Bayraq Qalmaqali - Wikipedia
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ.
Tarixi
redaktəAzərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun[1] icrasından sonra başlanmışdır.
Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir.
Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi.
Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir. Valinin sözlərinə görə 1 amir və 2 polis əməkdaşı barəsində intizam araşdırmasına onların “Azərbaycan bayraqlarının səliqəli şəkildə uyğun qutulara qoyulması və beləcə ehtimal edilən sui-istifadə hallarının önlənməsi işində gərəkli həssasiyyət, diqqət göstərmədə qüsurlu olduqları səbəbindən” başlanmışdır. Harput onu da deyib ki, araşdırma zamanı “üçüncü şəxslərin hərəkəti” də incələnib. Azərbaycan bayraqlarına qarşı üçüncü şəxslərin törətdikləri və beləcə həm Azərbaycan bayraqlarının məyusedici görüntülərinə yol açan, həm də iş başındakı heyətə müdaxilə edərək onları təhrik edən media görüntüləri də araşdırılmaq üçün prokurorluğa təqdim edilib.[2]
Bakıda türk əsgərlərinin abidəsində bayraqların yerinə qaytarılmasına oktyabrın 27-si axşam başlanmışdır. Abidə ətrafına bayraqların qaytarılması prosesi 28 oktyabrda başa çatmışdır. Əvvəlki kimi burada 5 ədəd Azərbaycan, 5 ədəd Türkiyə bayrağı dalğalanır.[3][4]
Maraqlı məqamlar
redaktə- Türkiyənin cümhuriyyət bayramı münasibətilə Pekində təşkil olunan rəsmi ziyafətdə maraqlı hadisə baş verib. Ziyafətə İsrail, İran, Ermənistan səfirləri və hərbi attaşeləri də qatılıb. Azərbaycan səfiri Yaşar Əliyev ziyafətdə Türkiyə səfiri Murad Səlim Esenli ilə qucaqlaşıb görüşdükdən sonra yaxasındakı Azərbaycan bayrağı nişanını onun yaxasındakı Türkiyə bayrağı nişanı ilə dəyişdirib.[5]
İstinadlar
redaktə- ↑ "FİFA-nın AZƏRBAYCAN BAYRAĞINA QADAĞA MƏKTUBU AÇIQLANDI". 2013-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-28.
- ↑ "Azərbaycan bayrağına hörmətsizlik edən türk polisi cəzalandırıldı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-29.
- ↑ BAYRAQLARIN QAYTARILMASI PROSESİ BAŞA ÇATIB[ölü keçid]
- ↑ "Azerbaycan ile bayrak krizi sona erdi". 2009-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-28.
- ↑ AZƏRBAYCAN və TÜRKİYƏNİN ÇİNDƏKİ SƏFİRLƏRİ YAXALARINDAKI BAYRAQ NİŞANINI DƏYİŞİBLƏR[ölü keçid]