Ebu Seid Bahadur Xan - Wikipedia
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi.[1][2][3]
Əbu Səid Bahadur xan | |
---|---|
monq. ᠪᠤᠰᠠᠢ᠌ᠳ ᠪᠠᠭᠠᠲᠤᠷ ᠬᠠᠨ | |
| |
17 dekabr 1316 – 30 noyabr 1335 | |
Əvvəlki | Məhəmməd Olcaytu |
Sonrakı | Arpa xan |
1315 – 17 dekabr 1316 | |
Əvvəlki | Qazan xan |
Sonrakı | Əmir Yasaul |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ucan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Qarabağ |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, qubernator |
Atası | Məhəmməd Olcaytu |
Anası | Hacı xatun |
Həyat yoldaşı | Bağdad xatun |
Ailəsi | Elxanlılar sülaləsi |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır.
Həyatının erkən dövrü
redaktəƏbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.[4] O, 1315-ci ildə Xorasan və Mazandaranın valisi təyin edilmiş və Uyğur əsilzadəsi olan Əmir Sevinc ona atabəy olmuşdur.
Atabəyi ilə fəaliyyəti
redaktəƏbu Səidin böyük qardaşı Süleymanşahın da ölümündən sonra atasının vəliəhdi olması bir daha təstiqləndi. 1314-cü ilin aprel-may ayında o, Sevinc ibn Şişinin atabəyliyi altında Xorasan və Mazandarana canişin təyin edildi. 16 dekabr 1316-cı ildə Məhəmməd Olcaytunun ölümündən sonra Sevinc Əbu Səidi gətürərək paytaxt Sultaniyəyə gətirdi. Onlar paytaxta 1317-ci ilin yazında oraya çatdılar.
Hakimiyyəti
redaktəAtası Məhəmməd Olcaytunun ölümündən sonra o, atabəyi Əmir Sevinc tərəfindən dövlətin paytaxtı Sultaniyyəyə gətirilsə də, onun taxta çıxması 1317-ci ilin avqustuna qədər gecikmişdir. Bu gecikmənin səbəbi atabəy Sevinclə Əmir Çoban arasında olan konflikt idi.[5] Əbu Səid Rəşidəddin Həmədani ilə Tacəddin Əli Şahı özünə vəzir təyin etdi, lakin bu iki şəxs bir-biri ilə konfdlikt yaşamaqda idilər və nəticədə 1317-ci ildə Rəşidəddin vəzifəsindən uzaqlaşdırıldı.[6] Əbu Səidin taxta çıxma tarixi dəqiq bilinməlidir. Həmdullah Müstovhi onun taxta çıxma tarixi kimi aprel-may ayını, Şabankay 16 avqustu, Mahmud Amoli 5 iyulu göstərir. Digər versiyaya görə, onun taxta çıxma tarixinin gecikməsi Sevinc tərəfindən qəsdən edilmişdir və Əmir Çobanın yüksək vəzifədən salınması üçün planlanmışdır. 1318-ci ilin yanvarında Əmir Sevinc də vəfat etdi və azyaşlı Əbu Səid Əmir Çobanın qarşısında yalnız qaldı. Əmir Çoban Rəşidəddini vəzifəsinə geri çağırsa da, o, bu dəfə Tacəddin Əli Şah tərəfindən əvvəlki Elxan Olcaytunu zəhərləməkidə ittiham edildi. Nəticədə Rəşidəddin və oğlu İbrahim İzzəddin 13 iyul 1318-ci ildə Əbhər yaxınlığında edam edildilər.[7][8] Bu hadisədən sonra Əmir Çoban Elxani dövlətinin de-fakto hakimi oldu. Növbəti illər Əbu Səidin hakimiyyəti üçün səs-küylü keçdi.
Rəşidəddinin edam edilməsindən sonra dövlətin əsas vəzirliyini ələ keçirən Tacəddin Əli Şahın dövründə dövlətin maliyyə vəziyyəti pisləşdi. Hələ Qazan xanın hakimiyyəti dövründə dövlətin maliyyə vəziyyətini qaydasına salmaq, köçəri əsilzadələrin səlahiyyətlərini məhdudlaşdıraraq mərkəzi aparatı gücləndirmək üçün həyat akeçirilən islahatlar puç oldu. Bütün bunlar az imiş kimi, 1318-1320-ci illərdə imperiyanın əksər ərazisində quraqlıq, çəyirtkə hücumları və xəstəliklər tüğyan etməyə başladı. Nəticədə vəziyyətləri yaxşı olmayan kəndlilərin iqtisadi vəziyyətləri daha da pisləşdi.
Qızıl Orda işğalı və əmirlərin üsyanı
redaktə1319-cu ildə Qızıl Orda xanı Özbək Azərbaycanı işğal etdi. Eyni zamanda Çağatay şahzadəsi olan və bundan bir qədər əvvəl Əbu Səidə sadiqlik sözü verən Yasaurda üsyana başladı.[9] Əbu Səidin Xorasandan ayrıldıqdan sonra orada üsyanın başlamasının Əmir Sevinclə əlaqədar olması barədə şayiələr gəzməkdə idi. Bir müddət sonra Yasaur və Bəytüt Əbu Səidə bağlılığını elan etsə də, qısa müddət sonra fikirlərini dəyişdirdilər, açıq üsyana başlayaraq Mazandaranı ələ keçirdilər. Nəticədə Mazandaranın hakimi olan Əmir Yasavul köməkçilərindən biri olan Bəytüt tərəfindən öldürüldü. Əbu Səid sərkərdələrindən biri olan Əmir Hüseyn Cəlairi (Elxanilərin son dövründə mühüm rol oynamış Böyük Həsənin atasıdır) Yasaurla döyüşmək üçün göndərməyə məcbur oldu və özü Özbəyə qarşı yürüşə başladı. Özbək Əmir Çobanın da yardıma gəlməsindən sonra məğlub edildi, Yasaur isə 1320-ci ildə özünün Çağatay qohumu olan Kebek tərəfindən öldürüldü. Bu yürüşlər zamanı xeyli sayda əmirlər Əbu Səidin çağırışına cavab verməmişdilər və buna görə də, onların cəzalandırılmasına başlanıldı. Əbu Səidin çağırışına cavab verməyən Qurumuş ayaqlarına dəyənəklə vurmaqla cəzalandırıldı. Bundan bir qədər öncə, yəni 1319-cu ilin sonlarında keçmiş Diyarbəkir əmiri olan və Kereit tayfasından gələn İrincin, keçmiş Gürcüstan hakimi olan Qurumuş bir neçə dövlət məmurunu öldürərək üsyana başladılar. Bu iki əmirin ikisi də Əmir Çoban tərəfindən tənbehlənmişdilər. Qurumuş və İrincin ikisi də Kereit tayfasına mənsub idilər, İrincini Olcaytunun dul arvadı Qutluqşah Xatunun atası və Əhməd Təkudarın kürəkəni idi. Qurumuşun atası Alinaq Noyon da Təkudarın kürəkəni idi. Bu iki şəxsin rəhbərlik etdiyi 40 min nəfərlik üsyançı ordusu Gürcüstan yaxınlığında Əmir Çobanı hazırlıqsız yaxalamağı bacardı. Əmir Çoban, iki oğlu və 2 min nəfərlik şəxsin daxil olduğu köç üsyançılar qarşısında qaçmağa məcbur oldu. Təbrizə gələn Çoban bu hadisə barədə Əbu Səidə məlumat verdi. Qəzəblənən elxan üsyançılarla qarşılaşmaq üçün yürüşə başladı.[9]
Sultaniyəyə yerləşmiş Qurumuşun rəhbərliyindəki üsyançılarla əsas döyüş Miyanə yaxınlığındakı Zəncanrud çayı yaxınlığında 20 iyun 1319-cu ildə baş verdi. Döyüşdə qələbə qazanan Əbu Səid şəxsi şücaətlər göstərdi. Bu qələbədən sonra gənc hökmdar olan Əbu Səidə Bahadur və əl-Sultan əl-Adil ləqəbləri verildi. Üsyaçılar tərəfindən ələ keçirilən 36 əmir və 7 xatun arasından Əmir Toxmaq, Qurumuş, Şahzadə Könçək (Təkudarın qızı), onun əri İrincin və onun oğlanları Şeyx Əli, Vəfadar edam edildilər. Qurumuşun oğlu Əbdürrəhman Özbəyin yanına qaçmağı bacardı. Sonda Əmir Çobanla Əbu Səidin bacısı Satıbəy evləndirildi. Beləliklə Əmir Çobanın ailəsinin gücü daha da artdı. 6 sentyabr 1319-cu ildə baş tutmuş bu evlilikdən sonra Çobanın oğlanları Teymurtaşa, Şeyx Mahmuda, Həsənə və Dəməşq Xacəyə Anadolunun, Gürcüstanın, Xorasanın və Azərbaycanın canişinliyi verildi. Həmçinin 1324-cü ildə Tacəddin Əli Şahın ölümündən sonra vəzir vəzifəsi də Çobanilərin vəziri olmuş Rüknəddin Sainə tapşırıldı, lakin onun sadəcə vəzir adı var idi, real işlərdən uzaqlaşdırılmışdı.[9]
Çobani üsyanı
redaktəÇobanilərin üsyanı Teymurtaş 1322-ci ildə üsyana başladı və özünün Mehdi olduğunu iddia etdi. Onun məsələsi ilə məşğul olmaq üçün atası Əmir Çoban getdi və üsyanı sonlandırmağa razı salmağa nail oldu. Əmir Çoban məhkəməyə gətirilmiş oğlu Teymurtaşın iddialarına qarşı çıxsa da, elxanı onun əfv edilməsinə razı sala bildi. Qarşılığında Əbu Səid onu yenidən vəzifəsinə təyin etdi. Əbu Səid Çobanın qızı olan Bağdad Xatunu sevməyə başlamışdı. Lakin Bağdad Xatun dövrün böyük əmirlərindən biri olan Böyük Həsən Cəlairinin arvadı olduğu üçün Çoban onu bu fikrindən yayındırmağa çalışırdı. Lakin Əbu Səidi bu fikrindən yayındırmaq mümkün olmadı və o, 1325-ci ildə sonu uğursuz da olsa Çobandan qızını istədi. Çoban qızını və oğlunu Qarabağa göndərdi və özü də Özbək və Tarmaşirinə qarşı yürüşə başladı. Bu zaman Özbək və Tarmaşirin Azərbaycan və Xorasanı ələ keçirmişdi. Çobanın yoxluğundan istifadə edən Əbu Səid onun oğlanlarından biri olan Dəməşq Xacəni Olcaytunun kənizlərindən biri ilə münasibətdə olmaqla ittiham edərək edam etdirdi.[6] Bundan xəbər tutan Çoban oğlunun qisasını almaq üçün Xorasandan onun üzərinə yeriməyə başladı. Lakin Əbu Səidin dayısı Məhəmməd bəyin də daxil olduğu sərkərdəər 30 min döyüşçü ilə birlikdə onu tərk edərək Əbu Səidı qatıldılar. Başqa seçimi qalmayan Çoban Herata geri çəkildi. Lakin o, 1327-ci ildə Əbu Səidin əmri əsasında Kart sülaləsindən hakim olan Qiyasəddin tərəfindən boğularaq öldürüldü. Əmir Çobanın oğullarından Əmir Teymurtaş Sulduz Məmlüklərə sığındı. Ancaq, Bahadur xanın sifarişi ilə o da Məmlük sultanı Sultan əl-Nasir Məhəmməd tərəfindən öldürüldü.Onun qızı Bağdad Xatun ərindən boşanmağa məcbur edildi və Əbu Səidlə evləndirildi. Kompensasiya olaraq, Böyük Həsən Əmir Çobanın yerinə vəzifəyə təyin edildi və Elxani ordusunun rəhbəri oldu.
Sonrakı illəri
redaktəİndi bütün hakimiyyəti öz əllərinə alan Əbu Səid Rəşidəddinin oğlu Qiyasəddini vəziri olmağa dəvət edir. Tağaçarın qardaşının oğlu və Kit Buğa Noyonun nəvəsi olan,Əmir Çobanın ortadan qaldırılmasında mühüm rol oynayan Narin Tağay Xorasan canişinliyinə, Əbu Səidin dayısı Əli Padşah Bağdad canişinliyinə təyin edilir.[4][10] Qiyasəddinin mərkəzi dövləti gücləndirmə planları digər əmir planları ilə üst-üstə düşmürdü. Narin Tağai 1329-cu ildə Qiyasəddini öldürmək üçün vəzifəsini tərk etdi. Ona əmirlər Əli Padşah və Misr Xoca kömək edirdi. 1329-cu ilin 29 iyulunda[7] və ya sentyabrında[11] Narin Tağay edam edildi və digər ciddi bir təhlükə ortadan qaldırıldı. Sonralar Böyük Həsən də 1332-ci ildə Bağdad xatunla xəyanətdə günahlandırıldı. İddia edilirdi ki, Bağdad xatun Böyük Həsənlə gizli şəkildə görüşməkdə, hətta Əbu Səidi öldürmək üçün plan hazırlamaqdadırlar, lakin sonradan bunun əsassız olduğu ortaya çıxdı. Lakin bu belə onların nüfuzunu zədələməyə bəs etdi və Böyük Həsən Anadolu canişini vəzifəsinə təyin edildi.[5] Əbu Səid Bağdad Xatundan boşandı və onun qohumu olan Dilşad Xatunla 1333-cü ildə evləndi. Dilşad Xatun Əmir Çobanın nəvəsi və Əbu Səid tərəfindən öldürülmüş Dəməşq Xacənin qızı idi.[12] Bildirilir ki, ömrünün sonlarına yaxıno, arvadlarından heç birini sevmirmiş, bircə Dilşad xatunla yaxşı münasibətə sahib imiş və bu Bağdadın xüsusi qısqanclığına səbəb olunmuş.[13][14][15]
1334-cü ildə Əb Səid Şərəfəddin Mahmudşah İncudan narazılıq olduğu üçün onun yerinə Əmir Müsəffəri təyin etdi. İncuidlər sülaləsindən olan Mahmudşah Çobanın ölümündən etibarən Fars əyalətini idarə etməkdə idi. Əbu Səidinçaırı ətrafında baş vermiş insidentdn sonra o, üsyankar çıxışlara görə həbs edildi.
Xarici münasibətləri
redaktəƏbu Səidin xarici siyasəti öz sələflərinin siyasətindən kəskin şəkildə fərqlənməkdə idi. Məhəmməd Olcaytunun dövründə belə Dehli sultanlığı ilə gərgin olan münasibətlər onun dövründə yaxşılaşdı. Əbu Səid ən azından 1328-ci ildən hakimiyyətinin sonuna qədər Dehli sultanlığının hökmdarı Məhəmməd ibn Tuğluq ilə yazışmalar aparmış, qarşılıqlı bahalı hədiyyələr göndərmişdir. Lakin Məhəmməd ibn Tuğlağın Əbu Səidi hər ikisinin ortaq düşməni olan Çağataylara qarşı ortaq yürüşə razı salma istəyi uğursuz oldu, halbuki bu dövrdə Əbu Səidin də onlarla olan münasibətləri sürətlə pisləşməkdə idi. Çağatayların 1320-ci ildə Xorasanda meydana çxımış üsyana yardım etməsini 1322 və 1328-ci ildə Xorasana basqınləri izlədi. 1326-cı ildə Əmir Çobanın oğlu olan Həsənin komandanlığındakı Hülakü ordusu Çağatayları Qəznə bölgəsinin Taşmaşirin bölgəsindən qovmağı bacarmışdı, lakin bu həlledici döyüş olmadı. Çünki İbn Bəttutə 7 ildən sonra bu bölgəyə gəldiyi zaman şəhəri Çağatayların nümayəndəsinin idarə etdiyini bildirmişdir.[5]
Əbu Səidin hakimiyyəti dövrünün bir digər xarakterik xüsusiyyətlərindən biri də Misir Məmlükləri ilə münasibətlərinv normallaşdırılması idi. 1320-ci ildə məmlüklərin Hülakülərin vassalı olan Kilikiya çarlığını ələ keçirməsinə baxmayaraq, Əbu Səid onlarla münasibətləri normallaşdırdı, 1323-cü ildə sülh müqaviləsi imzalayaraq 60 illik müharibəyə son qoydu. Bu müqaviləyə sadiq qalan məmlük sultanı Nəsrəddin Məhəmməd Qızıl Orda hökdmarı Özbək xanın Hülakülər üzərinə ortaq yürüşün təklifini nəinki rədd etdi, hətta bu barədə tez Əmir Çobana məlumat da verdi. Münasibətləri normallaşdıan bir digər hadisə isə Teymurtaşın Misirə qaçmasından sonra oldu. Əbu Səidin istəyi iləo, öldürüldü. Şübhəsizki hər iki hökmdar müasir Suriya torpaqlarındakı sülh şəraitindən böyük pullar qazanmaqda idilər, çünki əsas ticarət yolları oradan keçməkdə idi.[16]
Hülakülərin bir digər ənənəvi düşməni olan Qızıl Orda ilə münasibətlər hələ də düşmənlik əsaslı qalmaqda idi. 1319-cu ildə Hülakü torpaqlarına hücum edən Özbək xan Kür çayı sahilində Əbu Səid və Əmir Çoban tərəfindən məğlub edilmişdi. Lakin o, bundan sonra da ilk fürsətdəcə Hülakülər üzərinə hücum etməyə davam etməkdə idi. Bir müddət sonra yaşamış məmlük tarixçisinə görə, o, Xorasan üsyançısı Yasaurla əlaqədə olmuş, İrincin və Qurumuşun üsyanları zamanı onları dəstəkləmişdir. 1320-ci ildə Əbu Səidin göndərdiyi ordu müasir Gürcüstan ərazisinə basqın etmiş Özbəyin qardaşı Qazanı məğlub edib qovmuşdu. 1325-ci ildə Qızıl Orda ordusunun növbəti işğalı zamanı Çoban Dərbənd qapısından cavab basqını etdi və düşmən ərazisini Terekə qədər viran etdi. Əbu Səidin hakimiyyətinin lap sonunda Özbək xan yenidən Qafqaza hücuma keçdi və elxan ömrünün son günlərini yürüşlə keçirdi.[5]
Əbu Səid 1320-ci ildə Venesiya ilə kommersiya müqaviləsi imzalamışdı. Venesiyalılara həmçinin imperiya ərazilərində mərkəzlər qurmağa da icazə verilirdi.
Ölümü
redaktə1335-ci ilin noyabr ayında Qızıl Orda hökmdarı Özbəyin Elxani dövlətinə yeni yürüşü oldu. Bu yürüşə cavab vermək üçün yürüşə başlayan Əbu Səid gəldiyi Qarabağda 30 noyabrdan 1 dekabra keçən gecə vəfat etdi. Onun nəşi Sultaniyyəyə aparıldı və orada dəfn edildi. İbn Bətutəyə görə, o, qısqanclıq zəminində Bağdad Xatun tərəfindən zəhərlənərək öldürülmüşdür.[17] Onun taun xəstəliyindən ölə bilmə ehtimalı da mövcuddur. Ondan sonra Toluy xanın ailəsindən Arpa xan hakimiyyəti ələ keçirdi. Dilşad xatun Bağdad xatunu Bahadur xanın ölümündə ittiham edərək onu edam etdirdi.[18]
Əbu Səid hər hansısa varis və ya seçilmiş vəliəhd buraxmadan ölmüşdü və bu imperiyada qarışıqlığa səbəb oldu. Hakimiyyət uğrunda mübarizə imperiyanın əsas ailələri olan Çobanilər və Cəlairilər arasında getməklə birlikdə, Sərbadarilər hərəkatı kimi hərəkatların da ortaya çıxmasına səbəb oldu. Böyük səyahətçi İbn Battuta Elxani imperiyasına qayıdanda cəmi iyirmi il əvvəl bu qədər qüdrətli görünən səltənətin bu qədər tez dağıldığını görüb heyrətləndi. Əbu Səidin ölümündən sonra Elxani dövləti öz birliyini itirdi və onun varisi olan Arpa xandan sonra imperiya türklər, farslar və monqollar tərəfindən idarə edilən kiçik hakimliklərə parçalandı.
Vəzirləri
redaktə- Rəşidəddin Həmədani (1317)
- Tacəddin Əli Şah (1317-1323)
- Rüknəddin Sayin (1323-1327)
- Qiyasəddin ibn Rəşidəddin (1327-1331)
Ailəsi
redaktə- Arvadları:
Əbu Səid ümumilikdə 6 dəfə müxtəlif tayfa və sülalərdən olan qadınlarla evlənmişdir. Buraya Borçigin sülaləsi, Oryatlar və Sulsuzlar da daxildir.
- Ulcay Qutluq Xatun (evlilik tarixi. 5 iyul 1317) - Qazan xanla Buluğan Xatunun qızı və Əbu Səidin böyük qardaşı Bastamın dul arvadı olmuşdur.
- Bağdad Xatun Baghdad Khatun (evlilik tarixi. 1327 – boşanma tarixi. 1333. Edam edilmə tarixi. 13 dekabr 1335) - Əmir Çobanın qızı və Böyük Həsənin keçmiş arvadı olmuşdur.
- Məlikə Xatun - Tuğ ibn Sulaymış ibn Tengiz Güregenin qızı olmuşdur.
- Dilşad Xatun (evlilik tarixi. 1333, ölüm tarixi. 27 dekabr 1351) - Əmir Çobanın nəvəsi, Dəməşq Xacə ilə Tursin Xatunun qızı olmuşdur. Tursin Xatun İrincin Kurqan və Konçaq Xatunun qızı idi. Koncak Xatun Əhməd Təkudar xanın qızı idi.
- Adil Şah Xatun (ö. 7 may 1332, Ucan yaxınlığında) - 10 oktyabr 1318-ci ildə Xorasanın valisi olmuş Esen Qutluqun oğlu Tukalın qızı.
- Sarqadaq Xatun - Əmir Çobanın qohumu olan Dövlət Şah Sulduzun qızı olmuşdur.
- Qızı
Əbu Səidin yalnız bir qızı var idi.
- Adı bəlli olmayan qız (d. 18 may 1336). Qızın anası Dilşad Xatun idi.
Şəxsiyyəti
redaktəİbn Bətutəyə görə, Əbu Səid "Allahın yaratdıqları arasında ən yaraşıqlısı" idi. Mədəni baxımdan yüksək səviyyəyə malik olan Əbu Səid Elxani hökmdarları arasında şeirlər yazan və musiqi bacarığı olan yeganə hökmdardır. O, əsasən dübeytilər yazmışdır. Bu dübeytilərdən biri Əl-Əhərinin "Tarix-i Şeyx Üveys" əsərində də verilmişdir. İbn Təğriberdi tərəfindən o, "əzəmətli görünüşlü, səxavətli və hazırcavab cəsur və parlaq şahzadə" kimi təsvir edilmişdir. Görünür, elxanın həm monqol, həm də ərəb qrafikasını eyni dərəcədə mükəmməl bilən mədəniyyətli hökmdar kimi təsvir edilən müasirləri arasında yüksək nüfuzu var idi.[5][17][19]
Oğlu olmamış, ölümündən sonra Dilşad xatundan bir qızı olmuşdur.[5]
Dini məsələlərə yanaşması
redaktəƏbu Səid tez-tez sarayında üləmanın görüşlərini və müzakirələrini təşkil edirdi. O, şiəliyə daha yaxın olan atası Məhəmməd Olcaytudan fərqli olaraq sünni idi. Elxanın xristianlığa münasibətini birmənalı qiymətləndirmək çətindir. Çünki bir tərəfdən Safadi onun Bağdaddakı kilsələri dağıtdırdığını və qeyri-müsəlmanları fəal şəkildə İslamı qəbul etməyə təşviq etdiyi məlumatını verməkdədir. Digər tərəfdən onun hakimiyyəti dövrü Papa XXII İoann tərəfindən Sultaniyyə arxiyepiskopluğunun yaradılması (1318) kimi əlamətdar hadisə ilə yadda qalmışdır. Həmçinin Jourdain de Severac kimi qərb səyyahları onun missionerlik fəaliyyətinə müdaxilə etməsi barədə məlumat verməməkdədir. Dini dözümlülük bəzi hallarda iqtisadi motivlərə əsaslana bilər. Məsələn, 1320-ci ildə Venesiya ilə ticarət müqaviləsi bağlayarkən avropalılara Hülakü şəhərlərində öz kilsələrini tikmək imkanı təmin edildi. 1 may 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun və onun tərkibində Naxçıvan yepiskopluğunun qurulmasını təsdiqləmişdir.[5]
İstinadlar
redaktə- ↑ Howorth, 1880. səh. 215
- ↑ Khatibi və Gholami, 2008
- ↑ Atwood, 2004. səh. 234
- ↑ 1 2 Hope, 2016. səh. 189–193
- ↑ 1 2 3 4 5 6 7 Jackson, 2011
- ↑ 1 2 Fisher, 1968. səh. 407-413
- ↑ 1 2 Mustawfi Qazvini, 1910
- ↑ Lewis, 2014. səh. 101
- ↑ 1 2 3 Melville, 1997. səh. 89-120
- ↑ Melville, 1999
- ↑ Fisher, 1968. səh. 407
- ↑ A History of Persian under Ratar Dominion (AD 1265 - 1502) Literature, 2013. səh. 171
- ↑ Dalkesen, 2007. səh. 196-197
- ↑ Khvānd Mīr, 1994. səh. 125
- ↑ Limbert, 2011. səh. 76
- ↑ Закиров, 2011. səh. 84
- ↑ 1 2 Fisher, 1968. səh. 413
- ↑ Lambton, 1988
- ↑ ал-Ахари, 2011
Mənbə
redaktə- Christopher P. Atwood. The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. 2004. ISBN 0-8160-4671-9.
- P. Jackson. ABŪ SAʿĪD BAHĀDOR KHAN. iranicaonline.org. 2011.
- Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016. ISBN 9780198768593.
- Melville Charles və Abbas Zaryab. DELŠĀD ḴĀTŪN. Encyclopaedia Iranica. 2011.
- W. B. Fisher. The Cambridge History of Iran. Cambridge University Press. 1968. ISBN 0-521-06935-1.
- Bernard Lewis. The Jews of Islam. 2014. ISBN 978-1-4008-2029-0.
- Hamd Allah Mustawfi Qazvini. The Ta'ríkh-i-guzída; or, "Select history" of Hamdulláh Mustawfí-i-Qazwíní. Boston Public Library. Leyden : E.J.: Brill.
- Charles P. Melville. Abu Sa'id and the revolt of the amirs in 1319. Tehran: L'Iran Face a la Domination Mongole. 1997.
- Charles Melville. The Fall of Amir Chupan and the Decline of the Ilkhanate, 1327-37: A Decade of Discord in Mongol Iran. Indiana University: Research Institute for Inner Asian Studies. 1999.
- Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia. New York State University of New York Press: State University of New York Press. 1988.
- Henry H. Howorth. History of the Mongols from the 9th to the 19th century. London: Longmans, Green, and Co. 1880. ISBN 1046528205.
- Abolfazl Khatibi və Rahim Gholami (2008). "Abū Saʿīd Bahādur Khān". In Madelung, Wilferd; Daftary, Farhad (eds.). Encyclopaedia Islamica Online. Brill Online. ISSN 1875-9831. Abū Saʿīd Bahādur Khān. Encyclopaedia Islamica Online - Brill Online. 2008. ISBN 1875-9831.
- Абу Бакр ал-Ахари. Тарих-и шейх Увейс. 2011.
- С. Закиров. Дипломатические отношения Золотой Орды с Египтом (XIII—XIV вв.). 2011.
- Ghiyās̲ al-Dīn ibn Humām al-Dīn Khvānd Mīr. Habibü's-siyer: Moğol ve Türk hâkimiyeti. Harvard University: Harvard University Press. 1994.
- Nilgün Dalkesen. Gender Roles and Women's Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries. 2007.
- John W. Limbert. Shiraz in the Age of Hafez: The Glory of a Medieval Persian City. Washington: University of Washington Press. 2011. ISBN 978-0-295-80288-6.
Xarici keçidlər
redaktəSƏLƏF Sultan Məhəmməd Xudabəndə Olcaytu xan |
Sultan Əbu Səid Bahadur xan Elxanilər |
XƏLƏF Sultan Arpa xan |