Buxarlanma - Wikipedia
Buxarlanma — maddənin maye haldan qaz halına keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində rütubətin atmosferə keçməsi. Buxarlanma sürətdən, temperaturdan, mayenin növündən və mayenin açıq səthinin sahəsindən asılıdır. Sublimasiya-maddənin bərk halından birbaşa qaz halına keçməsidir. Desyblimasiya-maddənin qaz halından birbaşa bərk halına keçməsidir
Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Su ilə kifayət qədər təmin olunmuş ərazilərdə temperatur yüksəldikcə buxarlanma da artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır.
Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur.[1] Torpaq və su səthindən buxarlanmaya meteoroloji şərtlər təsir edir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsullar ilə təyin edilir. Bunun üçün ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin buxarlandırma qabiliyyəti, torpağın rütubətliyi, yağıntıların miqdarı, buxarlanma qabiliyyəti kimi əsas şərtlər nəzərə alınır.
Buxarlanma dərəcəsi
redaktəBuxarlanma dərəcəsi hər hansı bir regionda potensial buxarlanmanın göstəricisidir və su səthindən və ya izafi rütubətlənmiş torpaqdan xüsusi buxarlandırıcı cihazla ölçülür.[2]
Buxarlanma qabiliyyəti
redaktəBuxarlanma qabiliyyəti su səthindən mümkün olan buxarlanmaya deyilir. Buxarlanma qabiliyyəti səhra və düzənlik yerlərdə çox olur.
Azərbaycanda ən çox buxarlanma Kür-Araz ovalığında və Naxçıvan MR ərazisində müşahidə olunur. Dağlarda yüksəkliklərdən asılı olaraq buxarlanma qabiliyyəti azalır. Ən çox buxarlanma yay fəslinə düşür.
Məlumdur ki, buxarlanmanın miqdarı ərazinin iqlim xüsusiyyətini əks etdirməklə yanaşı bitkilərin vegetasiya dövründə suya olan tələbini müəyyən edən amillərdən biridir. Mümkün buxarlanma nəinki təsərrüfat əhəmiyyəti olan iqlim-suvarma normasını müəyyən etdirilməsində, eyni zamanda ərazinin landşaft xüsusiyyətinin təhlili və iqlim təsnifatında rol oynayır.
Hidrometeorologiya elminin yüksək inkişafı ilə əlaqədar olaraq mümükün buxarlanma miqdarını nəzəri yolla hesablamağa başlamışlar. Bu məqsədlə Azərbaycanın şəraiti üçün (Ə. M. Şıxlinskinin tədqiqatına görə) E. K. Davıdovun düsturu vasitəsilə hesablamaq olar.
Mümkün buxarlanma
redaktəBuxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma yalnız bu və ya digər ərazinin iqlim xüsusiyyətlərinin səciyyələndirilməsində deyil, rütubət ehtiyatlarının kifayət qədər olmadığı ərazilərdə kənd təsərrüfatı üçün böyük praktik əhəmiyyət kəsb etməklə, iqlim suvarma normasının optimal kəmiyyətinin təyin edilməsində xüsusi rola malikdir. Bu göstəricinin öyrənilməsi suvarma əkinçiliyinin yayıldığı Azərbaycanda daha vacibdir. Ə. M. Şıxlinskinin tədqiqatlarına görə [1949] Azərbaycan şəraitində buxarlanma qabiliyyətinin hesablanması üçün B. K. Davıdovun [1944] aşağıdakı düsturu daha effektlidir: Emm=0,55 nd0,8 (1+0,1w) burada – d – havanın rütubət çatışmazlığının orta aylıq miqdarını (mm-lə), w-küləyin orta aylıq sürətini (m/san ilə) n-aydakı günlərin sayını göstərir. V. K. Davıdovun düsturunu tətbiq etməklə (bəzi hallarda radiasiya balansı üzrə müvafiq kəmiyyətləridə əlavə etməklə) onun tərəfindən respublikanın bütün meteostansiyaları üçün buxarlanma qabiliyyətinin aylıq, illik və çoxillik kəmiyyətləri hesablanmış, onun illik və fəsillər üzrə paylanması xəritələri tərtib edilmişdir. Müəyyən edilmişdir ki, buxarlanma qabiliyyətinin illik kəmiyyəti çox böyük hədd daxilində – 1400 mm-lə 300 mm arasında dəyişir. Buxarlanma qabiliyyətinin daha yüksək kəmiyyəti ildə 1200–1400 mm olmaqla Naxçıvan MR-nın Arazboyu düzənlikləri üçün səciyyəvidir. Kür – Araz ovalığı, Böyük və Kiçik Qafqazın ovalığa bitişik hissələri, Abşeron-Qobustan rayonunun böyük hissəsində də buxarlanma qabiliyyəti yüksək olmaqla il ərzində əsasən 1000–1200 mm, bəzi yerlərdə isə 900–1000 mm təşkil edir. Belə kəmiyyət eləcə də Naxçıvan MR-nın aşağı dağlıq zonası üçün səciyyəvidir. Kür – Araz ovalığı və Qobustandan Böyük və Kiçik Qafqaza, eləcə də Talışa doğru buxarlanma qabiliyyətinin kəmiyyəti tədricən azalır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq hissəsində (3000 m-dən yüksəkdə) 300–400 mm-ə çatır. Bu göstərilən kəmiyyətlər meteoroloji stansiyaların keçən əsrin ortalarına qədər olan məlumatları əsasında hesablanmışdır. Onların əsasında müəyyən edilmiş qanunauyğunluqlar bu gün də öz aktuallığını itirməsə də, hazırda respublika ərazisində buxarlanma qabiliyyətinin həm illik və həm də ilin isti dövrü üçün daha müasir xəritələri tərtib edilmişdir. Bu zaman isti dövr kimi aprel-oktyabr ayları qəbul edilmişdir. Hesablamalar göstərir ki, respublikanın daha isti rayonlarında buxarlanma qabiliyyətinin illik kəmiyyəti 1000–1500 mm-ə çatmaqla, onun 80–85%-i ilin isti dövrünə, və təqribən yarısı isə yay aylarına düşür. Qeyd etmək lazımdır ki, hazırda buxarlanma qabiliyyətinin kəmiyyəti XX əsrin ortalarındakından yüksəkdir, və bunu isti dövr üçün də demək olar. Bu arid ərazilərdə daha aydın nəzərə çarpır, və bəzən bu fərq ayrı-ayrı yerlərdə ildə 100 mm-ə çatır.