Ejder Ibrahimov - Wikipedia
Əjdər Mütəllim oğlu İbrahimov (29 aprel 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 20 sentyabr 1993, Moskva) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi. 1952-ci ildən ÜİK(b)P-nin üzvü olmuşdur.[1]
Əjdər İbrahimov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Aşqabad, Türkistan MSSR, RSFSR |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Həyat yoldaşı | Marqarita Maleyeva |
Fəaliyyəti | rejissor, ssenarist, aktyor |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0406536 |
Həyatı
redaktəƏjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib.[2] İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954–1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1955-ci ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi.
Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün uşaqlar topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi. Beləliklə, 1959–1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradıldı.
Bakıya qayıtdıqdan sonra o burada "İyirmialtılar" filminin istehsalına başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaratdı. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.
Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır.
Azərbaycanın xalq atisti fəxri adına və Dövlət Mükafatına layiq görülüb.
Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.[3]
Ssenarist Marqarita Maleyevanın həyat yoldaşıdır.
Kitabları
redaktəƏjdər İbrahimov bir neçə kitabın da müəllifidirː
- "Vyetnamda gördüklərim" (1964)
- "Günəş ağlayır" (1971)
- "Döyüşən Vyetnamın kino sənəti" (1968)
- "Tai qəbiləsindən olan qız" (1970)
Adlar və mükafatlar
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 7 iyul 1967
- "SSRİ xalq artisti" fəxri adı — 28 noyabr 1991
- "Türkmənistan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "Əmək" ordeni (Vyetnam Demokratik Respublikası)
Əlavələr
redaktə- 1940-cı ildə Aşqabad teatr texnikumunu bitirmişdir.
- Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunu bitirmişdir. (1952)
- 1952–1954-cü illərdə "Türkmənfilm"də çalışmışdır.
- 1954–1959 Bakı kinostudiyasında işləyib.
- 1959–1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib.Vyetnam kinosunu yaradanlardan biridir.
- 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib.
- Yazıçı kimi bir neçə kitabın müəllifidir.
- Moskvada yaşamışdır.
- Jurnalist və ssenarist Marqarita Maleyevanın həyat yoldaşı olmuşdur.
- Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
- 2005-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında rejissor haqqında "Narahat Adam" adlı sənədli film çəkilmişdir.
Filmoqrafiya
redaktə- Firuzə (1953)
- Xəzərin Şərqində (1953)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Onun böyük ürəyi (film, 1958)
- İyirmialtılar (film, 1966)
- Ulduzlar sönmür (film, 1971)
- Ürək Məsələləri (1973)
- Qayınana (film, 1978)
- Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
- Qəribə adam (film, 1979)
- Narahat adam (film, 1985)
Haqqında çəkilən filmlər
redaktəİstinadlar
redaktə- ↑ Moskvada Əjdər İbrahimovun xatirə gecəsi: [Moskva Kino Evində Azərbaycanın kinorejissoru, Xalq artistinin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 2 may.- S. 13.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Некрополь мастеров искусств". 2009-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-18.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 147.
- Əjdər İbrahimov. "Bakıdan uzaqlarda" //Film.-1991.- № 10 — səh. 5.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
redaktə- [1]. xalqqazeti.com, 09.08.2014. (az.)