Ifrat Solculuq - Wikipedia
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər.
Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar.
İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır. Sinfi qarşıdurmaları aradan qaldırmaq, daha doğrusu, sinifsiz bir cəmiyyət yaratmaq üçün iqtisadi tələblərin bərabər şəkildə paylanmasını müdafiə edir. Bu cəhətdən sosial demokratiyadan fərqlənir. Çünki sosial demokratiya sosial ədalətin və bərabərliyin mülayim və iş şəraitinə uyğun paylanmasını müdafiə edir. Həmçinin sosial demokratiyada fərdi mülkiyyət anlayışı da mövcuddur. Karl Marksın dinə dair fikirləri aydındır. Karl Marks bunu belə izah etmişdir: "Din qəlbsiz dünyanın ürəyidir. Bütün insanları dünyanın əzab və əziyyətlərindən uzaqlaşdırır, rahatlaşdırır. İnsanları inqilaba aparan yoldan çəkindirir. Din demək olar ki, tiryəkdir"
Anarxizm, Avtonomizm, Kommunalizm, Kommunizm, Marksizm, Leninizm, Stalinizm, Trotskizm, Maoizm, Sol Kommunizm ifrat sol qanad siyasətinin elementləridir.