Forel - Wikipedia
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi.
Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.[1]
Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Çoxalması
redaktəCinsi yetginliyə 2 (erkəklər)-3 (dişilər) yaşında çatırlar. Bu zaman balıqlar çayların yuxarı hissələrinə qalxaraq, onların qollarına daxil olur, orada öz kürülərini tökürlər. Hər bir balıq orta hesabla bir minə qədər kürü verir. Lakin balığın böyüklüyündən asılı olaraq kürünün miqdarı 2,5 minə qədər ola bilir.
1966-1969-cu illər ərzində Azərbaycanın müxtəlif dağ çaylarından, o cümlədən Daşkəsənin yaxınlığından axan Qoşqarçaydan və eləcə də Göy-göldən xeyli balıq tutulub tədqiq edilmişdir. Həmin balıqların çayda yaşayanlarının ən böyüyünün uzunluğu 37 sm, çəkisi isə 760 q. Əksər balıqların isə uzunluğu 15-25 sm arasında olmuşdur. Göy-göldə tutulan balıqların isə ən böyüyünün uzunluğu 40 sm, çəkisi 950 q olmuşdur, əksəriyyəti isə 25-35 sm uzunluğunda olmuşlar.
İstinadlar
redaktə- ↑ Azərbaycan Heyvanlar aləmi, Onurğalılar, III Cild, 2004. səh 619