Bilgeh - Wikipedia
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.
Bilgəh | |
---|---|
40°34′02″ şm. e. 50°02′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabunçu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 18 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəƏhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər. Bilgəh 11,15-ci əsrlərdə Xəzər dənizinin limanı olmuşdur. Bilgəh üzüm, əncir, nar bağları və zəfəranı ilə hələ qədimdən məşhur idi. 13,14-cü əsrlərdə Şirvanşahların keşikçi dəstələrinin Bilgəhdə yerləşmələri haqqında tarixi mənbələrdə məlumat verilir. Bilgəhdə e.ə. 3-cü minilliyə aid qayaüstü təsvirləri (bax Abşeron arxeoloji abidələri), orta əsrlərə aid "Pir Həftəxar adlandırılan İmam Museyi Kazımın qızı Leyla xanımın" türbəsi, hamam (13,14-cü əsrlər), qala və məscid (14-cü əsr), karvansara (17-ci əsr), Hacı Abdulla məscidi (1844), Albədi hamamı (19-cu əsr), Seyid Ağa hamamı (19,20-ci əsrlər) və s. memarlıq abidələri, orta əsrlərə aid qəbiristanlıq var. Bilgəhdə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf etmişdi. Azərbaycanda olmuş ingilis səyyahı X. Berrou (16-cı əsr) Bilgəhi "Bildi" kimi qeyd etmiş və onun haqqında maraqlı məlumat vermişdir.[1]
Tarixi
redaktəBilgəh vaxtilə Bakının qədim kəndlərindən biri olub. Bilgəh sözünün mənası "Piləgah" sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə burada çox əski zamanlarda barama becərirmişlər.
Mədəniyyəti
redaktəBilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə burada şəhər mədəniyyətinin inkişafından xəbər verir. Bilgəhdən keçən Avropa səyyahları da xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə aid abidələrin bu günə qədər qalan qalıqları da bu qədim yaşayış məskəninin şərəfli keçmişindən xəbər verir.
Coğrafiyası və iqlimi
redaktəBakının şimal-şərqində, Abşeron yarımadasının şimalında, Xəzər dənizinin sahilində yerləşən Bilgəh kəndi Maştağa, Nardaran, Zuğulba kəndləri ilə əhatə olunub. Əhalisinin sayı təqribən 11 mindən çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf etmişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət göstərmişdir. Bilgəh həm də sağlam iqliminə, saf ab-havasına, təbiətinə görə fərqlənir. Vaxtilə SSRİdə şöhrət tapmış, Bilgəhdə Xəzərin sahilinə yaxın "Şirin su" deyilən yerdə bu gün də fəaliyyətini davam etdirən şəfa ocağının — Bilgəh Kardioloji Sanatoriyasının bünövrəsi 1936-cı ildə qoyulmuş və müharibədən sonra, 1950-ci ildə istifadəyə verilmişdir. Çağdaş zəmanəmizdə də burada hər il minlərlə vətəndaşımız müalicə olunur.
Tanınmış şəxsləri
redaktə- Əbdülkərim Əlizadə — şərqşünas, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı Laureatı
- Əliheydər İbrahimov — Sovet Ordusu hərbçisi, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qvardiya-mayoru
- Fərrux Zeynalov — iqtisad elmləri namizədi, əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi, 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri
- Ağaverdi Paşayev — dirijor, pedaqoq. Azərbaycan Respublikasının Xalq Artisti, Professor,Şöhrət ordeni,
- Sahib Paşazadə — Tarzən ,Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Müsabiqələr Laureatı, Prezident Mükafatçısı,Tərəqqi medalı laureatı; — Ağaverdi Paşayevin oğlu. Beynəlxalq Muğam Mərkəzinin direktoru.( 2023 ilin-May ayından)
- Gülbala Əliyev — SSRİ-nin fəxri neftçisi, Azərbaycan SSR-nin neft ustası, Azərbaycan Neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı
- Mirmahmud Kazımovski — Azərbaycan SSRnin Əməkdar artisti, görkəmli teatr xadimi, dramaturq, rejissor. Rauf Kazımovskinin atası
- Tofiq Quliyev — bəstəkar, pianoçu, dirijor, Azərbaycan SSR-nin xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri
- Zeynal Cabbarzadə — şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi
Əhalisi
redaktəAzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 8.3 min nəfər əhali yaşayır.[2]
Din
redaktəQəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir[3].
İstinadlar
redaktə- ↑ Aşurbayəli, Sara. Şirvanşahlar dövləti (PDF). Bakı: AVRASİYA PRESS. 2006. səh. 362. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-16.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |