Bucuktepe Hadisesi - Wikipedia
Buçuktəpə hadisəsi (türk. Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı.
Buçuktəpə üsyanı | |
---|---|
Tarix | 1446 |
Yeri | |
Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi. Varna müharibəsi əsnasında Sultan Mehmed isə Çandarlı Xəlil Paşa ilə birlikdə Ədirnəni mühafizə etdi. Varnada qələbə qazandıqdan sonra (10 noyabr 1445) Sultan Murad bir müddət Ədirnədə qalmış, ancaq taxta geri dönməmişdir. Çünki bu müddətdə İslam ölkələrinə göndərilən fəthnamələrdə Sultan Mehmedin adı qeyd olunur.
O əsnada Ədirnədə Sultan Muradla Sultan Mehmed tərəfdarları arasında güclü mübarizə başlamışdı. Sədrəzəm Çandarlı Xəlil Paşa ilə yeniçərilər Sultan Muradı, vəzirlərdən Şəhabəddin Paşa, Zağanos Paşa və Saruca Paşa isə Sultan Mehmedi taxtda görmək istəyirdi. Çandarlı Xəlil Paşa daha çox sülh tərəfdarı olsa da, Sultan Mehmedin tərəfdarı olan vəzirlər gənc sultanı yeni fəthlərə təşviq edirdi.
Sultan Mehmedin ilk səltənətinin başa çatmasının əsas səbəbi isə Buçuktəpə hadisəsidir. Osmanlı tarixində qeydə alınan ilk yeniçəri üsyanı olan Buçuktəpə hadisəsinin görünüşdəki səbəbi Osmanlı sikkəsinin dəyərinin aşağı düşməsi idi. Çünki aparılan ilk maliyyə islahatları əsgərləri və əhalini çətin vəziyyətə salmışdı. Mənbələrin dediyinə görə, aylardır maaş almayan yeniçərilər pulun dəyərinin aşağı düşməsini bəhanə edərək üsyan başlatdı. Rumeli bəylərbəyi Şəhabəddin Paşanın köşkünə hücum edilmiş, bu əsnada Şəhabəddin Paşa Sultan Mehmedin sarayına sığınaraq xilas olmuşdu. Yeniçərilər daha sonra şəhərin şərqindəki yüksəkliyə çəkilmiş, maaşlarının yarım axca artırılmasından sonra üsyan yatırılmışdı. Bu səbəblə o vaxtdan sonra həmin yüksəklik Buçuktəpə adlanmışdır. Üsyançılar yatırılsa da, yeniçərilər artıq gənc sultandan üz döndərmişdi.
Digər yandan Buçuktəpə hadisəsinin Sultan Mehmedi taxtdan uzaqlaşdırmaq üçün Çandarlı Xəlil Paşa tərəfindən planlaşdırıldığı haqqında güclü sübutlar da var. Əsas sübut isə bu hadisələr zamanı əsas hədəfin Çandarlı Xəlil Paşanın baş düşməni və gənc sultanın ən yaxın adamı olan Şəhabəddin Paşa olmasıdır. Nəticədə Çandarlı Xəlil Paşanın gizlicə göndərdiyi məktubla Sultan Murad 1446-cı ildə Ədirnəyə qayıtdı və yenidən Osmanlı taxtına çıxdı. Sultan Mehmed isə ən yaxın adamları ilə birlikdə Manisaya çəkildi.
Mənbə
redaktə- İstanbul’un Fethinden Önce Yazılmış Tarihî Takvimler (nşr. Osman Turan), Ankara 1984, s. 47;
- Die altosmanischen anonymen chroniken (nşr. F. Giese), I, Breslau 1922, s. 70, 205;
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 58–59;
- Neşrî, Cihannümâ (Unat), II, 647–657;
- XVI. Yüzyılda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi (haz. Şerif Baştav), Ankara 1973, s. 134–135;
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 375–387;
- Solakzâde, Târih, s. 173–179; Hüseyin, Bedâyiu’l-vekāyi‘ (nşr. A. S. Tveritinovoy), Moskova 1961, I, 373–381;
- Dimitri Kantemir, Osmanlı İmparatorluğu’nun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, I, 99–100;
- Hammer (Atâ Bey), II, 224–225;
- Cevad Paşa, Târîh-i Askerî-i Osmânî, İstanbul 1299, I, 219–220;
- Danişmend, Kronoloji, I, 212–218;
- Uzunçarşılı, Osmanlı Tarihi, I, 439–440;
- Fr. Babinger, Mahomet II le Conquérant et son Temps (1432–1481), Paris 1954, tür.yer.;
- Mustafa Akdağ, Türkiye’nin İktisadî ve İçtimaî Tarihi, İstanbul 1979, I, 383–385, 421–422;
- S. Shaw – E. K. Shaw, Osmanlı İmparatorluğu ve Modern Türkiye (trc. Mehmet Harmancı), İstanbul 1982–83, I, 84–87;
- Halil İncalcık, Fatih Devri Üzerinde Tetkikler ve Vesikalar I, Ankara 1987, s. 69–109;
- E. Verner, Büyük Bir Devletin Doğuşu: Osmanlılar, Halk Ayaklanmaları ve Askerî Feodalizm (trc. Yılmaz Öner), İstanbul 1988, II, 100–105;
- Ali, "Murâd-ı Sâni Sikkeleri", TTEM, XIV/14 (91) (1926), s. 82.