Baba Punhan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi.
Baba Pünhan | |
---|---|
Atababa Seyidəli oğlu Mədətzadə | |
Doğum adı | Atababa Mədətzadə |
Doğum tarixi | |
Doğum yeri | Kürdəxanı, Bakı |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Kürdəxanı, Bakı |
Vəfat səbəbi | ürək çatışmazlığı, infarkt |
Fəaliyyəti | şair |
Həyatı
redaktəBaba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13–14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Əsərləri həmçinin "Tək səbir", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində də çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-cü ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.
2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Klinik Xəstəxanasında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).
3 noyabr 2000-ci ildə B. Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.
2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki…" kitabı oxuculara təqdim olunub.
2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.