Bakinski Raboci Qezet - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — Azərbaycanda rus dilində çıxan rəsmi dövlət qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsidir.[1]
Bakinski raboçi | |
---|---|
Sahibi | Prezidentin İşlər İdarəsi |
Baş redaktor | İlqar Hüseynov |
Yaranma tarixi | may 1906 |
Dil | rus dili |
Baş ofis | |
Ünvan | Bakı şəhəri, Mətbuat prospekti, 529-cu kvartal |
Ölkə |
|
Tiraj | 3000 |
br.az |
RSDFP Bakı təşkilatının orqanı olaraq 1906-cı ilin may ayında qeyri-leqal şəkildə çıxan "Bakinski raboçi" 1908-ci il senyabrln 6-dan "neft sənayəsi fəhlələrinin" həftəlik qəzeti kimi leqal çıxmış, bir qədər sonra "zərərli istiqamətlərinə" görə çar hökuməti tərəfindən bağlanmışdır. 1917–1918-ci illərdə RSDF(b)P Bakı Komitəsinin orqanı kimi çıxmışdır. Aprel çevrilişindən sonra 1920-ci il iyulun 15-də "Azerbaydjanskaya bednota" adı ilə çıxmışdır; 1920-ci il noyabrın 7-dən "Bakinski raboçi" adı ilə nəşr edilir. Sovet dövründə AKP Bakı Komitəsinin, AKP Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olmuşdur.[2]
Yarandığı tarix
redaktə"Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917–1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər.
Fəaliyyətinin əsas məqsədi
redaktə1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi. "Bakinski raboçi" Azərbaycan xalqının milli mənafelərini təmsil etməkdən çox uzaq idi. O, bolşevik partiyasının mərkəzi orqanı olan "Proletari" qəzeti ilə sıx bağlı idi və onun siyasi xəttini ciddi-cəhdlə həyata keçirirdi. Birinci rus inqilabından sonrakı dövrdə yaranmış bu qəzet bolşeviklərin ideyalarını yayır, xalqı burjuaziyaya qarşı mübarizəyə səsləyirdi.
1917–18-ci illərdə "Bakinski raboçi" V.İ.Leninin, bolşeviklər partiyası MK-nın göstərişlərini rəhbər tutaraq, bolşevik təbliğatı aparır, bolşevik şüarlarını təbliğ edir, kütlələri sosialist inqilabına çağırırdı. Sözdə "proletar beynəlmiləlçiliyi və xalqlar dostluğu"nu bayraq edənə düşmənçilik toxumu yayması üçün geniş meydan açmışdı. "Bakinski raboçi" hər cür milli ideyaya milli özünüdərkə, milli partiyalara, o cümlədən "Müsavat partiyasına qarşı barışmaz mübarizə aparır, Azərbaycan fəhlələrini hər vasitə ilə milli azadlıq hərəkatından uzaqlaşdırmağa çalışırdı. Qəzet Azərbaycan xalqının hürriyyət və cümhuriyyət arzularına qarşı çıxır, bu istəyin real olmadığını, onun qeyri-mümkünlüyünü təbliğ edirdi. Sonradan 10 minlərlə azərbaycanlıya qarşı soyqırımının əsas təşkilatçılarından olan S.Şaumyan "müsavatçıları və demokratik qüvvələri hədələyərək" "Bakinski raboçi"də yazırdı "Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə bir xarabazar alacaqlar".
Müxtəlif illərdə fəaliyyəti
redaktə1908-ci il oktyabrın 31-də çıxan 18-ci nömrəsindən sonra "Bakinski raboçi" "ziyanlı istiqamətrnə görə" çar hakimiyyəti orqanları tərəfindən bağlandı. Bundan sonra Bakı bolşevikləri 1909-cu ilin fevral-martında "Volna" adlı leqal jurnalın iki nömrəsini buraxdılar. Bu, faktik olaraq, əvvəlki redaksiya heyəti tərəfindən buraxılan elə həmin "Bakinski raboçi" idi. 1917-ci il aprelin 22-də (mayın 5-də) " Bakinski raboçi" RSDFP Bakı Komitəsinin həftəlik orqanı kimi bərpa edildi. 1917-ci ilin noyabrına qədər həftədə üç dəfə, noyabrdan isə hər gün (bayramsəhəri günlərdən başqa) çıxırdı. 1917–18-ci illərdə 4000 nüsxə tirajla 267 nömrəsi çıxmışdır. 1917-ci ilin mayından "Bakinski raboçi"nin redaktoru Azərbaycan xalqının qatı düşməni S.Şaumyan, həmin ilin oktyabrından isə A.M.Amiryan olmuşdur. V.Q.Yeqorov, A.B.Karinyan, S.İ.Kasyan, İ.V.Malıgin, İ.T.Fioletov qəzetdə əməkdaşlıq edirdilər.
"Bakinski raboçi" Bakıda və Azərbaycanın digər bölgələrində 1918-ci ilin mart soyqırımlar ərəfəsində bolşevik-daşnak qüvvələrinin ruporu kimi çıxış edirdi. Bakıda S.Şaumyanın Xalq Komissarları Sovet hakimiyyəti devrildikdən sonra, 1918-ci il avqustun 11 –də "Bakinski raboçi"nin sonuncu (267-ci) nömrəsi çıxmış və nəşri dayandırılmışdı. 1920-ci ildə aprel işğalından sonra, iyulun 15-dən "Bakinski raboçi" "Azerbaydjanskaya bednota" ("Azərbaycan füqərası") adı ilə, 1920-ci il noyabrın 7-dən isə öz əvvəlki adı ilə yenidə nəşr olunmağa başladı. Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası MK-nin, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olmuşdur.
Günümüzdə
redaktəHazırda "Bakinski raboçi" müasir dövrümüzdə də fəaliyyətini davam etdirir. "Bakinski raboçi" müstəqil Azərbaycanın mühüm kütləvi informasiya vasitələrindən biridir. Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezident Aparatının işlər idarəsidir. Qəzet dəfələrlə dövlət mükafatına layiq görülmüşdür.[3]
Xarici keçidlər
redaktəMənbə
redaktə- Şahverdiyev A.B — Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səhifə.
İstinadlar
redaktə- ↑ "О нас". Бакинский рабочий. 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
- ↑ «Бакински рабочи» // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 549–550.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 243