Cicekli Bitkiler - Wikipedia
Çiçəkli bitkilər (lat. Angiosperms) — bitkilər aləminin toxumlu bitkilər kladına aid bitki kladı.
Çiçəkli bitkilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Çiçəkli bitkilər |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir.
Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Toxumları xüsusi örtük içərisində əmələ gəlir. Tipin iki sinfi vardır: Birləpəlilər və ikiləpəlilər. Növlərinin sayına görə ikiləpəlilər sinfi birləpəlilərdən 5 dəfə çoxdur.[1] Angiosperm Phylogeny Website [1]-in 2010-cu il fevralına olan məlumatına görə çiçəkli bitkilər 271–272 min növü, 13350–13400 cinsi var.
Növünün sayına görə çiçəkli bitkilərin sayı ali bitkilərin yerdə qalanlarının hamısının birlikdə növünün sayları cəmindən çoxdur.
Çiçəkli bitkilər və çılpaqtoxumlular (Gymnospermae) birlikdə toxumlu bitkilər (Spermatophytae) əmələ gətirən iki qrupdur.
Çiçəkli bitkilər ömründə bir dəfə də olsa çiçək açan bitkilərdir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvələr çiçəkli bitkilərin orqanlarıdır.
Əsas əlamətləri
redaktəMüasir geoloji dövrdə bitki örtüyündə çiçəkli bitkilər üstünlük təşkil edir. Hazırda yerin bitki örtüyündə 250 minə qədər çiçəkli bitki növünə təsadüf olunur. Çiçəkli bitki növlərinin sayca çox olmasına baxmayaraq bunların hamısı üçün səciyyəvi olan bir sıra əlamətlərin olduğu göstərilə bilər. Çiçəkli bitkilər üçün səciyyəvi əlamətlərdən, birinci növbədə, çiçəkdə dişiciyin olması qeyd olunmalıdır. Dişicik bir və ya bir neçə meyvə yarpağının kənarları ilə bitişməsindən əmələ gəlmişdir. Dişiciyin enliləşmiş-yumurtalıq adlanan aşağı hissəsində bir və ya bir neçə yumurtacıq yerləşir. Mayalanmadan sonra yumurtacıq toxuma çevrilir və yumurtalığın divarı isə qalınlaşır, dərivari və ya ətləşmiş şəkil alaraq toxum və ya toxumaları əhatə edir və meyvə əmələ gəlir. Beləliklə, çılpaqtoxumlulardan fərqli olaraq çiçəkli bitkilərdə toxum meyvənin içərisində yerləşir və ona görə bunlar çiçəkli bitkilər adlanır. Məlum olduğu kimi, çılpaqtoxumlularda yumurtacıqlar makrosporofillərin üzərində açıqda yerləşir və mayalanmadan sonra toxumlarda makrosporofillərin üzərində açıqda əmələ gəlir.
Çiçəkli bitkilərdə yumurtacıq qapalı yerdə yerləşdiyindən dişiciyin yuxarısında ağızcıq əmələ gəlmişdir. Tozcuqların əmələ gəlməsi, tozlanma, mayalanma və toxumun inkişafı çiçəkdə gedir, beləliklə çiçəyin olması da çiçəkli bitkilər tipinə daxil edilən bitkilərin səciyyəvi əlamətlərindəndir. Tam inkişaf etmiş çiçəkdə çiçəkyanlığı, androsey və ginesey olur. Bitkilərin növündən asılı olaraq çiçəyin quruluşunda geniş müxtəlifliyə təsadüf olunur. Bitki morfologiyası fənnində çiçək və onun müxtəlifliyi haqqında ətraflı məlumat verilir.
Çiçəkli bitkilərin yumurtacığında çılpaqtoxumlulardan fərqli olaraq rüşeym kisəsi inkişaf edir və arxeqonilər olmur. Rüşeym kisəsi əksərən 8 hüceyrədən təşkil olunur, onlardan üçü sinerkid qrupunu, digər üçü antipod qrupunu təşkil edir və iki ədəd hüceyrə isə kapulyasiya edərək diploid mərkəz hüceyrəni əmələ gətirir. Sinerkid qrupu rüşeym kisəsinin mikropile yerləşən ucuna yaxın yerdə, antipod qrupu isə kisənin onlara nisbətən əks ucunda yerləşir. Çiçəkli bitkilərdə mayalanma zamanı sipermilərdən biri yumurta hüceyrəni, digəri isə mərkəzi hüceyrəni mayalandırır. Belə mayalanmaya ikiqat mayalanma adı verilmişdir. İkiqat mayalanmanın ətraflı təsviri bitki anotomiyası və morfologiyası fənnində verilir. Mayalanmış yumurta hüceyrədən diploid rüşeym və mayalanmış mərkəzi hüceyrədən isə triploid olan endosperm inkişaf edir. Burada əmələ gələn endosperm ikinci endosperm adlanır və arxeqonili bitkilərin ilk endosperimindən tamamilə fərqlənir. Arxeqonili bitkilərin endospermi dişi cücərtidir, haploiddir. Beləliklə, çiçəkli bitkilər üçün rüşeym kisəsi, ikiqat mayalanma, triploid olan ikinci endospermin əmələ gəlməsi səciyyəvi əlamətlərdir. Çiçəkli bitkilərdə erkək və dişi qametofitlərin daha da reduksiya etdiyi səciyyəvi əlamətdir. Erkək qametofit burada vegetativ və generativ olmaqla iki hüceyrədən təşkil olunmuşdur. Çiçəkli bitkilərdə tozcuq inkişaf edərkən çılpaqtoxumlulardan fərqli olaraq erkək cücərtinin vegetativ toxumanın qalığı şəklində protalial hüceyrələr əmələ gəlmir. Çılpaqtoxumlularda dişi qametofit endosperm olduğu halda çiçəkli bitkilərdə dişi qametofitin rüşeym kisəsində antipod hüceyrələri şəklində qaldığı göstərilir.
Çiçəkli bitkilərin ötürücü sistemi çılpaqtoxumlulara nisbətən daha da təkmilləşmişdir və adətən, ötürücü borulardan təşkil olunmuşdur.
Əmələgəlməsi
redaktəÇiçəkli bitkilərin ancaq bəzi əmələgəlmə etibarilə qədim nümayəndələrində traxeidlərə təsadüf olunur. Qazıntı halında qalıqları öyrənilərkən çiçəkli bitkilərin mezozoy erasının təbaşir dövründə geniş yayıldığı göstərilir. İlk çiçəkli bitkilərin yura və hətta ola bilsin trias dövründə formalaşdığı güman olunur. Təbii şəraitdə daha yaxşı uyğunlaşmış əlamətlərə malik olduqlarından çiçəkli bitkilər trias və yura dövründə bitki örtüyündə təşkil edən çılpaqtoxumluları tədricən sıxışdıraraq aradan çıxarmışdır.
Hazırda çiçəyin əmələ gəlməsi və çiçəkli bitkilər üçün hansı qədim çılpaqtoxumluların mənşə oldugu halda, onların benetitlərdən, kinetum tipli bitkilərdən, toxumlu qıjılar və ya keytonilər kimi çılpaqtoxumlulardan əmələ gəldiyi barədə müxtəlif mülahizələr irəli sürülür. Benetitlərin strobilində örtülü yarpaqların, mikro və makrospofillərin düzülüşündəki ardıcıllığın müasir çiçəkli bitkilərdə çiçək üzvlərinin düzülüşünə oxşardır. Buna baxmayaraq binnettitin strobilində dişiciyin olmaması, meyvənin əmələ gəlməməsi və s. əlamətlər nəzərə alınarsa çiçəkli bitkiləri mənşə etibarilə, bilavasitə binnettitlərlə bağlı hesab etmək qeyri mümkündür.
Keytonilərdə makrospofillər kənarları ilə içəri doğru bükülərək yumurtalığa və agızcığaoxşar şəkil alırdısa da bunlarda çiçəyə bənzər orqan əmələ gəlmirdi. Toxumun örtülü olması kimi əlamətlərə toxumlu qıjılarda təsadüf olunmur.
Çiçəkli bitkilərin knetum tipli bitkilərdən əmələ gəlməsi haqqinda mülahizənin tərəfdarları ilk örtülütoxumlu bitkilərin çiçəklərinin yanlığı olması, bircinsli, küləklə tozlanan – müasir florada yayılan tozağacı və ya qovağabənzər çiçəkli bitkilər olduğunu göstərirlər. Bu mülahizəyə görə hər bir hissəyə çılpaqtoxumlunun bir neçə strobilinin yığımı kimi baxılır. Çiçəyin əmələ gəlməsi haqqında irəli sürülən belə mülahizəyə nsevboantos nəzəriyyəsi adı verilmişdir. Müasir florada təsadüf olunan geniş müxtəlifliyə malik olan çiçəkəmələ gəldiyini güman etmək çətindir.
Çiçəyin əmələ gəlməsi haqqında irəli sürülən mülahizələrdən Telom nəzəriyyəsinə görə ali bitkilərin orqanlarının hamısının psilofitlərdə müşahidə olunan haçavarı budaqlanmiş telomların dəyişməsindən əmələ gəldiyi göstərilir. Telom nəzəriyyəsinə görə çiçəyin sporangi daşıyan sintelomların tekamülü nəticəsində əmələ gəldiyi və vegetativ zoğla paralel şəkildə formalaşdığı qeyd olunur.
Hazırda müqayisəli–morfoloji tədqiqata əsaslanaraq çiçəyin dəyişkənliyə uğramış sadə, budaqlanmayan zoğ olduğu haqqında mülahizə daha geniş bəyənilir. Bu mülahizəyə eyantos və ya strobil nəzəriyyəsi verilmişdir.
Eyantos nəzəriyyəsinə görə ilk əmələ gələn çiçək ikicinsli, iri, əlvan çiçəkyanlığı olan və həşəratla tozlanan çiçəklər olublar. Çiçəyin belə prototipinin müasir florada təsadüf olunan müxtəlif çiçək formalarının əmələ gəlməsi üçün mənşə olduğu göstərilir. Beləliklə, çiçəkli bitkilərin tam formalaşmış dişiciyi olmayan, hər hansi isə ikicinsli strobili olan iriyarpaqli çılpaqtoxumlulardan əmələ gəldiyi güman olunur. Belə təsəvvür oluna biləcək qədim çılpaqtoxumlu alçaq gövdəli toxumlu qıjılarda, bennettit və saqovniklərə oxşar bitkilər olublar.
Müxtəlif vaxtlarda, ayrı-ayrı təkamül istiqamətlərində ağac formalardan kol, yarımkol, daha sonra çoxillik ikiillik və nəhayət birillik bitkilər əmələ gəlmişdir. Yaşayış şəraitinə uyğunlaşma nəticəsində çiçəkli bitkilər əmələ gəlmişdir. Yaşayış şəraitinə uyğunlaşma nəticəsində çiçəkli bitkilərin yarpaqları çiçək və meyvələrinin quruluşunda, kimyəvi tərkibi və fizioloji xüsusiyyətlərində bir birindən fərqlənən bir çox yeni əlamətlər əmələ gəlmişdir.
Yayılması
redaktəÇiçəkli bitkilər avtoqrof yaşıl bitkilərdir. Bunların çox az bir hissəsi sonradan heterotrof qidalanmaya uygunlaşma nəticəsində parazit və ya saprofit bitkilər olmuşlar.
Çiçəkli bitkilər əsasən quru şəraitində yaşayaraq yer kürəsinin hər yerində onlara təsadüf olunur. İynəyarpaqlı meşələrin yayıldığı sahələr və tundra qurşağı nəzərə alınmazsa, yer kürəsində çiçəkli bitkilər bitki örtüyünü təşkil edən əsas bitkilərdir. Çiçəkli bitkilərin az bir hissəsi sonradan su şəraitində yaşamağa uyğunlaşaraq çay və kollarda yayılmışdır. Dəniz və okeanlarda yayılan çiçəkli bitkilərin sayı daha azdır.
Çiçəkli bitkilərdən yeyilən, cem və dərman bitkiləri, efir yağları, aşı maddəsi alınan, yağlı, lifli, qatranlı, alkoloidli bitkilər, oduncağından sənayedə və yanacaq kimi istifadə olunan bitkilər insanların həyatı üçün əhəmiyyətli bitkilərdir. Hazırda insanlar tərəfindən təbii bitki örtüyündə təsadüf olunan təxminən 30 minə qədər növdən, geniş miqyasda becərilən ancaq 1000-ə qədər növdən istifadə olunur.
Qeyd olunduğu kimi, Yer kürəsində 250 minə qədər çiçəkli bitki növünə təsadüf olunur. Bitki sistematikasında məlum olan çiçəkli bitki növləri təxminən 10 minə qədər cins və 300-dən artiq fəsilə üzrə qruplaşdırılır.
Əksəriyyət botaniklər çiçəkli bitkiləri ikiləpəli və birləpəli olmaqla iki sinfə bölürlər.
İkiləpəlilər rüşeymdə iki ləpəyarpağı, örtücü topalarının açıq, kambi qatının olması, ana kökün inkişaf etməsi, yarpağın torvari damarlanması, çiçəyin 5–4 üzlü olması, onların dairəvi yarimdairəvi və ya spiral qaydada düzülməsi ilə xarakterizə olunur.
Birləpəlilər rüşeymdə birlərə yarpağı, örtücü topaların qapalı olması, kambi qatının olmaması, ana kökün əvəzinə əlavə köklərin inkişaf etməsi, yarpağın paralel və ya qövsvari damarlanması, çiçəyin üzvlüyü olması və hətta onların dairəvi və ya yarımdairəvi qaydada düzülməsi kimi əlamətlərlə fərqlənir.
Qeyd olunanlarla bərabər, bəzən bir sıra ikiləpəlilərdə ləpə yarpaqlarının bitişməsi və ya ləpə yarpaqlarından birinin reduksiyasi nəticəsində ləpə yarpağının bir olduəu göstərilməlidir. Təkbir ikiləpəli bitkidə kambi qatı inkişaf etmir vəə bəzi növlərdə çiçək üç üzvlü olur. İkiləpəlilər sinfinə aid edilən bəzi bağayarpağı növlərində yarpağın qövsvarı damarlandiğı və kökün əlavə kök şəklində olduğu göstərilə bilər. Göstərilən müstəsna hallara baxmayaraq, sinifləri səciyyələndirən əlamətlər birgə nəzərdən keçirilirsə bir və ikili pillələrin aydın şəkildə fərqləndiyi görünər.
Təsnifatı
redaktəAlimlər tərəfindən bitkilərin təsnifatı haqqında bir sıra sistemlərin təklif olunduğuna baxmayaraq hələ indiyə kimi ümumi qəbul olunmuş sistemin olmadıği qeyd olunmalıdir. Hazırda belə çiçəkli bitkilərin mono-bi və ya polifelitik mənşəli olması, hansı qrup çiçəkli bitkilərin daha primitiv quruluşlu olması kimi fundamental məsələlərlə mübahisəlidir.
19-cu əsrin axırlarında və 20-ci əsrin əvvələrində Almaniya alimi Engler və Avstriya alimi Vitşteynin sistemi geniş miqyasda istifadə olunurdu. Onlar öz sistemlərinin tərtib olunmasında çiçək yanlığı zəif inkişaf etmiş və ya çiçəkyanlığı olmayan, çiçək üzvlərinin sayı olmayan küləklə tozlanan toz ağacı, fıstıq, söyüdçiçəklilər kimi fəsilələrin daha primitiv olduğunu əsas götürürdülər. İndi belə mülahizənin düzgün olmadığı və qeyd olunan bitkilərin çiçəklərinin küləklə tozlanmaya uyğunlaşma nəticəsində sadələşdiyi göstərilir.
İstinadlar
redaktə- ↑ M. Axundov, Ə. Mehrəliyev, A. Əliyev. Məktəblinin izahlı biologiya lüğəti, Bakı, Maarif, 1983.