Buzlaq Epoxalari - Wikipedia
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar.[1]
Təsviri
redaktəBu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir.[1]
Buzlaq nəzəriyyəsi
redaktəBuzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir. Qərb və Şərq yarımkürələrində materik Buzlaq epoxaları və onların çöküntüləri Alp buzlaşmaları sxemi ilə korrelyasiya olunur. Avrasiya və Şimali Amerika transokean buzlaşmalarının korrelyasiyası isə problem olaraq qalmaqdadır. Kompleks tədqiqatlar nəticəsində Azərbaycanda yüksəkdağlıq (2000 m-dən yuxarı) ərazilərdə 4 müstəqil buzlaq epoxası (Türkan, Bakı, Xəzər, Xvalın) müəyyən edilmişdir. Birinci buzlaq epoxası Eopleystosendən (Abşeron əsri) Pleystosenə keçid mərhələsində, ikincisi Erkən Pleystosenin sonunda, üçüncüsü Orta Pleystosenin ikinci yarısında, dördüncü buzlaq epoxası Son Pleystosendə formalaşmışdır. Abşeron əsrində Böyük və Kiçik Qafqazın yüksəklik zonallığı əsaslı dəyişikliyə məruz qalmışdır. Belə ki, subalp və Alp yüksəkdağlıq qurşaqları tamamilə buzlaqlarla örtülmüş və qurşaqlar aşağıya doğru enərək dəniz səviyyəsindən 2000–1200 m arasında formalaşmışdır; enliyarpaqlı meşə örtüyü sub alp və Alp çəmənlik bitkiləri ilə əvəz olunmuşdur. 1200 m-dən aşağıda meşə örtüyünün tərkibi əsaslı dəyişmişdir; soyuq iqlim şəraitinə davamlı iynəyarpaqlılar və tozağacından ibarət meşə landşaftı formalaşmışdır. Kür çökəkliyində əvvəlki geol. dövrlərdə və Eopleystosenin sonuna qədər geniş yayılmış həmişəyaşıl bitki növləri (nəcib dəfnə, dəfnə gilənar, evkalipt, mimoza, çiyələk ağacı və s.) tamamilə sıradan çıxmış və onları seyrək enliyarpaqlı meşə landşaftı əvəz etmişdir. Erkən Pleystosenin birinci buzlaq epoxasında yalnız bitki örtüyünün tərkibi deyil, heyvanlar aləminin tərkibi də əsaslı dəyişikliyə məruz qalmışdır.[1]
Azərbaycanda
redaktəEopleystosenin sonuna qədər Azərbaycanın düzənlik bölgələrində geniş yayılmış cənub filləri, kərgədan, dəvəquşu və s. savanna heyvanları Böyük və Kiçik Qafqazın ilk buzlaşması mərhələsində sıradan çıxmış və onları soyuq iqlim şəraitinə davamlı növlər (mağara ayısı, mağara kaftarı, mağara şiri və s.) əvəz etmişdir. Azərbaycan ərazisində sonrakı Buzlaq epoxaları inkişaf xüsusiyyətlərinə görə Erkən Pleystosen buzlaşmasına çox oxşardır; hər sonrakı buzlaşma özündən əvvəlkinə nisbətən yalnız az sahə tutması və qısamüddətli olması ilə fərqlənir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Buzlaq epoxaları// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 139-140.