Meydan Tv Jurnalistlerinin Hebsi - Wikipedia
Meydan TV jurnalistlərinin həbsi — Azərbaycanda 2023–2024-cü illərdə vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası çərçivəsində 2024-cü il, dekabrın 6-da Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko və Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov həbs edilmişdi. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Xronologiya
redaktə2024-cü il dekabrın 6-da, saat 18:25-də Meydan TV-nin redaktoru Orxan Məmməd özünün facebook sosial şəbəkə hesabında üç saatdan çoxdur ki, Meydan TV-nin jurnalistləri Aynur Elgünəş, Natiq Cavadlı, Aytac Tapdıq və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko ilə əlaqə yaratmağın mümkün olmadığı ilə bağlı paylaşım etdi.[1] Bu məlumatdan on dəqiqə sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti vətəndaş Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıdığını bildirdi. Həmçinin əlavə araşdırmaların aparıldığı, bir neçə şəxsin də araşdırma çərçivəsində saxlanıldığı qeyd olundu.[2]
Meydan TV işi ilə bağlı verilən bəyanatlar
redaktə- Jurnalistləri Müdafiə Komitəsi "Meydan" TV-nin jurnalistlərinin saxlanılmasını pisləyən bəyanat yaymışdı. "Azərbaycan iqtidarı Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Ramin Cəbrayılzadəni, eləcə də son aylarda analoji ittihamlarla həbs edilmiş ondan çox digər aparıcı jurnalisti dərhal azad etməli və müstəqil mətbuata qarşı görünməmiş hücumu dayandırmalıdır", — deyə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatın qeyd edilmişdi.[3]
- Sərhədsiz Reportyorlar da "Meydan" TV-nin jurnalistlərinin həbsini pisləyib. ""Sərhədsiz reportyorlar" bu yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır", — deyə qurumun X platformasında yayılan məlumatda qeyd edilirdi.[4]
- Freedom Now da "Meydan" TV-nin jurnalistlərini azad etməyə çağırdı. "Azərbaycan müstəqil jurnalistləri sərt formada təqib etməyə davam edir. Repressiyaların son hədəfi "Meydan" TV-nin beş jurnalistinin açıq-aydın siyasi motivli əsaslarla saxlanılması oldu. Biz onları dərhal azad etməyə və bu təqibə son qoymağa çağırırıq" deyə qurumun X platformasında yayılan məlumatda qeyd edilirdi.[5]
- Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann dünyada və Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərlə bağlı narahatlığını ifadə edib. "Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyata keçirmək, insan hüquqlarını müdafiə etmək üçün insan hüquqlarının pozulduğu yerlərə kameralar, mikrofonlar yerləşdirməliyik. Mətbuat azadlığı insan hüquqları sahəsində vəziyyətin indikatoru olduğuna görə, biz bütün dünyada, o cümlədən Azərbaycan da daxil jurnalistlərə qarşı zorakılıq, repressiyalardan narahatıq" — deyə, o, X platformasında yazıb.[6]
- Norveç rəsmiləri də Meydan TV jurnalistlərinin həbsi ilə bağlı narahatlıq ifadə edib. "Abzas Media və Toplum TV-nin jurnalistlərinin həbsinə əlavə olaraq Azərbaycanda Meydan TV jurnalistlərinin həbsi məni dərindən narahat edir. Norveç onları azad etməyə çağırır", deyə Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib.[7]
- Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli rejimin müstəqil mətbuatın Azərbaycanda son qalıqlarını da məhv etmək, Azərbaycanı Türkmənistanlaşdırmaq siyasətini qəti formada pislədiyini bildirdi.[8]
- Müsavat Partiyası bəyanatında "repressiyaların dayandırılmasını" tələb edib.[8]
- REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli isə jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin siyasi motivlərlə saxlanılmasını yolveriməz, məntiqsiz adlandırıb.[8]
- Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV jurnaslitlərinin həbsindən 37-ci ilin qoxusu (Stalin repressiyası — red) gəldiyini bildirdi. "İndi hər gün, hər həftə yeni həbslər barədə xəbərlər alırıq. 37-ci ildə də belə idi. İnsanlar qorxu içərisində yaşayırdı. Hamı qapısının döyüləcəyini gözləyirdi. İndi də belədir. Son həftədə hüquq müdafiəçisi Rüfət Səfərov, Meydan TV-nin 6 jurnalisti həbs olunub. Bu, jurnalsitlərə qarşı təqib siyasətidir. Onların peşə fəaliyyətinə qarşı yönəlmiş təhdid siyasətidir. Azad sözdən, azad araşdırmalardan iqtidarın keçirdiyi narahataçılığın nəticəisidir", deyə Cəmil Həsənli qeyd edib.[8]
- Politoloq, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Meydan TV jurnalistlərinin həbsini sərt formada tənqid etdi. "Bu dəfə sırada Meydan TV-dir. Rejim səfirlərin (ABŞ, Birləşmiş Krallıq, Avropa İtifaqı və İsveçrənin Azərbaycan səfirləri — red) insan haqları ilə əlaqədar çıxışına bu formada cavab verdi. Amma bu həbslər birinci növbədə son illərin trendinin davamıdır. Azərbaycanda sürətlə diktatura qurulmaqdadır. Bu da hakimiyyətin Rusiyadan yana qeopolitik seçiminin nəticəsidir. Qısa müddətli buna nail ola bilərlər, amma Azərbaycanı uzun müddətli diktaturaya çevirə bilməyəcəklər!", deyə Azər Qasımlı qeyd edib.[8]
- Müstəqil jurnalist Şəmşad Ağa isə postmedia dövründə iqtidarın müstəqil mediaya qarşı amansız və heç bir əxlaqa sığmayan təzyiqləri bütün Azərbaycan xalqının gözü qarşısında baş verdiyini xatırlatdı. "Qeyri-şəffaf avtoritar rejimlər öz eyiblərini gizləmə üçün güzgünü sındırmağı çıxış yolu sayırlar. Amma dünyada heç bir müstəbid iqtidarsözə qalib gələ bilməyib, sözə qarşı savaşanların hamısı fənaya uğrayıb. Günahsız və qanunsuz həbs edilən dostlarımızın yanındayıq. Abzasda, Toplumda və Meydandayıq!" deyə Şəmşad Ağa qeyd edib.[8]
İstinadlar
redaktə- ↑ Ülviyyə Quliyeva, Tapdıq Fərhadoğlu / Voice of America (VoA). ""Meydan TV" jurnalistlərinin saxlanıldığı bildirilir". www.amerikaninsesi.org (az.). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Azəri-Press Agentliyi (APA). "Ölкəyə qanunsuz valyuta gətirən şəxs saxlanılıb". www.apa.az (az.). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Turan İnformasiya Agentliyi. "КЗЖ осудил задержание журналистов Meydan TV". www.turan.az (rus). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Turan İnformasiya Agentliyi. "«Репортеры без границ» призвали освободить журналистов Meydan TV". www.turan.az (rus). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Turan İnformasiya Agentliyi. "Freedom Now призвала освободить сотрудников Meydan TV". www.turan.az (rus). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Pərvanə Bayramova / Voice of America (VoA). "Almaniyanın Azərbaycandaкı səfiri Ralf Horlemann dünyada və Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərdən narahatdır". www.amerikaninsesi.org (az.). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ Emil Bağırov / Voice of America (VoA). "Norveç Meydan TV jurnalistlərinin həbsi ilə bağlı narahatlıq ifadə edib". www.amerikaninsesi.org (az.). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.
- ↑ 1 2 3 4 5 6 Tapdıq Fərhadoğlu / Voice of America (VoA). "Azərbaycanda jurnalistlərin həbsi tənqidlərlə qarşılanıb". www.amerikaninsesi.org (az.). 2024-12-04. İstifadə tarixi: 04.12.2024.