Ebulesvar Savur - Wikipedia
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o, öləndən sonra sülalənin hakimiyyəti zəiflədi.
Əbüləsvar Şavur | |
---|---|
| |
1022 – 1067 | |
Əvvəlki | Ənuşirvan bin Ləşkəri |
Sonrakı | II Fəzl bin Şavur |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Dəfn yeri | |
Fəaliyyəti | döyüşçü |
Atası | Fəzl bin Məhəmməd |
Uşaqları | II Fəzl bin Şavur, Aşot bin Şavur, Mənuçöhr, İsgəndər, Mərzuban, adı bilinməyən qız |
Ailəsi | Şəddadilər dövləti |
Bioqrafiyası
redaktəMənşəyi
redaktəƏsərləri Şəddadilər haqqında əsas mənbə olan [1][2] Osmanlı tarixçisi Münəccimbaşı (1702-ci ildə ölüb) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövrün tədqiqatçıları tərəfindən düz qəbul edilir.[3][4][5] Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. Daha sonra ailə Arranın müsəlman şəhəri Gəncəyə hərəkət edib. Bu şəhər 970-ci illərdə Məhəmmədin oğulları - I Əli Ləşkəri, Mərziban, I Fəzl tərəfindən işğal edilib. Qardaşlar sıra ilə şəhəri əmir kimi idarə ediblər.[3][6][1] Əbüləsvar Şavur üç qardaşın ən gənci və IV Şəddadi hökmdarı Fəzl Bin Məhəmmədin oğlu idi. Fəzl uzunmüddətli hakimiyyət dövründə (985–1031) Arranın böyük hissəsində və Süniki işğal edərək Ermənistanın bəzi hissələrində Şəddadi sülaləsinin hakimiyyətini qurmuşdur.[3][7] Fəzldən sonra Gəncədə hakimiyyəti böyük oğlu Musa (1031–34) ələ keçirib və o, oğlu II Əli Ləşkəri (1034–49) tərəfindən öldürülüb.[3][8]
Əbüləsvar Şavurun adı ərəb-fars hibrididir: Şavur qədim fars adı "Şapur"dur, onun kunyası iran (böyük ehtimalla deyləmilər) adı "Əsvar"ın (mənası süvari, cəngavər olan "savar" ilə eyni kökdəndir) ərəbləşmiş formasıdır.[9]
Dvin əmiri (1022-1049)
redaktəMünəccimbaşı qeyd edir ki, 1067-ci ildə öldüyü zaman Əbüləsvar artıq Gəncədə və bundan əvvəl "bəzi ərazilərdə" 46 il idi ki, hakimiyyətdə idi. Digər mənbələrə görə bəzi ərazilər deyərkən Dvin nəzərdə tutulur. Deməli o, təqribən 1022-ci ildə bu şəhərin hakimi olmuşdu.[10][11] Şəhər Ermənistanın Baqration krallığının tərkibində olsa da, I Gagikin 1020-ci ildə ölümündən sonra onun oğulları arasında mübarizə şəhəri müdafiəsiz qoymuşdu. Həmçinin 1021-ci ildə şəhər dağıdıcı deyləmi basqınına məruz qalmışdı. Nəticə olaraq Dvin şəhəri Ermənistan krallığından ayrı düşmüş, şəddadilər tərəfindən müdafiə edilməyə möhtac qalmış və Əbüləsvar Şavur buranın hakimi olmuşdur.[12] Əbüləsvar bu mərkəzdən Gəncədəki qardaşı Musa və daha sonra qardaşı oğlu II Əli Ləşkəridən müstəqil siyasət yeridirdi və Arrandan çox Ermənistana nəzarət edirdi.[3][13] O, erməni sülalələri ilə yaxın idi, Taşir hökmdarı I Torpaqsız Davidin bacısı ilə evlənmişdi. Onun ikinci oğlu tipik erməni adı - Aşot ilə doğulmuşdu.[14] Münəccimbaşı əsasən Gəncə mərkəzli məsələlərə baxdığından 1049-cu ildə Aşot Gəncədə əsas sülalə taxtını ələ keçirənə qədər onun adını çəkmir. Aşotun 1022-1049-cu illərdəki fəaliyyəti haqqında əsas mənbələr Aşotun rəqibləri olan ermənilər və bizanslılardır.[9]
Əbüləsvar ilk dəfə 1040-cı ildə Edessalı Matfeyin tarixi ilə qeyd edilir. Bu zaman erməni zadəganı Abirat, hansı ki, I Gagikin oğulları IV Aşot və III Hovannes-Smbat arasındakı mübarizəyə qarışmışdı, Dvinə gəldi. İkincinin narazılığından qorxan Abirat 12 min süvari ilə Əbüləsvardan müdafiə olunmağını istədi. Əbüləsvar əvvəl onunla xoş davrandı və ona yüksək vəzifə verdi. Ancaq daha sonra ona inanmadı və öldürdü. Bu zaman Abiratın leytenantı Sare Abiratın tərəfdarları ilə birlikdə Aniyə getdi.[14][15] Təqribən eyni vaxtda aradakı qohumluq bağına baxmayaraq Əbüləsvar Taşir hökmdarı Davidin üzərinə hücum etdi. Edessalı Matfeyə görə 150 min sayında olan Şəddadi ordusu Taşirin böyük hissəsini tutdu. Ancaq David ona qarşı geniş ittifaq qura bildi. Taşir hökmdarı David 10 min, Ani hökmdarı III Hovannes-Smbat 3 min, Kapan hökmdarı 2 min, Gürcüstan hökmdarı 4 min əsgər təmin edə bildi. David həmçinin Alban katolikoslarının dəstəyini əldə etdi. Nəticə olaraq Əbüləsvar məğlub edildi və Taşirdən çıxardıldı.[15][16]
IV Aşot və III Hovannes-Smbat təqribən eyni vaxtda öldü (təqribən 1040/41). Aşotun oğlu II Gagik (1042–45) hər ikisinin yerinə hakimiyyətə gəldi və öz yerini bərkitməyə başladı. Taxta ən böyük təhlükə Bizans imperiyası idi. Bizans XI əsrin əvvəllərində erməni əyalətlərinə soxulmuşdu. Hovannes-Smbat öz krallığını imperiyaya vəsiyyət etmişdi və onun ölümündən sonra Bizans imperatoru IV Mixail (1034–41) Ani şəhərini ələ keçirmələri üçün əsgərlərini göndərdi. Gagik hücuma qarşı mübarizə apardı və Konstantinopoldakı siyası çaxnaşma ona iki il fasilə müddəti verdi. IX Konstantin (1042–55) Ermənistana Bizans iddialarını qorumağa meylli şəkildə hakimiyyətə gəldi.[17][18]
Bu məqsədlə IX Konstantin erməniləri arxadan vurması üçün Əbüləsvarla əlaqə qurdu. Əbüləsvar əldə etdiyi torpaqların əlində qalacağı imperial qızıl bulla ilə təsdiqləndi. İkitərəfli hücumla üz-üzə qalan II Gagik Konstantinopola getməyə məcbur edildi. Burada o, girov kimi saxlandı və 1045-ci ildə Ani şəhəri Bizansın əlinə keçdi.[19][20] Verdiyi sözlərə məhəl qoymayan imperator Ani şəhərini ələ keçirdikdən sonra Əbüləsvardan ələ keçirdiyi qalaları boşaltmasını tələb etdi. Əbüləsvar imtina etdi və ermənilərin də daxil olduğu, Mixail Yasit və magistros Alan Konstantin rəhbərliyi altındakı böyük ordu Dvinə yürüş etdi. Əbüləsvar onların yaxınlaşmasına imkan verdi və daha sonra suvarma kanallarını açaraq şəhər ətrafındakı ərazidə daşqın yaratdı. Palçıqda ilişib qalan düşmənlər Şəddadi oxçuları üçün asan ov idilər: Bizans qüvvətləri böyük itki verdi.[19][21] IX Konstantin cavab olaraq Ermənistanın idarəsini Katakalon Kekaumen və parakimomen Konstantinə verdi. Dvinə yürüş etmək yerinə yeni hakimiyyət Əbüləsvar tərəfindən tərəfindən fəth edilmiş qalaları geri almağa çalışdı. Bizans ordusu Sürməli, Anberd və Xorvirabı işğal etdi, ancaq Xelidonion (müasir İrəvan) 1047-ci ilin sentyabrına qədər mübarizə apardı. Bu zaman isə Leo Tornikinin başçılığı altında baş verən üsyan ordunun Konstantinopola qayıtmasına və sülh müqaviləsinin bağlanmasına səbəb oldu. Müqaviləyə görə Əbüləsvar imperatorun hakimiyyətini tanımağı və Bizans ərazisinə hücum etməməməyi öhdəsinə götürdü.[22][23]
Dvinin müqaviməti Ermənistan torpaqlarında Bizansın irəliləməsinin qarşısını aldı və bu, Sünik, Taşir, Xaçın kimi kiçik krallıqların müstəqilliklərini davam etdirməsinə səbəb oldu.[24] Biraz sonra regionda güc balansı tamamilə dəyişdi: 1048-ci ildə Qutalmış və İbrahim Yınal başçılığı altındakı Səlcuqlular Bizans Ermənistanına ilk böyük miqyaslı yürüşlərini etdilər.[24] Şəddadilər onları Bizansa qarşı müttəfiq kimi görsələr də[24], Qutalmış 1046/1047-ci ildə Gəncəyə də yürüş etdiyinə görə səlcuqlular da şəddadilər üçün bir təhdid idi.[5][25]
Qısa müddət sonra, 1048-ci ilin sonlarında və ya 1049-cu ilin əvvəllərində, (A.F. Gfrörer və M.H. Yinanç kimi müəlliflər təqribən 1050-ci ili, E. Honiqmann 1055/1056-cı ili təklif ediblər) bizanslılar raiktor Nikeforos başçılığı altında başqa bir hücum həyata keçirdilər. Həmin dövrün Bizans tarixçisi Con Skiliçaya görə bunun səbəbi Əbüləsvarın ("Aplesfar") razılaşmanı pozması və Bizans torpaqlarına yürüş etməsi idi. Şəddadi hakimi Dvində qaldığı zaman bizanslılar onun ətrafındakı yerləri "Dəmir körpü və Gəncəyə qədər" xarab etdilər. Bu Əbüləsvarın tabelik andını bərpa etməsinə və qardaşıoğlu Əbülhəsən Ləşkərinin oğlu Ərdəşiri girov verməsinə səbəb oldu.[5][24][26]
Gəncə əmiri (1049-1067)
redaktə1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı.[27] Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi.[24] Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu.[28]
Həyatının bu dövründə Əbüləsvar hökmdar və döyüşçü kimi böyük şöhrət qazandı; Mövdud Qəznəvinin sarayında 8 il yaşayan Ziyarilər şahzadəsi Keykavus (1050-1087), hansı ki, sonra hökmdarlar üçün güzgü olan məşhur Qabusnaməni yazıb, Gəncəyə gəlmiş və xristianlara qarşı cihadda iştirak etmək üçün bir neçə ilini Şəddadi sarayında keçirmişdi.[29][30] Keykavusa görə ev sahibi "böyük hökmdar, möhkəm və ağıllı . . . cəsarətli, bəlağətli dialektik, saf etiqadlı, uzaqgörən adamdır."[29] Bu qiymətləndirmə bizanslılar tərəfindən də dəstəklənirdi. Skiliça onu düşmənlərinin taktika və siyasətlərini pozmağa qadir olaraq təsvir edirdi.[29] Münəccimbaşı yazır ki, Gəncəni aldıqdan sonra "Əbüləsvar . . . sülalənin demək olar ki, yavaş-yavaş itən adını bərpa etdi. O, güclü və hakimiyyəti altında olan şəxslərin və ordunun vəziyyəti intizamlı oldu."[28]
Münəccimbaşıya görə 1053-cü ildə Əbüləsvar gürcülərdən Bəsrə qalasını aldı, onu möhkəmləndirdi və öz adamlarından orda qarnizon qurdu.[28] 1054/5-ci ildə o, bir çox qonşuları ilə birlikdə Səlcuq sultanı Toğrul bəyin (1037–63) vassalı oldu. Ancaq ilk dövrlər səlcuqların hakimiyyəti elə də güclü olmayıb: nə Toğrul, nə də onun varisi Alp Arslan həmin dövrdə zərb edilmiş sikkələrdə yoxdur.[3][30] 1062-ci ildə Əbüləsvar Tiflis əmirliyindən elçi qəbul etdi. Tiflis əmirliyi həmin dövrdə xristian gürcü krallıqları arasında təcrid olunmuş müsəlman istehkamı idi. Əmir Cəfər ibn Əlinin ölümündən sonra əmirliyin yerliləri onun mübarizə aparan oğullarını köçməyə məcbur etmişdilər və indi Əbüləsvardan şəhərə hakim olmasını istəyirdilər. Əbüləsvar bunu qəbul etməyə meylli idi, ancaq onun vəziri Bəxtiyar ibn Salman qüvvələrin bölünəcəyini söyləyərək onu fikrindən daşındırdı. Əbüləsvarın imtina etməsindən sonra Tiflis 1068-ci ildə Alp Arslan qovana qədər gürcülərin əlində qaldı.[31] Bu hadisə Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi.[3] Buna digər bir sübutu da eyni ildə Dəryal keçidi vasitəsilə alanların yürüşüdür: Münəccimbaşıya görə Arranın 20 mindən çox sakini kölə olaraq aparılıb. Alan təhdidinə qarşı Əbüləsvar paytaxt şəhər Gəncənin ətrafında sədd və xəndək qurub.[3][32] Yeni istehkamatın divarları 1139-cu ildə I Demetri rəhbərliyi altındakı gürcülər tərəfindən aparılıb və hal-hazırda da Gelati monastırında saxlanılır.[33]
Eyni vaxtda Əbüləsvarın qonşusu Şirvanşah I Fəribürzlə (1063–96) əlaqələri qəflətən pozuldu. İki sülalənin qohumluq əlaqələri var idi: Fəribürzün atası Salar ibn Yezid Əbüləsvarın qızı ilə evlənmişdi. Ancaq indi Şəddadi hökmdarı Şirvana qarşı yürüşlərə başlamışdı. 1063-cü ilin yazında Əbüləsvar Quylamiyan qalasını tutdu, Şirvanın paytaxtı Şamaxıya yürüş etdi, Şirvanşahların qüvvələrini döyüşdə məğlub etdi, onların düşərgəsini talan etdi və öz doğma qızını, onun xəzinəsini və məiyyətini götürdü. O, Arrana qayıtdı, ancaq iyulda yenidən Şirvana yürüş etdi. Növbəti il o, təzədən Şirvana işğal etdi və bir sıra qalaları tutdu. Bu zaman kürd qəbilələri onun tərəfinə keçdi. Gəncəyə qayıtdıqdan sonra 1064-cü ilin iyun və ya iyul ayında Şəddadilərlə Şirvanşahlar sülaləsi arasında sülh müqaviləsi bağlandı. Əbüləsvar 40 min qızıl dinar qarşılığında Quylamiyan qalasını qaytardı.[34]
1064-cü ildə Səlcuq sultanı Alp Arslan Bizans Ermənistanını işğal etdi və Ani şəhərini ələ keçirdi. Əbüləsvar əraziyə edilən basqınlara şəxsən başçılıq edirdi. O, Münəccimbaşı tərəfindən "Ermənistandakı ən gözəllərdən biri" olaraq təsvir edilən Vicin şəhərini işğal etdi. Münəccimbaşıya görə Alp Arslan Aninin idarəsini ona verdi; İbn əl-Əsir qeyd edir ki, şəhər adı bilinməyən bir əmirə verilir. Vardan Areveltsi qeyd edir ki, şəhər Əbüləsvarın oğlu və xələfi Fəzlə verildi.[3][35] Gəncəyə qayıtdıqdan və ordunun səpələnməsindən sonra alanlar yenidən Dəryal keçidini keçdilər (Oktyabr 1065) və Şəki əhalisi ilə ittifaq quraraq Arrana basqın etdilər. Şəmkirdə onlar cihad üçün 200-dən çox adamı öldürdülər və Bərdə ətrafına yürüş etməzdən əvvəl Gəncə qapılarına qədər gəldilər. Əbüləsvar və ordusu döyüş meydanında basqınçılarla qarşılaşmaq yerinə divarlarla əhatə edilmiş şəhərin içində qalmağa üstünlük verdi. Alanlar əsir etdikləri adamlarla birlikdə şimala qayıtmaqdan əvvəl Araza qədər çatdılar.[36]
Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi.[36] Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi.[37] Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi.[38]
Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür[5][39], ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi. II Fəzlin hakimiyyət dövrü çətin idi. O, səkkiz ay gürcü əsirliyində olmuşdu, ancaq Dərbəndi tuta bilmişdi. Ondan sonra hakimiyyətə 1073-cü ildə oğlu III Fəzl gəldi, ancaq 1075-ci ildə qulam Sav Tegin tərəfindən devrildi. Səlcuqlar Sav Teginə Arran və Dərbəndin hakimiyyətini verdi.[3][30][40] Bu ailənin Arrandakı hakimiyyətini bitirdi, ancaq ailənin kiçik xətti Əbüləsvarın üçüncü oğlu Mənüçöhrdən başlayaraq Anini əmir kimi idarə etməyə davam etdi. Əvvəlcə səlcuqlardan, sonra gürcülərdən vassal asılılığında olan sülalə təqribən 1200-cü ilə qədər hakimiyyətdə qaldı.[3][30][41]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Ter-Ghewondyan, 1976. səh. 119
- ↑ Minorsky, 1977. səh. 2–4
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Peacock, 2011
- ↑ Minorsky, 1977. səh. 33–34
- ↑ 1 2 3 4 Bosworth, 1968. səh. 34
- ↑ Minorsky, 1977. səh. 5–16, 34–39
- ↑ Minorsky, 1977. səh. 6, 16–17, 40–45
- ↑ Minorsky, 1977. səh. 6, 17–18, 46–50
- ↑ 1 2 Minorsky, 1977. səh. 50
- ↑ Minorsky, 1977. səh. 22
- ↑ Ter-Ghewondyan, 1976. səh. 120–121
- ↑ Ter-Ghewondyan, 1976. səh. 120
- ↑ Minorsky, 1977. səh. 44
- ↑ 1 2 Minorsky, 1977. səh. 51
- ↑ 1 2 Ter-Ghewondyan, 1976. səh. 121
- ↑ Minorsky, 1977. səh. 51–52
- ↑ Minorsky, 1977. səh. 52
- ↑ Ter-Ghewondyan, 1976. səh. 121–122
- ↑ 1 2 Ter-Ghewondyan, 1976. səh. 122
- ↑ Minorsky, 1977. səh. 52–53
- ↑ Minorsky, 1977. səh. 53
- ↑ Ter-Ghewondyan, 1976. səh. 122–123
- ↑ Minorsky, 1977. səh. 53–54
- ↑ 1 2 3 4 5 Ter-Ghewondyan, 1976. səh. 123
- ↑ Minorsky, 1977. səh. 18, 48
- ↑ Minorsky, 1977. səh. 48–49, 54–56, 59–64
- ↑ Minorsky, 1977. səh. 18–19
- ↑ 1 2 3 Minorsky, 1977. səh. 19
- ↑ 1 2 3 Minorsky, 1977. səh. 56
- ↑ 1 2 3 4 Bosworth, 1968. səh. 35
- ↑ Minorsky, 1977. səh. 19–20, 56–58
- ↑ Minorsky, 1977. səh. 20
- ↑ Minorsky, 1977. səh. 31 (note 14)
- ↑ Minorsky, 1977. səh. 20–21, 31–32 (notes 15–18), 58
- ↑ Minorsky, 1977. səh. 21
- ↑ 1 2 Minorsky, 1977. səh. 22, 59
- ↑ Minorsky, 1977. səh. 22–23, 59
- ↑ Minorsky, 1977. səh. 6, 21, 22
- ↑ Minorsky, 1977. səh. 64
- ↑ Minorsky, 1977. səh. 64–68
- ↑ Minorsky, 1977. səh. 79–101
Ədəbiyyat
redaktə- Bosworth, C. E., The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods, Cambridge: Cambridge University Press, 1968, 1–202, ISBN 0-521-06936-X
- Minorsky, Vladimir, Studies in Caucasian History, Cambridge: Cambridge University Press, 1977 [1953], ISBN 0-521-05735-3
- Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015.
- Ter-Ghewondyan, Aram, The Arab Emirates in Bagratid Armenia, Transl. Nina G. Garsoïan, Lisbon: Livraria Bertrand, 1976, OCLC 490638192