Quba Usyani 1837 - Wikipedia
Quba üsyanı – XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üç dəfə baş vermiş güclü xalq üsyanı.[2][3]
- Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf etmişdir.
- İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanmış və fasilələrlə 6-7 ay davam etmişdir.
- Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürmüşdür.
Quba üsyanı | |||
---|---|---|---|
Qafqaz müharibəsi | |||
Tarix | 1837 - 1839 | ||
Yeri | Qusar, Quba qəzası | ||
Səbəbi | Ləzgilərin öz kəndlərindən sürgün edilməsı[1]. | ||
Nəticəsi | Üsyan Rus İmperiyası tərəfindən yatırılıb | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdir. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə etmişdi. Bu vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları idi.
Çar imperiyanın işğalçı siyasətinə qarşı üsyanlar
redaktə1826-cı ildə Qubada, 1830-cu ildə Çar-Balakən ərazisində, 1831-ci ildə Lənkəranda baş vermiş və hər biri yadelli işğalçılara qarşı xalq etirazının təzahürü kimi meydana çıxmış bu üsyanlara bir qayda olaraq yerli bəy və xanlar rəhbərlik etmişlər. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən silahlı toqquşmalar üsyançıların sosial tərkibinə görə kəndli hərəkatı adlandırılsa da, üsyanın başvermə səbəbləri, qarşıya qoyulan məqsəd, üsyançıların qarşılaşdığı və mübarizə apardığı hərbi qüvvələr belə deməyə tam əsas verir ki, Quba üsyanı imperiyanın işğalçı siyasətinə qarşı xalqın azadlıq mübarizəsi idi. Xatırlatmaq yerinə düşər ki, bu mübarizənin təşkilatçıları Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatından, həm də Qafqaza sürgün olunmuş dekabrist ədiblərin azadlıq ideyalarından güc-qüvvət alırdılar. Onlardan biri, dekabrist yazıçılar nəslinin qüdrətli nümayəndəsi A.S.Puşkin, M.F.Axundov və A.A.Bakıxanovun dostu, dövrünün tanınmış ədəbi tənqidçisi, şair və nasiri Aleksandr Aleksandroviç Bestujev-Marlinski (1797-1837) idi. 1825-ci ilin 14 dekabr burulğanı nəticəsində çar zindanına atılan A.Bestujev Qafqaza köçürülmüşdü. "Sibirdə və xüsusən Qafqazda müntəzəm olaraq etnoqrafiya və folklorla maraqlanan dekabrist yazıçı taleyin hökmü ilə gəlib düşdüyü diyarla yerli camaatla doğmalaşır, bütün Dərbənddə İsgəndər bəy adı ilə şöhrətlənir.
1834-cü ildə yazıçının Dərbənddən yola düşməsinin şahidi olmuş Y.İ.Kostenetski yazırdı ki, "Az qala bütün şəhər camaatı 20 verstlik məsafə boyu, düz Samur çayınacan onu yola salırdı, bütün kütlə özünün əzizıxələfi İsgəndər bəyə hüsn-rəğbətini hər vasitə ilə ifadə etməyə çalışırdı".
"Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: "O, burdadır!" deyən A.Bestujev-Marlinskinin Azərbaycan həyatına həsr olunmuş povestləri, oçerkləri, yol qeydləri, memuar xarakterli əsərləri onu göstərir ki, onun yerli əhaliyə təsiri güclü olmuşdur. Ədib "Qafqaz povestləri" silsiləsinə daxil olan "Ammalat bəy", "Molla Nur" əsərlərində, "Xəzərlə ayrılıq", "Quba yolu", "Qonaqkəndi keçməklə Dağıstandan Şirvana dağ yolu", "Köhnə Şamaxı yolunda sonuncu stansiya", "Topçu stansiyasından Qutqaşenə keçid", "Almalı stansiyasından Muğanlı postuna qədərki yol" oçerklərində üsyankar şəxsiyyətlərin, xalq qəhrəmanlarının yaddaqalan obrazlarını yaratmışdı.
Quba üsyanının başvermə səbəbləri haqqında müasirləri siyasi baxış və mövqelərinə görə müxtəlif rəy söyləmiş və bir qayda olaraq üsyanın milli azadlıq çalarını gizlətməyə, onu adi narazılıq, bir qrup "dələduz və çapqınçının hikkəsi" kimi yozmağa çalışanlar daha çox olmuşdur. Üsyanın başvermə səbəbini müəyyən etmək üçün Qafqaza ezam edilən qraf Vasilçikov öz məlumatında bunun əsas səbəbinin "bəzi fitnəkar və ziyankar şəxslərin" süvari tələbi adı altında xalqı qəsdən həyəcana gətirmək olduğunu bildirmişdi. Rusiya imperiyasının Zaqafqaziyada fəaliyyət göstərən yüksək rütbəli məmuru baron P.V.Qan isə imperator I Nikolaya yazdığı məktubunda deyirdi: "Hazırda Quba əyalətində davam edən həyəcan, heç də əhalinin hərbi xidmətə və hökumətə münasibəti ilə əlaqədar deyildir, çünki Quba süvariləri başqaları ilə birlikdə türklər və dağıstanlılar əleyhinə olan yürüşlərdə iştirak etmiş, 1831-ci ildə Talış xanlığının ləğv edilməsində də onlardan istifadə olunmuşdur. Səbəb başqa tədbir və şəraitdədir.... Hökmdar! Qubadakı həyəcan xalq üçün ağır olan hərbi idarəetmədən doğmuşdur!".
Əslində XIX əsrin 30-cu illərində Azərbaycanda yerli feodallara və müstəmləkəçi ağalara qarşı baş qaldıran çıxışlar, o cümlədən Quba üsyanı xalqın ikiqat zülm altında olduğunu göstərirdi.
Çar məmurlarının özbaşınalığı
redaktə1837-ci il üsyanı ərəfəsində Quba əyaləti 10 mahaldan, 1 dairədən, 6 azad icmadan ibarət idi. Əyalətə rus komendantı ağalıq edirdi. Bu məsələni rus məmurlarının özləri də gizlətmirdilər. Qafqaz korpusunun komandanı qraf Paskeviç hələ 24 aprel 1830-cu il tarixli raportunda yazırdı ki, "Müsəlman əyalətlərində həqiqi hakimiyyət komendantlara məxsusdur".
Quba üsyanının başlama və yatırılma səbəblərini ayırd etmək üçün Zaqafqaziyaya göndərilən fligel-adyutant İ.Vasilçikovun baron P.V.Qana məlumatında deyilirdi ki, "Hazırda komendantlar bütün hakimiyyəti öz əllərində cəmləşdirmişlər. Mükəlləfiyyətlər onlar tərəfindən qoyulur, şəhərdə və əyalətdəki polis hissələri onlara tabedir, istintaq onların əmri ilə həyata keçirilir və həll edilir. Vergiləri də onlar müəyyənləşdirirlər. Komendantlar rəhbərlik etmək işi üzrə heç bir qayda-qanuna tabe deyillər. Onlar eynən keçmiş xanlar kimi öz bildikləri hərəkəti edir, daim sərbəst iş görürlər".
Komendantlar özlərinin talançılıq fəaliyyətlərində heç də tək deyildilər, onlara çara sadiq yerli bəylər, ruhanilər də bu işdə "kömək" edirdilər. Hətta komendantın yanında xidmət edən və "peşkəş" adı ilə rüşvət alan tərcüməçilər də komendantların bir növ vasitəçiləri-dəllalları idilər. Ayrı-ayrı mahal rəislərinin-naiblərin də bu işdə əlləri vardı. 1837-ci ildə 450 üzvü olan Quba əyaləti inzibati aparatının başında Azərbaycanda çar hökumətinin "ən pis nümayəndəsi" sayılan polkovnik Gimbut dururdu. Komendant Gimbut təkcə Quba əyalətinin mahallarını deyil, o zaman Dağıstanın Qubaya aid olan Rutul, Altapara, Doqquzpara və Axtıpara mahallarında yaşayan əhalini də amansızlıqla soyurdu.
Qafqazda dini və milli ayrı-seçkilik siyasəti
redaktəÇar üsul-idarəsinin Qafqazda dini və milli ayrı-seçkilik siyasəti də dözülməz idi. Çar məmurları müsəlman əhalisinə düşmən gözü ilə baxır, onları hər vasitə ilə sıxışdırıb taqətdən salır, maddi və mənəvi cəhətdən miskinləşdirir, torpaq, mülk, əmlak və digər var-yoxunu müxtəlif üsullarla əllərindən alır, müflisləşdirir, zorla doğma yurd-yuvalarından qovur və orada xristian etiqadlı vətəndaşları, xüsusən erməniləri məskunlaşdırmağa çalışırdılar. Müfəttiş senatorlar Kutaysov və Meçnikov Azərbaycanda komendant üsul-idarəsini xarakterizə edərək ədliyyə nazirinə xəbər verirdilər ki, "... müsəlman əyalətlərinin idarə olunmasını nəzərdən keçirdikdə, rəislərin azğınlığı və əhalinin çəkdiyi əziyyətdən insan dəhşətə gəlir. Burada artıq insani ləyaqət tapdalanmışdır, hər cür ədalət unudulmuşdur, qanun yalnız əsarət aləti olmuşdur, dairə rəisləri, komendantlar, pristavlar və digər vəzifəli şəxslərin fəaliyyətində əsas amil acgözlük və dözülməz özbaşınalıqdan ibarətdir".
Dağ rayonlarında daha çox hiss olunan aztorpaqlılıq və aran rayonlarında suvarılan torpaqların azlığı şəraitində bilavasitə kəndli üzərinə qoyulan vergi əsarətinin güclənməsi xüsusilə dözülməz şəkil alırdı. 30-cu illərdə çarizmin etibarsız saydığı duxoborlar, malakanlar və digər sektantların Rusiyanın daxili quberniyalarından və Ukraynadan Azərbaycana köçürülməsi siyasəti həyata keçirilirdi. Bu vaxtdan etibarən Şamaxı və Yelizavetpol (Gəncə) qəzalarında sektantların yaşayış məntəqələri meydana çıxmağa başladı. 1833-1843-cü illər ərzində köçürülənlər tərəfindən Azərbaycanda 15-20 kəndin, o cümlədən Altıağac, Çuxuryurd, Mərəzə, Qubada Vladimirovka, Alekseyevka və başqa kəndlərin əsası qoyuldu. XIX əsrin 40-cı illərinin ortalarında Astraxanka, Andreyevka, Slavyanka kimi yeni yaşayış məntəqələri meydana çıxdı. 1819-cu ildə Vürtemberqdən köçüb gəlmiş almanlar Yelizavetpol qəzasında Yelenendorf, daha sonra isə Annenfeld kəndlərinin əsasını qoydular.
İkinci Quba üsyanı
redaktəİkinci Quba üsyanı iki mərhələdə davam etmişdir. Yazda başlayan üsyanın tələbləri qismən yerinə yetirildikdən sonra əhali sakitləşib evlərinə dağılışmışdı. Üsyançıların tələb etdiyi kimi, Qubanın komendantı Gimbut, Müşkür mahalının naibi Məmmədxan bəy və Buduq mahalının naibi Cəfərqulu ağa Bakıxanov işdən götürülmüşdür. Lakin çox güman ki, Şeyx Şamilin Hacı Məmməd və başqa el ağsaqqallarına göndərmiş olduğu məktubların təsiri ilə üsyan yenidən daha şiddətlə alovlanmışdır. Hacı Məmməd istintaqa məlumat verərkən bildirmişdir ki, Tahircaldan olan Rza xan mənə bir məktub verərək dedi ki, məktub Şamilə yaxın adam olan əmir Əli adlı bir mürid tərəfindən gətirilmişdir. Məktubda Şamilin möhürü vardı. Məktub mənim, İlyas bəyin, muruqlu Həsən bəyin, Xurduşun və başqa ağsaqqalların adına ünvanlanmışdı. Hacı Məmmədin təsdiqinə görə, Şeyx Şamil mart-aprel aylarında qiyama qalxan və sonra dağılışan qubalıları tənqid etmiş, onları silahlı üsyana çağırmışdı.
İkinci Quba üsyanının iki rəhbəri olmuşdur: Yarəli və Hacı Məmməd. Yarəli əzilən xalqı, aşağı təbəqəni təmsil edirdi və onun üçün çar məmuru ilə ona nökərçilik edən yerli feodal bir medalın iki üzü kimi eyni adam idi. Yarəli bunların hər ikisinə nifrət edən, onların zülm və zorakılığından cana doymuş sadə xalqı təmsil edirdi. O, hər iki tərəfdən istismar olunan Azərbaycan kəndlisinin nümayəndəsi idi. Onun üçün çar kazakı ilə yerli pristav, kəndxuda, naib və ya gəlmə rus ağalarının heç bir fərqi yox idi. Odur ki, o, xalqın azadlıq mübarizəsində özünü daha ardıcıl, daha sərt və daha qətiyyətli aparırdı. Yarəli Quba şəhərinin ələ keçirilməsində israrlı idi. O, bu yolda hətta Qubanın yeni komendantı İşenkonun tapşırığını yerinə yetirən praporşik Əlipaşa ağa Bakıxanova belə aman vermir. Onun başçılıq etdiyi üsyançılar kəndxuda Şeyda bəyin evinə hücum edərək Əlipaşa ağanı öldürürlər.
Bu hadisədən sonra Hil kəndinə yollanan üsyançılar Yarəlinin başçılığı ilə həmin kənddə olan xeyli kazakı əsir alır. Lakin Hacı Məmmədin tələbi ilə həmin kazak döyüşçüləri azad edilirlər. Bundan sonra Yarəli yenə də fəal hərəkət edərək Xudat üzərinə hücuma keçir, orada xeyli rus əsgər və zabitini əsir götürür. Amma onlar da tezliklə azadlığa buraxılır.
Bu, bir daha onu göstərir ki, üsyançıların vahid rəhbəri və razılaşdırılmış ümumi hərəkət planı olmayıb.
Üsyanın liberal mənsəbpərəst qanadına rəhbərlik edən Xuluq kəndinin kəndxudası, 35 yaşlı Hacı Məmməd özünü "xan" elan etməklə yenidən xanlıq quruluşunu bərpa etmək kimi xam xəyallara düşür və dərhal yeni vəzifəsinin icrasına başlayaraq üç mahala naib təyin edir. Quba əyalətini bürümüş olan üsyan getdikcə genişlənir, nəticədə komendant hakimiyyəti yalnız Quba şəhərində, Buduq və Bərmək mahallarında qalır. Hacı Məmməd xanın yanına hər tərəfdən üsyana qoşulan yeni-yeni dəstələr axışmağa başlayır. Tezliklə üsyançılara Dağıstandan gələn yüz nəfərlik bir dəstə də qoşulur və çar hökumətindən narazı olan böyük kəndli ordusu Qudyal çayı sahilində yerləşən Ağbil kəndinə tərəf yönəlir. Hələ yolda ikən üsyan başçıları Şeyx Şamilə məktub göndərir, "müridlər başçısı olan Şeyxə" tezliklə Qubanı ələ keçirəcəklərini bildirirlər.
Həmin günlərdə Ağbil kəndinə o qədər adam gəlib toplaşır ki, silahlı üsyançıların sayı yeddi min nəfəri ötür. Onlar Quba şəhərindən 4 verst aralıda yerləşən Pişikbağa gəlirlər. Tezliklə bütün Quba əyalətindən Pişikbağa gələn adamların sayı 12 min nəfərə çatır. Onların arasında cənubi Dağıstandan gələn qazıqumluqlular və tabasaranlılar da vardı. Bu da üsyanın geniş vüsət aldığından xəbər verirdi.
Hücumu həyata keçirmək məqsədi ilə "hərbi şura" yaradılır. Həmin şuranın tərkibində Quba şəhərindən Xanməmməd və Səlim adlı şəxslər də olmuşdur. Şuranın qərarı ilə üsyançılar şəhəri mühasirəyə alır və Quba əhalisinə gizli məktub göndərirlər. Onlardan "ümumi iş naminə" kömək göstərmələri xahiş olunur.
Sentyabr ayının 4-də 12 min üsyançı hər biri 4 min adamdan ibarət 3 dəstəyə bölünür. Birinci dəstə şərqdən, ikinci qərbdən, üçüncü isə şimal səmtindən şəhərə hücüma keçməli idi. Üçüncü dəstəyə Yarəli, Xanməmməd və Səlim başçılıq edirdilər. Hacı Məmməd xan şəhərdən bir verst aralı olan Nügədi kəndi yaxınlığındakı dağda mövqe tutmuşdu.
Sentyabrın 4-dən 5-nə keçən gecə güclü atışma başlayır. Tezliklə şəhərə girən Yarəlinin qoşunu ilə rus əsgərləri arasında şəhər meydanında əlbəyaxa döyüş başlayır. Şəhərin bütün yerli əhalisi üsyançılara kömək edir. Lakin üsyançılar şəhərdə çox qala bilmir, çünki qalaya şərqdən və qərbdən hücum edən dəstələr ləngiyir. Bundan başqa, rus qarnizonunun istifadəsində olan toplar top görməyən kəndliləri vahiməyə salır.
Sentyabrın 6-da Qubadan çıxan üsyançılar Qırmızı qəsəbəni ələ keçirir və Qubanın mühasirəsini davam etdirirlər.
Üsyanın yatırılması
redaktəÇar məmurları şəhəri qoruyan rus qarnizonunu xilas etməkdən ötrü bir sıra tədbirlər gördülər. Şamilə qarşı Dağıstanda hərbi əməliyat keçirən general Feze baron Rozenin əmri ilə üç mindən çox əsgəri Samur çayını keçir. Zaqataladan hərbi hissələrin əsgərləri üsyançılara qarşı yola salınır. Car-Balakən əyalətinin hərbi rəisi gürcü knyazı Sevarsemidze tezliklə Nuxadan keçərək Şamaxıya çatır. Ona İlisulu Daniyel Sultanın başçılığı ilə yerli 250 milisi olan bəylər kömək edir. Qeyri-bərabər döyüşdə məğlub edilən üsyançı dəstələri dağılaşaraq öz yerlərinə qayıtmağa məcbur olur. Tezliklə Hacı Məmməd oğlu Novruz ilə birlikdə həbs edilərək çar hökumətinə təhvil verilir. Xandan başqa 40-dan çox üsyan başçısı həbs olunur. Amma igid Yarəli dağlara qaçaraq sonralar yenə mübarizəsini davam etdirir.
Üsyan yatırıldıqdan dərhal sonra Bakı qalasında xüsusi hərbi məhkəmə təşkil edilib, üsyanın 43 başçısına qarşı cinayət işi qaldırıldı. Başda 35 yaşlı Hacı Məmməd olmaqla 37 nəfər hərbi məhkəmədə dindirildi, 6 nəfərə qarşı isə fərarilik etdiklərinə görə axtarış elan olundu. Mayor İsa bəy hərbi rütbəsindən məhrum edilməklə Sibirə sürgünə göndərildi. Dörd üsyançı Sibir batalyonunda, beş üsyançı isə 1-ci piyada korpusunda hərbi xidmətə cəlb olundu. Üsyanın rəhbəri Hacı Məmmədə qarşı ölüm hökmü çıxarıldı. Çar Hacı Məmmədin oğlu Novruzun Kaluqa şəhərinə sürgün edilməsi əmrini verdi. Lakin Novruz təyin olunan sürgün 1837-ci il Quba üsyanı məğlubiyyətə düçar olsa da, yerli hakimiyyət orqanlarının nümayəndələrini, hətta çar I Nikolayın özünü də bərk təşvişə saldı. İkinci Quba üsyanına qədər azadlıq və müstəqillik aşiqləri çar məmurlarının və yerli mülkədarların zülm və zorakılığından qaçıb dağlara, dərələrə sığınır, meşələrdə gizlənir, lap sonda mübarizələrini qaçaq kimi davam etdirirdilər. Bu, fərdi mübarizə idi və hökuməti o qədər də narahat etmirdi. Lakin yerli əhalinin belə birgə yekdil çıxışı çar üsul idarəsi məmurlarına yaxşıca dərs verdi. Çar I Nikolay üsyançıları cəzalandırmaq, qorxutmaq əmri versə də, Azərbaycan xalqını, "müsəlmanları" məhv etməyin və onların yerində erməni keşişlərinin arzuladığı "xristian dövləti" yaratmağın qeyri-mümkün olduğu qənaətinə gəlmişdi. yerinə gedə bilmədi, iki ay sonra qızdırmadan vəfat etdi. Üsyanın ən tanınmış rəhbərlərindən biri olan Yarəli 1838-1840-cı illərdə Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəkidə mübarizəsini axıra qədər davam etdirdi.
Quba üsyanının 12 min iştirakçısı qüdrətli imperiya ilə qeyri-bərabər döyüşdə çoxlu şəhid verdi, amma əvəzində çara və onun əlaltılarına başa saldı ki, bu ölkədə güclü və qeyrətli xalq yaşayır. Onu sındırmaq olmaz! Quba üsyanı Azərbaycan xalqına qarşı çarizmi qəzəbləndirsə də, həm də onu yumşaltdı, düşünməyə və bu xalqa yeni nəzərlə baxmağa vadar etdi.
Quba xanlığının ləğvindən sonra Quba əyalətində də komendant idarəçiliyi yaradılmışdı. Bu, Çar Rusiyasının hərbi-müstəmləkə idarəçiliyinin yerlərdə başlıca qurumu, əslində işğal idarəçiliyi sistemi idi. Qafqazın Baş hakimi və komandanı Paskeviç 1830-cu ildə çara göndərdiyi təqdimatda bu barədə yazmışdı: "...Müsəlman əyalətlərində gerçək hakimiyyət komendantların əlindədir; onların əl-qolunu yalnız Baş hakimin arasıkəsilməz nəzarəti yığışdıra bilər, ancaq bu nəzarət məhdud və çətindir". Quba üsyanı yatırılan kimi onun səbəblərini öyrənmək üçün buraya göndərilmiş qraf İ. Vasilçikov da "indiki zamanda bütün hakimiyyətin komendantların əlində toplanmış olduğunu", "heç bir qayda-qanun, məsuliyyət tanımayan belə bir idarəçiliyin mənfi səciyyə daşıdığını" bildirirdi.
10 mahal, 1 dairə, 6 "azad icma" birləşdirən Quba əyalətinin başında bu zaman polkovnik Gimbut dururdu. Tacixçilər onu Azərbaycanda çar hakimiyyətinin "ən yaramaz nümayəndələrindən biri" adlandırırlar. Müşkür mahalı kəndlilərinin şikayəti üzrə Gimbut guya kasıblar üçün hər evdən yığılan 5 abbası pulu, isti mədən suları üzərində guya sağlamlıq evi tikmək və Şirvanda zəlzələdən uçmuş evlərin bərpası üçün yığdırdığı pulları özü mənimsəmişdi. Buğda ilə ödənilən qalabaşı vergisi pula çevrilərək bir neçə qat (3 abbasıdan çox) artırılmışdı.
Xidmətyana vergisi (6 şahı) də onun əlinə keçirdi. Xidmətyana vergi yığanlara çatmalı idi, Gimbut isə onları bu işdən kənar edərək, bu pulu kəndxudalara yığdırırdı. Gimbut torpaq çəkişməsi aparan Cek və Buduq kəndlərinin birindən gümüş pul ilə 300 və о birindən 200 manat alıb torpağı onların heç birinə verməmişdi. Çünki torpaq bu kəndlilərə deyil, Quba sakinlərinə məxsus idi. Xuluq və Qunuq kəndləri arasında da torpaq çəkişməsi vardı. Gimbut öncə gümüşlə 125 manat rüşvət alıb bu torpağı xuluqlulara, bir il ötdükdən sonra yenə gümüşlə 30 manat alıb qunuqlulara vermişdi.
Komendant idarəsində 450-yə kimi qulluq adamı toplanmışdı. Bunların hamısı xalqın soyulmasında bu və ya başqa ölçüdə iştirak edirdi.
Aşağıda polkovnik Gimbutun tutduğu işlər haqda qısaltmalarla Şeşpər mahalı sakinlərinin şikayəti verilir. Bu sənəd Qubada hərbi dairə rəisinə, oradan Tiflisə Baş hakim idarəsinə göndərilmiş və bu idarədə mütərcimlik etməyə başiayan Mirzə Fətəli Axundov tərəfindən ruscaya çevrilmişdir.
Şeşpər mahalı kədlilərinin general-mayor Reutta şikayəti, iyul 1837-ci il
redaktə- "1 Gimbutun at ilxısı üçün Niyazabadda ot biçib öz arabalarımızla Qudyal qalasına daşıdıq; bunun
üzündən özümüzün mal-qarası üçün yem hazırlaya bilmədik, qış düşdükdə heyvanlarımız qırıldı və bizə böyük zərər dəydi.
- 2. Biz onun üçün Qudyal qalasının yuxarı qapısı yanında bir bağ saldıq, onu özü məhv etdi, sonra isə (Ortaqapı) yaxınlığında bizi başqa bir bağ salmağa məcbur etdi, biz bu bağı bir neçə ilə əkib qurtardıq, amma bunun qarşılığında ondan bir qəpik belə ala bilmədik.
- ...4. Zəlzələ baş verdiyi üçün (bu ad altında) bizdən pul qopardılar.
- 5. Bizi odun kötükləri gətirməyə məcbur edir, bunun qarşısında bizə heç nə ödəmirdi.
- 6. Sürülərimiz üçün Gimbut bizdən pul yığaraq, bunu öz mirzələrinə paylayır.
- 7. Kasıblara paylamaq üçün bizdən pul (zəkat) yığıb özünə götürdü, amma bizim müsəlman qanunumuz üzrə bu yığımı həmin zümrəyə öz əlimizlə biz özümüz paylamalıyıq.
- ...9. Neçə ildir bizdən zəkat yığır, buna görə bizim bütün müsəlman məscid və mədrəsələrimiz zəruri xərclərini ödəmək üçün sıxıntı keçirir, həmişə zəkat hesabına dolanan kasıblarımız isə indi aclıq çəkirlər.
- ...12. Post dayanacaqlarına pul ödəməyimiz, kağızları ünvanına çatdırmağımız bir yana qalsın, üstəlik bizdən post pulu alır.
- 13. Heç bir ödənc vermədən bizi Baş yol (Bakı-Quba-Dərbənd yolu) tikintisinə çıxardı.
- 14. İki ildir ki, onun əmri ilə öz arabalarımızla kötük daşıyırıq, bizlərdən kəli olmayanlar gümüş pul ilə 5 manata kəl tutub bu işi yerinə yetirməkdədir.
- 15. O, Gimbut Varşavaya (hərbi qulluğa) göndərmək üçün bizdən adam tələb edir. Siz zati-alilərinin yanına gəlib bu (şikayəti) vermək üçün biz Çiqaçuk çayının üstündə yığıncağa toplaşdıq, bu vaxt Şabran mahalının sakinləri də siz zati-alilərinə belə bir xahiş vermək üçün Qudyal qalasına toplanmışdılar. Bu arada komendant Gimbut bu sonuncuların fikrini bildikdə, onların hörmətli adamlarını ağacla döydürüb adı çəkilən qaladan qovdurdu, bununla yanaşı Məmməd Riza bəyi bizim üstümüzə göndərdi; o, gəlib çatan kimi bizi hədələyərək qorxutdu, ləyaqətimizə toxunaraq arada belə bir yalan şaiyə buraxdı ki, guya biz istehkamlar qurur, mis qabları basdırıb gizlədir və Rusiya rəislərinə qarşı durmaq istəyirik...
Yuxarıda söylənənləri Siz zati-alilərinin nəzərinə çatdıraraq, Gimbutun komendant vəzifəsindən götürülməsini, bununla da bizi onun zülmündən qurtarmağı Sizdən itaətlə xahiş edirik. 1253 (1837)-cü ilin Səfər (iyul) ayı, 96 adamın imzası qoyulmuşdur. Çevirdi Fətəli Axundov".
Naiblərin və iltizamçıları zülmü
redaktəMahalların idarəsi naiblərin əlində idi. Çar məmurları özləri yazırdılar ki, mahal naibləri əhali üzərində mütləq hakimdirlər. Amansız istismar hesabına onlar xalqdan xəzinənin götürdüyündən daha çox qazanc sümürə bilirdilər. Ən çox onlar rəiyyətin və rəncbərin çalışması sayəsində varlanırdılar. Onların böyük tasərrüfatları var idi. Buduq mahal naibi Alpanlı Məmmədxan bəyin ilxısında 500-dən çox at saxlanırdı, ildə 500 rüb taxıl səpirdi. Müşkür mahal naibi Cəfərqulu bay Bakıxanov (Abbasqulu Ağanın qardaşı) yalnız düyü satışından ildə 3 min gümüş manat götürürdü. Bu naiblərin və başqalarının çəltik, buğda, arpa, darı əkinlərlni, bağlarını rəncbərlər becərirdi. İlbəil onların acgözlüyü artırdı. Əkinləri genişləndirərək, öz rəncbərlərini bir neçə qat artıq işlədirdilər. Xəzinə vergilərini ödəmək üçün 100 araba tələb olunduğu halda, onlar kəndlərdən üç qat çox istəyir, artığını sahiblərindən pul alıb geri qaytarırdılar. Buduq mahalının naibi Məmmədxan bəy əkin, səpin, biçin və xırman işlərini bütünlüklə kəndlilərə gördürüb, üstəlik iki il içində onlardan pulsuz 100 rüb toxum almışdı. Pambıq əkmək üçün xış və toxumu da kəndlilərdən alır, onlardan top-top ipək sapı qoparıb mənimsəyirdi.
Müşkür mahalı əhalisinin şikayətində mahal naibləri ilə bağlı yazılırdı: "Siz zati-alilərinə komendant Gimbutun belə qanunsuz hərəkətlərini bildirməklə, Sizdən onu, onun tərcüməçisi Aslanovu, Məmmədxan bəyi və Cəfərqulu ağanı vəzifədən götürməyi xahiş edirik, (çünki) onlar Gimbutun bizə qarşı etdiyi özbaşınalıqların hamısında iştirak edirlər".
Quba əyalətində 1800-ə yaxın kəndli həyəti bəylərə məxsus olub, qalan 8364 həyət isə dövlət xəzinəsinin istismarında idi. 1836-cı ilə aid arayış üzrə kəndlilər Rusiya xəzinəsinə gümüş pul ilə 12973 manat vergi, daimi və dəyişən natural vergi şəklində 6862 rüb buğda, 2899 rüb arpa ödəmişdilər. Ağır vergilərlə yanaşı onlar çoxsaylı mükəlləfiyyətlər yerinə yetirir, dövlətə məxsus binaların tikilməsi, yolların nizama salınması, arx və kanalların təmizlənməsi kimi işləri görürdülər. Yerli komendant vergilərin bölgüsü və yığılmasında hər cür özbaşınalığa yol verir, əhalini qoşunlar üçün bazar qiymətindən 3 dəfə ucuz qiymətə taxıl satmağa məcbur edirdi. Vergilər yığılarkən kəndlilər qiymət, çəki və ölçüdə açıq-açığına aldadılırdı. Vilayətdə heç bir qayda-qanun gözlənilmirdi. Hökumətə sədaqətli bəylər, mahal naibləri komendantlıqla əlbir hərəkət edirdilər.
1834-cü ildə Quba əyalətindəki 328 qışlaq və 111 yaylağın 4 illiyə, hər il 4565 gümüş manata Şergilov adlı birisinə iltizama verilməsi maldarların vəziyyətini olduqca pisləşdirmişdi. Çünki bu soyğunçu iltizamçı otlaq haqqı kimi müəyyən olunmuş ənənəvi ödənişi pozaraq 5 qat artıq rüsum toplayırdı. Yerli əhali öz sürülərini Quba əyalətində deyil, Şirvanın qışlaq və yaylaqlarında otardıqda belə, iltizamçıya rüsum ödəməli idi. Bundan başqa əyalətdə yetişdirilən bütün barama yığımı, balıq vətəgələri, bağlar, nəhayət "mizan çəkiləri" də poruçik Şergilova dördillik iltizama verilmişdi. Bütün bunların qarşısında iltizamçı Rusiya xəzinəsinə yalnız 5502 gümüş manat keçirmişdi. Özü isə baramanın, balığın, meyvə bağları məhzulunun 1/10-ni mənimsəyir, əyalətdə satılan ipəyin hər funtuna 5 qəpik "mizan" rüsumu çıxaraq böyük gəlir götürürdü. Əslində, əyalətin bütün təsərrüfatı onun inhisarına keçmlşdi. Yerli feodallar da iltizam işinə qoşulmuşdular. Cəfərqulu Ağa taxıl əkinlərini, Qurban Niftalıyev ət satışını, Нас Əminər dövlət tikililərini, İsmayıl Məmmədqulu neft quyularinı, Zeynal adlı birisi dəyirmanları iltizama götürmüşdülar.
Üsyanın başlanması
redaktəKənd əhalisinin səbrini 1837-ci ildə baş komandanın Varşavadakı atlı müsəlman alayı üçün (Quba əyalətindən) 36 atlı əsgər toplanması haqda sərəncamı tükətdi. Bu iş kəndlilər üzərində yeni soyğunçuluq mənbəyi olmuşdu. Başqa əyalətlərdə bir atlının təchizatı yerli əhali hesabına 130-150 man. tuturdusa, Quba əyalətində 350 manata başa gəlirdi. Aprel ayında əyalətin Yuxarıbaş, Sırt və Anaqdərə mahallarının bütün kəndxudaları Əhəzrə kəndinə yığışıb, idarəsi Qubada olan Dağıstan hərbi dairə rəisi general-mayor Reuttdan kəndlərdə atlı toplanılmasını dayandırmağı tələb etdilər. Reuttun bundan sonra atlı döyüşçülərin yalnız könüllü olaraq yığılacağı haqda vədinə inanmayan camaat evlərinə dağılışmadı.
Komendant Gimbutla rəqabət aparan, birbaşa baş hakim baron Rozenlə əlaqə saxlayan Tip mahalının naibi mayor İsa bəy Həsən Əfəndi oğlu kəndlilərlə görüşə gəldi. 0, əhalinin narazılığını gücləndirmək üçün Xudatda yığışan üsyançılara bildirdi ki, baş hakimdən atlı yığılmasını Məmmədxan bəy Alpanlı və Cəfərqulu ağa Bakıxanov xahiş etmişlər. Bundan çox qəzəblənən kəndlilər hökumətə qulluq edən "satqın bəylər sürüsünün məhv edilməsi" tələbini irəli sürdülər. Sözdə "itaətkar xahişnamə" şəklində olan bu tələblər məzmunca kəskin yazılmışdı (mətn parçaları yuxarıda gətirilmişdir).
Çağdaş tarixçi A. Bakıxanov üsyançıların tələbləri ilə bağlı yazırdı: "Bu tələbləri yerinə yetirmək məqsədilə artıq yola düşməyə hazır olan atlılar dərhal buraxılmış, komendant polkovnik Gimbut işdən götürülmüş, poruçik Məmmədxan bəy və podporuçik Cəfərqulu ağa Şamaxı və Bakıya aparılmış və indi də orada saxlanılmaqdadırlar; pulların geri qaytarılması haqda isə Baş hakim qarşısında məsələ qaldırmaq vəd edilmişdi".
Tələblərin yerinə yetirilməsi əhalini bir az sakitləşdirdi, onlar dağılıb getdilər. Ancaq az sonra üsyana başçılıq edən Xuluq kəndxudası Насı Məmməd və on kənd böyüyü yenidən Reuttun yanına gəlib, süni surətdə birləşdirilmiş yuxarı mahalların ayrılması, vergilərin azaldılması barədə ona yeni tələblər verdilər. Hərəkat getdikcə kəskin sosial səciyyə almaqda idi. Kəndlilərin evlərinə dağılıb getməsini görən çar hərbçiləri bu tələblərin cavabını uzatmağa başladılar.
Üsyanın ikinci dalğası
redaktəAvqust ayında Насı Məmməd qızının toyu ılə bağlı Xuluq kəndınə çoxlu qonaq çağırdı. Miskinc, Qarakürə, Yuxarıbaş, Anaqdərə, Sırt mahallarından buraya 200-ə kimi adam toplandı. Üsyanın gedişində Hacı Məmmədin yardımçısı olan kəndli Yarəli də oğlu Rəcəblə bunların arasında idi. Kənd başçıları burada gənəşmə keçirib "üsyan yapmaq" qərarına gəldilər. Kəndlərə çaparlar göndərildi.
Quba camaatı dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil ilə də əlaqə yaratdılar. Yuxarıbaş mahalında yaşayanlar Şamilə məktub yazmışdılar. Onlar, Rusiya hökumət nümayəndələrinin üsyanda irəli sürülən tələbləri ödəməyə söz verdiklərini bildirirdilər.
Həmzət bəyin öldürülməsindən sonra 1835-ci ilin yayında imam seçilən Şeyx Şamil yalnız 1837-ci ildə çarlıq Rusiyasına qarşı silahlı savasa başlamışdı. Ona görə qubalıların çıxışına diqqətlə yanaşırdı. Şamil Qubaya məktub göndərdi. Məktubun mətni qalmamışdır. Ancaq Hacı Məmməd sonrakı məhkəmə dindirməsində bu məktubun üzərində Şeyx Şamilin öz möhürünün vurulduğunu söyləyirdi. Məktubun gerçək olduğunu general Reuttun onu ələ keçirmək üçün gizli tapşırıq verməsi də sübut edir. Görünür, çar generalının tapşırığı boşa çıxmışdı. Məktub Hacı Məmmədin, İlyas bəyin, Həsən bəyin, başqa Quba kəndxudalarının adına yazılmışdı. Şamil öz məktubunda yaz vədlərindən sonra qubalıların evlərinə dağılışmasını kəskinliklə qınayırdı. Hacı Məmmədin sonrakı məhkəmə danışığına görə Şamil kəndliləri çar məmurlarına inanmamağa çağırırdı. Yazırdı ki, "yadellilərin zülmündən" qurtulmaq üçün bir çıxış yolu var, о da silahlı mübarizədir. Şamil bir də yazırdı: "bizim etiqad və adətlərimizin yağılarına qarşı üsyan edin! Ruslar ona görə məndən nə isə tələb etmək gücündə deyillər ki, mən gecə-gündüz vuruşaraq bizim gücümüzün üstünlüyünü sübuta yetirdim, boş vədlər və kağızlara inanmayın, susmaq sizin üçün ölüm deməkdir!"
Avqustun 21-də əyalətin bir çox yerlərində kiçik yaraqlı dəstələrin toplanması ilə hərəkat yenidən başladı və tezliklə silahlı üsyana çevrildi. Yeni əyalət komendantı mayor İççenko üsyançıları qabaqlamaq üçün onların içinə praporşik Əlipaşa Ağa Bakıxanovu (Abbasqulu Ağanın əmisi oğludur) göndərdi. Onun casusluğu baş tutmadı. Bedışqala kəndxudasının evində üsyançılar onu tutub Yasan kəndinə apardılar və burada öldürdülər.
Yarəlinin başçılıq etdiyi üsyançı dəstə tərəfindən Anaqdərə mahalında rus kazaklarının və Xudat postundakı rus əsgəri bölüyünün əsir alınması hərəkatın ilk uğuru oldu. Üsyan əyalətin bütün mahallarına yayıldı. Yalnız Quba şəhəri, Buduq və Barmaq mahalları komendantın hökmü altında qalırdı, qalanları isə onun və mahal naiblərinin hakimiyyətindən çıxmışdı.
Belə bir şəraitdə əyaləti idarə etmək üçün üsyançılar xan seçmək qərarına gəldllər. Onlar öz başçıları Hacı Məmmədi "xan" seçdilər. O, üç mahalın idarəsini öz əlinə alaraq, oraya hakimlər göndərdi. Hər yerdən kəndlilər axışıb onun dəstələrinə qoşulurdular. Çox keçməmiş üsyançıların sayı 3 minə çatdı. Üsyanın başlıca hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi də üsyana qoşulmuşdu. Buduq mahalını çıxmaqla, qalan mahallara qoyulan yeni naiblərin hamısı çarizmə qarşı yağı mövqeyində duran bəylər idi. Yuxarı mahalların bəylərinin demək olar hamısı üsyanda iştirak edirdi.
Əhbil kəndində düşərgə salmış üsyançıların sayı artıq 7 minə, Quba şəhərinə hücum ərəfəsində isə 12 minə çatmışdı. Dağıstanın güney hissəsində yaşayan sakinlər də axışaraq gəlib üsyançı dəstələrə qoşulmuşdular.
Quba üsyanının avqust-sentyabr yüksəlişi qarşısında da Şeyx Şamil buraya məktub göndərərək çar hökuməti ilə barışmaz mübarizəyə qalxmağa çağırmışdı. Hacı Məmməd məhkəmədə bildirmişdi ki, Quba üzərinə yürüşdən qabaq bu məktuba, "dəstəmizin uğurları ilə bağlı hərəkatda iştirak edənlərin hamısının möhürlərini vurmaqla" cavab göndərmişdik. Burada yazılmışdı: "Allaha şükür olsun, biz bərk dayanmışıq, xeyli qoşun toplamış, çoxlu əsir götürmüşük və tezliklə şəhəri almaq ümidindəyik". Beləliklə, Quba üsyanı ilə dağlılar hərəkatının başçıları arasında ilişgi olması tarixi gerçəklikdir.
Quba uğrunda döyüşlər
redaktəHərəkata başçılıq etmək üçün ayrıca hərbı şura yaradılmışdı. Bu şuraya şəhərlilərin də nümayəndələri daxil edilmişdi. Şura üsyanın sonrakı gedişinin planını tutmalı, Dərbənddən çıxan general Reuttun hərəkətinə göz qoyub izləməli, şəhərə bitişik yerləşən Gürcüstan alayının lazaretini ələ keçirməli idi.
Şəhər əhalisinin üsyana rəğbətlə yanaşdığını yaxşı bilən Hacı Məmməd avqustun 30-dan Quba şəhərini ələ keçirmək əməliyyatına ciddi hazırlığa başladı. O, 12 minlik qüvvəni hərəsində 4 min döyüşçü olan 3 dəstəyə böldü. Dəstələrin biri İsmayıl xan və Cəfər bəyin başçılığı ilə öndən (Xaçmaz yolundan), о birisi isə İsa bəyin qardaşı Bayraməlinin başçılığı altında güneydən hücuma keçməli, Yarəlinin başçılıq etdiyi dəstə isə quzeydən şəhərə girməli idi. Hacı Məmmədin özü Nügədi kəndində dağlıq yerdə hücumun gedişini müşahidə etməli idi.
Qalada yerləşən hökumət qarnizonunda 600 nizami əsgər, çoxlu silah ehtiyatı və toplar vardı. Qarnizona başçılıq edən komendant İççenko bir sıra hazırlıq işləri gördü. Onun əmri ilə dışarıdan qalaya bitişik bütün evlər söküldü, bununla üsyançıların qalaya aşıb keçmək qorxusunu aradan götürməyə çalışdı. Çoxsaylı döyüşçülərin hərəkətini asanlaşdırmaq üçün qalanın içərisində bütöv bir məhəllə sökülüb yox edildi. Qala divarlarına kimi uzanıb gələn alma bağını isə qırdırmağa macal tapmadı. Ağaclar, qalaya yaxınlaşan üsyançılar üçün qurşundan bir qoruyucu olaraq qaldı.
İş dalınca Quzey Dağıstana getmiş hərbi dairə rəisi Reutt tələsik Dərbəndə gəldi. Burada özü ilə 250 əsgər, 300 yerli milis, iki top götürüb Qubaya yollandı. Ancaq üsyançılar onun yolunu kəsib Quba qarnizonu ilə birləşməyə qoymadılar. General Dərbəndə dönməli oldu.
Hacı Məmmədin başçılığı ilə 3 sentyabrda keçən Hərbi Şura birbaşa hücumla qalanı almağın mümkün olmadığını bildirdi. Şurada şəhəri təmsil edən Xanməmməd və Səlim, gizli yolla qalaya girməzdən öncə şəhərlilərin razılığını almağı təklif etdilər. Hərbi Şura adından kağız yazıldı, Səlim onu gizli şəhərlilərə çatdırdı. Burada yazılmışdı ki, üsyançıların şəhərə girməsinə razısınızsa, mal-qaranı qaladan dışarı otlağa çıxarın.
Ertəsi gün qala qapıları açılaraq mal-qara otlağa çıxarıldı. Bunun şərti razılıq olduğunu bilən üsyançılar döyüş planını yerinə yetirməyə başladılar. 5 sentyabrın alatoranlığında Yarəli min döyüşçünü alıb keçilməz dağ cığırı ilə onları bir-bir qalaya keçirməyə başladı. Onlar şəhər məhkəməsi binasını, mərkəzi meydanı tutdular. Ancaq ştabs-kapitan Zarembskiçevik tərpənib onları topa tutdu, səpələnib evlərə və tikililərə sığınmağa məcbur etdi. Tikililərin bir çoxu kiçicik qalalara çevrildi. Şəhər əhalisi üsyançılara kömək göstərir, özləri də onlarla birgə döyüşürdülər. Rus əsgərləri saat 5-ə yaxın üsyançıları vurub qaladan çıxardılar. Yarəlinin uğursuzluğu üsyançıların güney və ön zərbəsinin düşünüldüyündən qat-qat zəif alınması ilə bağlı idi. Onlar qala qarnizonunu çöldən çox ciddi məşğul edib Yarəlinin işini asanlaşdıra bilmədilər. Qala topları onları yaxın buraxmadı. Şəhərin suyunu kəsib yalnız gözləmə mövqeyi tutdular. Uğursuzluq üsyançıların öz gücünə güvənməsini sarsıtdı.
Üsyanı yatırmaq üçün baş hakim Rozen, Şeyx Şamilə qarşı savaşda olan general Fezeni 3222 süngü və 14 top ilə Samur çayı üzərinə göndərdi. Ola bilsin, başlıca tapşırıq Quba üsyançılarının dağlılar ilə birləşməsinə yol verməməyi nəzərdə tuturdu. Bundan başqa Bakı, Şamaxı və Zaqataladan 6 piyada bölüyü, 6 topu olan bir eskadron Qubaya göndərildi. Zaqataladan göndərilən rus qoşununu Daniyel bəy İlisulunun başçılığı altında 250 döyüşçüsü olan Car-Balakən milisi müşayiət edirdi (çar hökumətindən generallıq almış bu amansız bəy yeddi il sonra Şeyx Şamilin tərəfinə keçmişdi). Bundan qabaq isə Reuttun göstərişi ilə Kürə və Qazıqumux xanları tərəfindən təşkil edilmiş feodal milis dəstəsi də Qubaya yeridilmişdi. Şirvan komendantı fon-Aşeberqin göstərişi ilə "Şirvan milisi" (min atlı) yerli praporşiklərdən Adil bəy, Şirəli bəy və Şirin bəyin başçılığı altında Qubaya göndərildi. Şirvan milisi Qubaya çatan kimi dinc əhaliyə amansız divan tutmağa başladı. Rəsmi sənədlərdən birində deyilirdi: "Qubanın mühasirədən qurtulma şərəfi əslində bu milisin payına düşür, ancaq belə bir xeyirxah işi bu milis bir orijinal... üsul ilə yerinə yetirdi: üsyan etmiş əyalətdə atdığı ilk addımdan şirvanlılar, onların qarşısına çıxan hər kəsi... elə bir eşidilməmiş həyasızlıqla soyub yağma etməyə başladılar ki, dinc əhalini də, qiyam edənləri də eyni ölçüdə dəhşətə gətirdilər. İş о yerə çatmışdı ki, Şirvan milisinin əl-ayağını yığışdırmaq üçün iki kərə göndərilən ştabs-kapitan Zarembski hər ikisində bu milis tərəfindən soyulub yola salınmışdı".
Rəsmi qaynaqda deyildiyi kimi, "bu yeni hunların davranışı" barədə eşidən üsyançılar öz evlərini, arvad-uşaqlarını qorumaq üçün kütləvi şəkildə dağılışmağa başladılar. Sentyabrın 11-də üsyançıların düşərgəsində Hacı Məmmədlə yalnız üç dağ mahalının (Müşkür, Anaqdərə və Sırt) sakinləri qalmışdı. O, qalan üsyançılara evlərinə dağılışmaq əmri verib özü doğma Xuluq kəndinə getdi; oradan isə ailəsi ilə birlikdə Kürə xanlığına keçdi. Özünü üsyana tərəfdar kimi göstərən Qazıqumux və Kürə hakimi Məmmədmirzə xan onu tutub hökumətə təslim etdi. Üsyan başçıları sayılan 44 kişi həbs edildi. Quba üsyanı qan içində boğuldu.
Üsyandan sonra da dağlıq mahallarda mübarizə davam edirdi. Üsyanın ikinci lideri Yarəli beş adamla dağlara çəkilib qaçaqlıq edirdi. 1838-ci ildə cəza dəstələri iki dəfə üsyançıların üzərinə yürüş etdi. İyun ayında Acıaxur adlı bir yerdə baş vermiş döyüşdə üsyançılar əzildilər. Dağlıq mahalların sakinləri Rusiyaya sədaqətli olacaqları, vergilərdən boyun qaçırmayacaqları haqda hökumət qarşısında and içməyə məcbur edildilər. Üsyançılardan bir parası Rutullu Ağabəy başda olmaqla dağlara çəkildi.
Üsyan yatırıldıqdan sonra hökumət hərəkatın fəal iştirakçılarına divan tutdu. Hacı Məhəmməd 4 il çəkən üzücü dindirmələrdən sonra Bakı hərbi-səhra məhkəməsinin hökmü ilə asıldı. Mayor İsa bəy bütün ad və rütbələrdən məhrum edilib Sibirə sürüldü. Vəlibəy Şahnamaz oğlu, Ağası Zöhrab oğlu, Şahbaz Əhməd oğlu, Şərifəli Çəmyab oğlu Sibir xətt qoşunlarına "qulluğa" göndərildilər. İmperator Nikolay Hacı Məmmədin heç bir suçu olmayan oğlu Novruzun "yaşamaq üçün" Quzey Rusiya şəhəri Kaluqaya göndərilməsi haqda buyruq verdi. Ancaq Novruz rus hərbi xəstəxanasında gözlənilmədən "qızdırmaya tutulub" öldü.
Quba üsyanı Azərbaycanda müstəmləkə zülmünə qarşı mübarizə tarixində böyük yer tutur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ М.М. Ихилов. Народы лезгинской группы. 197 г. Arxiv surəti 2 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
- ↑ "Куба: апрель-май 1918 г. мусульманские погромы в документах — Солмаз Рустамова-Тогиди — Google Книги". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
- ↑ "Arxivlənmiş surət". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.