Seriyye Xelilova - Wikipedia
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi[1] Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi.[1][2]
Səriyyə Xəlilova | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | SSRİ, Azərbaycan SSR, Bakı |
Vəfat səbəbi | Qətl |
Üzvlüyü |
Qətli
redaktəSəriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[1] Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur.[1]
Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş,[1] minlərlə qadın dəfn mərasiminə qatılmışdır.[1] Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər.[1]
Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır:
"Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də."[1][3]
Səriyyə 36 yaşında qardaşı tərəfindən bıçaqla öldürülmüşdür. Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olur. Ata isə öz sevimli oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürməkdən başqa çarə tapmır. O, ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır.
Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər. Beləliklə, qısa bir məhkəmə təşkil edilir. Səriyyənin atası ölüm cəzasına məhkum edilir və onu heç bir tərəddüdə yol vermədən Bayıl qazamatının həyətində güllələyirlər.[4]
Səriyyənin öz qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi və o, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.[5]
Xatirəsi və filmoqrafiya
redaktəSəriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.[1] Bu film təkcə Səriyyənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir.[1] Belə ki, rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirmişdir.[6]
Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazırdı:
"1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadın klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi…"[1]
Film haqqında Leyla Məmmədbəyova deyir:
"Kinorejissor Mikayıl Mikayılovla mən 30-cu illərin əvvəllərində fəal ictimaiyyətçi, Bakıdakı Əli Bayramov adına Qadın klubunun yaradıcılarından biri Səriyyə Xəlilovanın faciəli surətdə həlakından sonra tanış olmuşam. Səriyyəni yaxşı tanıyırdım. Ailəsi razılıq verməsə də klubda fəallıq göstərirdi. Dini fanatik əhval-ruhiyyəli doğmaları bunu ona bağışlamadılar. Səriyyənin dəfn mərasimi əsl nümayişə çevrildi. Onun faciəli ölümü – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi hamımızı, o cümlədən Mikayıl müəllimi də sarsıtmışdı. O, bu əhvalatı film vasitəsilə tamaşaçılara çatdırmağı qərara aldı. Lakin bir filmdə iki insan taleyini birləşdirdi: Səriyyənin və mənim taleyimi".[7]
"İsmət" filmindən başqa, 1927-ci ildə istehsal olunmuş "Oktyabrın on illiyi" [8] adlı sənədli filmdə Əli Bayramov adına ilk qadınlar klubunun işi və bu klubun əsasını qoyan Ceyran Bayramova ilə yanaşı Səriyyə Xəlilovanın da təşkilatçılığı öz əksini tapmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Məmməd Süleymanov. Azərbaycanda çadra əleyhinə hərəkat — Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli[ölü keçid]. teleqraf.com (az.)
- ↑ "Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli". goyce.az (ingilis). İstifadə tarixi: 2025-01-09.
- ↑ Rəbiyyə Sultanzadə. "Neft komandiri". "Xalq qəzeti", 10 mart 2010. (az.)
- ↑ "Qardaşı onu bıçaqla qətlə yetirdi, atası cinayəti boynuna götürüb güllələndi - Dəfni üsyana çevrilən Səriyyə..." Milli.Az (az.). 2021-02-13. İstifadə tarixi: 2025-01-09.
- ↑ Yol, Bizim. "Geyiminə görə öldürülən "Azad qadın"ın maraqlı tarixçəsi". Bizim Yol. İstifadə tarixi: 2025-01-09.
- ↑ Zöhrə Fərəcova. SƏMANI FƏTH EDƏN QADIN Arxivləşdirilib 2021-05-12 at the Wayback Machine. regionplus.az, 11.11.2014 (az.)
- ↑ "Qətlə yetirilən Azərbaycan qadını haqqında film". 09.01.2025. İstifadə tarixi: 9 yan 2025.
- ↑ "Oktyabrın on illiyi adlı film". audiovisual.az. 09.01.2025.