Dursun Humbetov - Wikipedia
Dursun Hümbətov (tam adı: Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı); 10 mart 1930 – 9 sentyabr 1990, Bakı) — alim, pedaqoq.
Dursun Hümbətov | |
---|---|
Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı) | |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstan Respublikası, Marneuli ray., Qurdlar k.di |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | infarkt |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Ofelya Əhmədova |
Uşaqları | Təranə Hümbətova, Hümbət Hümbətov, Fuad Hümbətov |
Atası | Oruc Hümbətov |
Milliyyəti | azərbaycanlı |
Tanınır | alim, pedaqoq |
Həyatı
redaktəDursun Hümbətov 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun ata babası Borçalı bəylərindən biri-Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdən Dursun Hümbətovun atası Oruc Hümbətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilmişdir.
Təhsili
redaktəDursun Hümbətov 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirmişdir. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü, həm də qrup nümayəndəsi idi. Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür.
Həmin dövrdə Dursun Hümbətovun elmi istedadı professor A.A.Abbaszadənin diqqətindən yayınmamışdır. A.A.Abbaszadənin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurmuşdur. Məhz bu nailiyyətlərinə görə 1951-ci ildə Dursun Hümbətov istisna hal kimi tələbə ikən Sov.İKP sıralarına qəbul olunmuşdur. Beləliklə, Hümbətov 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti
redaktəDursun Hümbətov universiteti bitirdikdən sonra dövlət təyinatı ilə Azərbaycanın Jdanov (indiki Beyləqan) şəhər orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, bir neçə il çalışdıqdan sonra Borçalıya qayıtmışdır. Burada qonşu Gorarxı (indiki Algeti), daha sonra isə Baydar kənd orta məktəblərində fizika və riyaziyyat fənlərini tədris etmişdir. Bir müddət müəllim kimi fəaliyyət göstərdikdən sonra 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnsitutunun aspiranturasına daxil olmuşdur. Elə həmin ildə akademik Həsən Abdullayevin şəxsi təşəbbüsü ilə o, Moskva şəhərindəki Üzvi Elementlər Birləşməsinin Kimya və Texnologiyası Dövlət Elmi-Tədqiqat İnstitutuna ezam olunmuşdur. Dursun Hümbətov burada professor Viktor Kostryukovun rəhbərliyi altında geniş elmi araşdirmalara başlamış və 1965-ci ildə Minsk şəhərində Dövlət Universitetinin Elmi Şurasında "Silisium üzvü birləşmələrinin termodinamika funksiyalarının və fırlanma potensialının aşaği temperaturda istilik tutumunun qiymətlərinə əsasən təyini" mövzusunda dissertasiya işini mudafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini qazanmışdır.
Dursun Hümbətov alim kimi fəaliyyətini 1964–1966-cı illərdə Azərbaycan EA Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlamış, 1966-cı ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Sənaye Universiteti) Fizika kafedrasında assistent vəzifəsinə keçərək ömürünün axırına kimi bu nüfuzlu təhsil ocağında elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Belə ki, Dursun Hümbətov 1967-ci ildə kafedranın baş müəllimi, 1970-ci ildə isə dosenti vəzifəsinə irəli çəkilmişdir.
O, 50-dən çox elmi məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifi olmuş, onun rəhbərliyi ilə onlarla elmlər namizədi yetişmişdir. Dursun Hümbətovun mexanika, molekular fizika, elektrik, maqnit, optika üzrə çoxsaylı kitabları, metodiki vəsaitləri indiyədək müxtəlif təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur. Bununla yanaşı, Dursun Hümbətov Azərbaycan Neft-Kimya İnstitutunda fakültə partiya komitəsinin katibi, tələbə qəbulu komissiyasının üzvü, neft-mədən fakültəsinin Xalq Nəzarəti komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdır.
Dursun Hümbətov eyni zamanda ölkəmizin müxtəlif rayonlarında fizika fənni üzrə olimpiadaların təşkilat komitəsinin rəhbəri olmuş, bütün ucqar rayonlarda istedadlı şagirdlərin axtarılıb tapılmasına və elmə gətirilməsinə böyük töhfə vermişdir. Bununla əlaqədar dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin medal, fəxri fərman, təşəkkürnamələri ilə təltif edilmişdir.
Bundan əlavə, o, Azərbaycan Neft-Kimya İnstitutunda xarici tələbələr fakültəsində fizika fənnini yüksək səviyyədə tədris etmişdir. Onun tələbələri sırasında Anqolanın prezidenti Joze Eduardo Duş Santoş (José Eduardo dos Santos), bir sıra Afrika, Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri olmuşlar.
Dursun Hümbətov ömrünün axırlarına yaxın "Bərk maye cisimlərin istilik tutumunun texniki təyinləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və ilkin müdafiəsini yekunlaşdırmışdır.
Övladları
redaktəDursun Hümbətov Ofelya Əhmədova ilə evli olmuşdur. Onların üç övladı olmuşdur - Təranə, Hümbət və Fuad Hümbətovlar. Dursun Hümbətovun kiçik oğlu Fuad Hümbətov təcrübəli diplomat və alimdir. Uzun müddət Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirinin Birinci katibi olmuşdur. Hazırda Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının Baş katibinin müavini, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Digər övladları Hümbət və Təranə isə yüksək ixtisaslı, peşəkar həkimdirlər.
Vəfatı
redaktəDursun Hümbətov 1990-cı ilin Yanvar hadisələrindən çox təsirlənərək infarkt keçirmiş və sentyarın 9-da dünyasını dəyişmişdir.[1][2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.
- ↑ "Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.