, küçələr, qadın və uşaqlar ya da sadə bir ev dekorasiyası ola bilərdi.[8][9]
Bu gün hər hansı bir ərazinin fotoqrafik xəritəsini hazırlayarkən nəzərə alınmalı bir sıra məsələlər var. Məsələn, ərazini müəyyən edən hər hansı bir xüsusiyyətin fotoşəkilini çəkmək, ərazinin ümumi xüsusiyyətlərini göstərən binaların, yolların fotoşəkillərinin çəkilməsi, regionun həm geniş bucaqlı, həm də detallı kadrlarının çəkilməsi, insan müxtəlifliyini və gündəlik həyatını, fəaliyyətinin fotoşəkilini çəkmək, keçmişi əks etdirən köhnə binaları və dəyişiklikləri, məsələn, söküntü və ya tikintini göstərmək kimi nüanslar fotoqrafiyada olduqca əhəmiyyətlidir.[10] Bu tip vizual xəritəçəkmə işləri antropologiyadan coğrafiyaya qədər müxtəlif fənlər üçün köməkçi metod kimi istifadə olunur. Cin Brunhes da çəkdiyi fotoşəkillərdə və Planet arxivlərinin fotoqraflarına verdiyi təlimatlarda oxşar sistemdən istifadə etmişdir.[11]
Ölkələr və mədəniyyətlər
redaktəKelt tarixi üzrə təlim keçmiş, İrlandiya ilə yaxından tanış olan Marqarit Mespulet (1880–1965) qrupun yeganə qadın fotoqrafı kimi 1913-cü ildə İrlandiyada doqquz həftə ərzində Kelt icmalarının fotoşəkillərini çəkmişdir. Bu fotoşəkillər son dərəcə əhəmiyyətlidir. Çünki fotolarda İrlandiyanın son Kelt icmasının gündəlik həyatı, onların ənənəvi geyimləri də qeydə alınıb. Balıqçılıqla məşğul olan kelt xalqı təxminən iyirmi il sonra iri balıqçı gəmilərinin inkişafı ilə yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı. Mespuletin çəkdiyi fotolarda kişilərin balıq tutmasını, qadınların isə bazarda bu balıqları satmasını görürük. Qadınlar çay kənarında balıqları təmizləyir, bəziləri isə tipik Kelt evlərinin qarşısında gəzirlər. Mespuletin çəkdiyi məşhur fotolardan biri qırmızı ənənəvi şal geyinmiş gənc qızın (Colleen) fotoşəkilləridir. Mespoulet həmçinin İrlandiyada kartof qıtlığı dövründən qalan kəndlərin və xarabalıqlarının fotolarını çəkmişdir. Albert Kan, 73 avtoxromla yanaşı gündəlik qeydlər də aparan Mespuletin işindən olduqca razı qalmışdır.[1][12]
Albert Kan hansı fotoqrafı, nə vaxt və hara göndərəcəyinə çox diqqətlə qərar verir. Məsələn, sənədli fotoqrafiya sahəsində özünəməxsus baxış bucağına malik olan Stefan Passet (1875-?) daha çox Asiya ölkələrinə göndərilmişdi. Kan Passeti Çinə imperatorun devrilib, Respublikanın qurulduğu bir vaxtda göndərir. Respublikanın qurulması ilə önü qırxılmış, arxası uzun olan tək hörük şəklində ənənəvi saç düzümləri və geyimlər dəyişdi. Filmdə ayaq bağlama ənənəsinə məruz qalan qadınları görürük (Cümhuriyyətlə qadağan edilmişdi). Onun çəkdiyi bu ənənələr ilk və bəlkə də sonuncu dəfə avtoxromla qeydə alınmışdı. Digər tərəfdən, Passet dülgərlər və kəndir ustaları kimi bəzi sənətkarların fotoşəkillərini də çəkdi. Fotoşəkillərin birində biz ustaların ənənəvi üsullarla daş kəsdiyini görürük. Passet Çində 500-ə yaxın avtoxrom çəkib.[13][14]
Passet 1913-cü ildə Çindən Monqolustana səyahət edir. Monqolustan 1911-ci ildə Çindən ayrılaraq müstəqilliyini elan etmişdi. Ölkənin ilk rəngli fotoları Passet tərəfindən çəkildi. Bu fotolarda çöllər, düzənliklər, günəş əsas ünsürlərdir. Fotolarda paytaxt Ulan-Batorda rus əsgərlərini görürük. [15] Bundan başqa ənənəvi geyimlərdə qadınlar və köçəri xalqlar da qarşımıza çıxır. Passet Ourqada məhkumların da fotoşəkillərini çəkmişdir. Bu şəkillərə əsasən Monqolustanda cəza sisteminin köçəri ənənələrə uyğun tətbiq edildiyi qənaətinə gəlmək mümkündür. Monqolustanda buddistlər dövlətdə əsas söz sahibləri idilər. Keşişlərin mərtəbələri geyindikləri geyimlərin rənginə əsasən müəyyən olurdu. Passetin Buddist monastrında çəkdiyi fotolar bu baxımdan böyük əhəmiyyət daşıyır. 1930-cu ildə Kommunist rejimin gəlməsi ilə dinin qadağan olunması nəticəsində 30 keşiş öldürülür. Bu və bunun kimi hadisələri əks etdirən fotoşəkillərə Planet arxivlərində tez-tez rast gəlmək mümkündür.[16]
Monqolustandan qayıtdıqdan sonra Kan onu Balkan müharibələrinin törətdiyi dağıntıları çəkməsi üçün bura göndərir. 1913-cü ildə o, Makedoniyaya çatanda burada yaşayan kəndlilər öz yaşayış yerlərini tərk edirdi. Passet Türkiyəyə köç edən kəndlilərin həm fotolarını həm də filmlərini lentə almışdır.[17]
Birinci Dünya müharibəsi və sonrası
redaktəBirinci Dünya müharibəsi zamanı Albert Kan Fransa ordusunun görüntülərini çəkmək üçün Müharibə Nazirliyindən icazə aldı. Fransada çəkilmiş avtoxromlar Kanın fotoqrafları tərəfindən lentə alınıb. Birinci Dünya müharibəsi "Xəndək müharibəsi" adlanır. Buna səbəb əsgərlərin gündüzlər səngərdə gözləyib, gecələr vuruşması idi. Bununla belə, dövrün fotoqrafiya texnologiyası hərəkət və qaranlıq şəkilləri qeyd etmək üçün kifayət deyildi. Buna görə də komandanın çəkdiyi fotoşəkillərdə münaqişə təsvirləri yoxdur. Daha çox ordunun gündəlik iş rejimi çəkilib. Məsələn, müharibə fotoşəkillərində əsgərlər vaxt keçirmək üçün əl işləri, üzüklər, zinət əşyaları, suvenirlər, fişənglərdən heykəllər düzəldirlər. Komandirlər səngərdə və ya çadırlarının qarşısında lentə alınıblar. Hərbi hospitalda çəkilən fotoşəkillərdə həkimlərin , imkansızlıqdan yeni üsullar sınamasının şahidi oluruq. Reymsdəki boş meydanda velosiped sürən əsgər nahar üçün dayanıb. Verdendə şiddətli toqquşmalar nəticəsində dağılan binaların da fotoları çəkilib.[18][19]
Albert Kan texnologiyadan təsirlənmişdi. Texnoloji yeniliklər isə bu arxivin yaradılmasında mühüm rol oynadı. Digər tərəfdən, məhvi gətirən də məh texnologiya idi. Bu, pasifist Kan üçün paradoksdur. Planet arxivləri Albert Kanın qlobal dünyagörüşünə əsaslanırdı.[20]
Albert Kan həyatın necə dəyişdiyi ilə maraqlanırdı və buna görə də öz fotoqraflarını bütün dünyaya göndərmişdi. Digər tərəfdən, dünya müharibənin dağıdıcılığı ilə dəyişirdi. Gündəlik həyatın izlərində də dəyişikliklər müşahidə olunurdu. Birinci Dünya müharibəsində kişilərin olmadığı bir vaxtda, əsas iş qadınların üzərinə düşmüşdü. Məsələn, kənd təsərrüfatı işləri davam edir, qadınlar fabriklərdə də işləyirdilər. Müharibədə həlak olduqları ya da itkin düşdükləri üçün fotoşəkillərdə kişilər çox vaxt qarşımıza çıxmır.[18]
İki fransız ordusu fotoqrafı Fernand Kuvil və Paul Kastelno həm ordu, həm də Kan arxivi üçün şəkillər çəkirdilər. Reymsdə böyük dağıntı baş verən zaman, bu iki fotoqraf məşhur Qotik kafedralının dağıntılarını lentə alırlar. Məşhur körpə uşaq fotosu gələcəyə və ümidə metafor olaraq məhz bu zaman çəkilmişdi. Onlar burada 2 aya yaxın qalmışdılar. Fotolarda bəzi insanların üzləri bulanıqdı, lakin bu onların dəyərini azaltmır əksinə müharibənin mənasızlığının simvolu hesab edilirdi. Fotoqraflar Kanın doğulduğu yer olan Fransanın cənub-qərbindəki Elzasa, Almaniyanın işğal etdiyi ərazilərə də getdilər. Elzasda çəkilmiş fotoşəkillər qaçqınlar üçün yardım toplamaqda mühüm rol oynadı. Kan tərəfindən təyin olunan fotoqraflar 4 il ərzində iki mindən çox rəngli fotoşəkil və metrlərlə film çəkdilər. Müharibə əleyhdarı Kanın arxivi Birinci Dünya müharibəsi haqqında anlayışın formalaşmasında unikal mənbədir.[21]
Birinci Dünya müharibəsindən sonra hərəkətlilik dayanmadı. Məğlub ölkələrdə dəyişikliklər davam edirdi. Albert Kan 1922-ci ildə fotoqrafları Kamill Suvejo və Frederik Qadmeri İstanbula göndərir. Fotoqraflar 1922-ci ilin noyabrında mühüm bir mərasimi lentə alırlar. Belə ki, yeni xəlifə Əbdülməcid İngiltərə konsulu Corc Yann ilə razılığa gəlir. İngilis və Fransız gəmiləri boğazdadır. Bu zaman fotoqraflar Mustafa Kamal Atatürkün fotolarını da çəkiblər. Cənuba, Egeyə doğru enərkən Manisa və Alaşəhərdə yanmış evlərin fotolarında, ağac oyuğunu özünə sığınacaq edən adamın fotoşəkili çox təsirlidir. Manisadakı xarabalıqlar arasında ayaqqabı yerinə ayaqlarına parça dolanan iki qoca fotosu da diqqətə layiqdir. [1]
Şəkillərdə İzmirin xarakterini formalaşdıran Yunan mədəniyyəti və evləri də ön plandadır. Arxivlərdə Saat qülləsi və Kordondan görüntülərlə yanaşı, İzmir yanğını filmi də var. Bu zaman Atatürkün İzmirə gəlişi də lentə alınmışdır. İzmirdə yanğın 4 gündür davam edir. Yunanlara isə getmək üçün 15 gün vaxt verilir.[22] Kanın fotoqrafları gedən insanların şəkllərini çəkir və lentə alır. Minlərlə insan yağışın altında 30 km-ə yaxın piyada yol getməli oldular. Şəkillərin birində bir qadın və üç qızı qatarda kiçik bir boşluqdan baxır və biz qatarın üstündə bir əsgər görürük. 1923-cü ildə 6 ay ərzində yarım milyona yaxın yunan ölkəni tərk edir. Bu fotoşəkillər bir tərəfdən yoxluğu təmsil edir, digər tərəfdən isə zamanın qatlarını qoruyur. Beləcə Albert Kanın fotoqrafları 22 il ərzində imperiyaların dağılmasının, yeni xalqların doğulmasının şahidi olub, dövrün ən mühüm anlarını lentə ala biliblər. [21]
Müharibədən sonra Kan fotoqraflarını 1920-ci ildə Asiya, Yaxın Şərq və Cənubi Afrikaya göndərdi. Bundan əlavə, fotoqraflar Lümyer lövhəsi və Lumixrom kimi yeni texnologiya məhsulları ilə də tanış olmaq imkanı əldə edirlər. Yeni texnologiyalar həyat tərzini də dəyişdi. Müharibədən sonra Avropa yenidən qurulmağa başlamışdı. Müharibədən sonra çəkilən fotoşəkillərdə küçələrdə meyit qalıqlarını, almanlardan qalan silahları görmək mümkündür. 250 km-lik ərazinin havadan çəkilmiş filmlərinə baxanda dağıntının miqyası da göz önünə sərilir.[23]
Film arxivi
redaktəAlbert Kan sürətlə dəyişən dünyaya şahidlik etmək üçün fotoqrafiya ilə yanaşı, hərəkət edən obyektlərin lentə alınmasının da son dərəcə vacib olduğunun fərqində idi. Ona görə də onun komandasında fotoqraflarla yanaşı operatorlar da çalışırdı. Bundan əlavə, onlar bir sıra strateji layihələr də hazırlayırdı. Məsələn, Kan bir şəxsə sadəcə günlər və illərlə Parisin ən gur bulvarını lentə almaq işini tapşırmışdı. Məsələn, 1917-ci ildə gündüz çəkilişlərində bulvarda daha çox qadınları görürük. Burdan anlaşılır ki, kişilərin çoxu müharibədədir, qadınlar da ehtimal ki, işə gedirlər. 1921-ci ildə çəkilmiş filmdə isə bulvarda uşaq arabası olan çoxlu ailələr nəzərə çarpır. Bu, müharibədən sonra həyatın normallaşmağa başladığının, doğum sayında partlayış olduğunun göstəricisidir. 1923-cü ilin qeydlərində qadınlar yeni qısa saç düzümləri və dəbli paltarları ilə inamla addınlayırlar. 1925-ci ildəki filmdə bulvar artıq maşınlarla doludur. Buna görə də operator köhnə sabit bucağını itirir.[24]
Digər tərəfdən, müsəlman-ərəb şəhərlərində çəkilmiş filmlərə baxdıqda, şəhərin qeyri-adi perspektivdən lentə alındığını müşahidə edə bilərik. Şəhər ətrafı da daxil olmaqla panoramalar, şəhər divarlarının yaxından çəkilişləri, memarlıq xüsusiyyətlərini əks etdirən detal kadrları, və küçədən mənzərələr ön plandadır. Ümumidən xüsusiyə, şəhərin içindən çölə doğru yığılıb gedən bu görüntülər görməyə dəyərdir. 1900-cü illərin texnologiya yenilikləri mədəniyyətlərin, müharibənin təsiri isə yerlərin dəyişməsinə səbəb olmuşdu. Albert Kanın kinematoqrafiya sistematikası sayəsində bu dəyişikliklər zaman-zaman qeydə alınmışdır.[25]
Albert Kan çəkiliş icazəsi ala bilmədikdə arxivdə çatışmazlıq olmasın deyə Qumont və ya Pate kimi Fransız kino şirkətlərindən müvafiq filmləri alaraq öz arxivinə daxil etmişdir. Tereza Kastro "Planetary Archives" adlı məqaləsində film arxivini "kinematoqrafik atlas" kimi təsvir edir. O, arxivin əhəmiyyətini üç hissədə qiymətləndirir: 1-Metodik təsvirlər toplusu 2-İnformasiya və məlumatın ötürülməsi yolu 3-Şəkillərin təşkili və əlaqələndirilməsi üçün xüsusi vasitə. Arxiv dünya xəritəsinin naməlum tərəflərini işıqlandırmaq niyyəti ilə planeti təsvir edən və təsnif edən xəritəçəkmə üsuluna əməl edirdi. Albert Kanın arxivi ilə Didro və Dalemberin Ensiklopediyası və ya Dünya atlasları oxşar cəhətləri var. Belə ki, onların hər biri təfərrüatları bütövlükdə göstərir, məlumatları şəkillər vasitəsilə yayır və bir abidə kimi həmişəlik xatırlanırlar.[26]
Kan muzeyi və Dünya bağı
Kan müflis olanda onun bütün əmlakı müsadirə edilsə də, arxivin bütövlüyü qorunub saxlanıldı. Bu günə qədər arxiv mütəxəssislər tərəfindən qorunur və işlənir. Albert Kan kolleksiyasına 71.494 avtoxrom (onların əksəriyyəti 9x12 sm), təxminən 4.000 qara və ağ stereoskopik fotoplastin ,161.945 metr qara və ağ kinofilm (əsasən 16 kadr / saniyə)daxilir.[27]Onun Boulon-Bilyarkortda yaşadığı ev və bağı 1990-cı ildə ziyarətçilərin üzünə açıldı. Günümüzdə "FAKIR" (Fonds Albert Kahn Informatisé pour la Recherché) adlanan təşkilat Albert Kan Muzeyi və bağının idarəçiliyini öz üzərinə götürüb. Muzeydə kolleksiyanın yalnız bir hissəsini görmək mümkün olsa da, 2018-ci ildə bütün arxiv rəqəmsal mediaya köçürülmüş və həm virtual mühitdə, həm də muzeydə paylaşılmışdır. Albert Kanın qlobal dünyagörüşü onun şəxsən özünün qulluq etdiyi bağında əksini tapmışdır. Bağda Yapon mədəniyyətini əks etdirən bitkilərlə yanaşı, Avropa və Şərqdən gətirilmiş ağaclar və güllər var.[28]
Fotoqraflar
redaktə- Lion Bizi (1874–1950) "Fransız Fotoqrafiya Cəmiyyəti" tərəfindən mükafatlandırılmış və layihə üçün könüllü olmuş fransız hərbçi.[15]
- Paul Kastelno (1880–1944) və Fernand Kuvil (1887–1927) I Dünya müharibəsi [29] illərində fotoqraf kimi fəaliyyət göstərmiş fransız əsgərlər. Kastelno sonradan Fransa Coğrafiya Cəmiyyətinin üzvü olmuşdur.[30]
- Rocer Dumas (1891–1972) 1926–1927-ci illərdə layihə çərçivəsində Hindistan və Yaponiyada fotolar çəkmişdir.[25]
- Alfred Dutertre 1908-ci ildə çıxdığı ilk dünya səyahətində Kanın sürücüsü idi. Arxivin ilk fotolarını o çəkib.[31]
- Frederik Qadmer (1878–1954) layihənin ən təcrübəli fotoqraflarından biri idi. 1923-cü ildə Almaniyada[32], 1926-cı ildə isə Kanadada fotolar çəkmişdir.[33]
- Lusien Le Seint (1881–1931) layihə üçün kinofilmlər çəkən kinematoqraf idi.[34]
- Ogüst Leon (1857–1942) layihədə ən uzun müddətli fəaliyyət göstərən fotoqraf.[35] Əvvəllər Bordoda açıqca fotoqrafı kimi çalışmışdı. O, həmçinin fotokinematoqrafik laboratoriyada işlərə nəzarət edirdi.[36]
- Marqarit Mespulet (1880–1965) layihədə çalışan yeganə qadın. Həm akademik həm də həvəskar fotoqraf idi.[37]
- Stefan Passet (1875 [38]– 1943) Kan tərəfindən işə götürülən ilk fotoqraf. Balkan ekspedisiyalarına rəhbərlik etmişdir.[39][40]
- Kamilla Suvejo 1919–1932-ci illər arasında xidmət edən kino operatoru idi. 1949-cu ildə çəkilən "Bayram günü" ("Jour de fête") filmində də çalışmışdır.[41]
Qalereya
redaktə-
Sara xanım Topçubaşova
-
Rəşid bəy, Ənvər bəy və Ələkbər bəy Topçubaşovlar
-
Reyhan xanım Atamalıbəyova
-
Eyfel qülləsi və Trokadero (Paris, 1912)
-
Eyfel qülləsi (Paris, 1918)
-
"Cümhuriyyətin zəfəri" abidəsi (Paris, 1918)
-
Müqəddəs Denis qapısı (Paris, 1914)
-
Ailə (Paris, 1914)
-
Seneqallı əsgər (Fez, Mərakeş, 1913)
-
Bazar (Sarayevo, Bosniya-Herseqovina, 1912)
-
Bəyoğlunda taxtadan evlər (İstanbul, Türkiyə, 1912)
-
Monqolustan, 1912
-
Buddist lama (Monqolustan, 1913)
-
Məhkumlar (Ulan-Bator, Monqolustan, 1913)
-
Öküz heykəli (Bənarəs, Hindistan, 1914)
-
Lahor məbədi, Albert Kan tərəfindən çəkilib (1914,Hindistan)
-
Türklər (Manisa, Türkiyə, 1923)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 BBC, 2007
- ↑ Beausoleil, 2001
- ↑ Okuefuna, 2008. səh. 131
- ↑ de Luca, 2022. səh. 267
- ↑ de Luca, 2022. səh. 273
- ↑ Robinson, 2015. səh. 133
- ↑ Robinson, 2015. səh. 135
- ↑ Robinson, 2015. səh. 136
- ↑ Göregenli, 2015. səh. 67
- ↑ Collier, 1996. səh. 41-42
- ↑ Göregenli, 2015. səh. 71
- ↑ Okuefuna, 2008. səh. 20-21
- ↑ Amad, 2010. səh. 51
- ↑ Okuefuna, 2008. səh. 191-194
- ↑ 1 2 Okuefuna, 2008. səh. 229
- ↑ Okuefuna, 2008. səh. 233
- ↑ de Luca, 2022. səh. 276
- ↑ 1 2 de Luca, 2022. səh. 276-277
- ↑ Okuefuna, 2008. səh. 277
- ↑ de Luca, 2022. səh. 261
- ↑ 1 2 Johnson, 2012. səh. 92
- ↑ Johnson, 2012. səh. 93
- ↑ Okuefuna, 2008. səh. 290
- ↑ Okuefuna, 2008. səh. 26-27
- ↑ 1 2 Okuefuna, 2008. səh. 194
- ↑ Castro, 2006. səh. 5-6
- ↑ Werner, 2015. səh. 438
- ↑ Werner, 2015. səh. 440
- ↑ Okuefuna, 2008. səh. 134
- ↑ Bloom, 2008. səh. 169
- ↑ Okuefuna, 2008. səh. 81
- ↑ Okuefuna, 2008. səh. 26–27
- ↑ Okuefuna, 2008. səh. 286
- ↑ Okuefuna, 2008. səh. 86
- ↑ Okuefuna, 2008. səh. 20
- ↑ Bloom, 2008. səh. 168
- ↑ Okuefuna, 2008. səh. 21
- ↑ Okuefuna, 2008. səh. 99
- ↑ de Luca, 2022. səh. 265–267
- ↑ Okuefuna, 2008. səh. 99–101
- ↑ Amad, 2010. səh. 307
Mənbə
redaktə- BBC. Edwardians in Colour: The Wonderful World of Albert Kahn. England. 2007.
- Werner, J.F. The Archives of The Planet: The Life and Works of Albert Kahn. // Visual Anthropology. 2015. 438–450.
- Robinson, E.V.D. American Economic Association. // La Géographie Humaine by Jean Brunhes. 2015.
- M.Göregenli. Çevre Psikolojisi, İnsan Mekan İlişkileri. İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları. 2015.
- Johnson, Brian. "Review: Middle East: the Birth of Nations—Albert Kahn's Archive of the Planet". Review of Middle East Studies. 46 (1). Summer 2012: 92–93. doi:10.1017/S2151348100003062. JSTOR 41762489.
- Lundemo, Trond. Mapping the World: Les Archives de la Planète and the Mobilization of Memory // Memory in Motion: Archives, Technology and the Social. Amsterdam University Press. 2017. 213–236. doi:10.2307/j.ctt1jd94f0.12. ISBN 9789462982147. JSTOR j.ctt1jd94f0.12.
- David Okuefuna. The Dawn of the Color Photograph: Albert Kahn's Archives of the Planet. Princeton University Press. 2008. ISBN 978-0-691-13907-4.
- Tiago de Luca. A Disappearing Planet // Planetary Cinema: Film, Media and the Earth. Amsterdam University Press. 2022. 259–298.
- Peter J. Bloom. French Colonial Documentary: Mythologies of Humanitarianism. University of Minnesota Press. 2008. ISBN 978-0-8166-4628-9.
- François de la Bretèque. Les archives de la planète d'Albert Kahn. 70. Vingtième Siècle. Revue d'histoire. Aprel-İyun 2001.
- Paula Amad. Counter-Archive: Film, the Everyday, and Albert Kahn's Archives de la Planète. Columbia University Press. 2010. ISBN 978-0-231-13500-9.