Fransiz Inqilabi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyük Fransa inqilabı[1] (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövrdə Fransada, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq, insan hüquq və azadlıqları kimi mütərəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab.
Böyük Fransa inqilabı | |
---|---|
Yer | |
Tarix | 5 may 1789 |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunmuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatura, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.
Səbəbləri
redaktəXVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslanan mütləq monarxiya idi. Hakim feodal sinfindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.
Kralın mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında nüfuzunu itirirdi. Sonralar bu hakim siniflər arasında belə bir fikir formalaşır ki, mütləq monarxiya Fransa yüksək hakim təbəqəsinın (Monteskyönün yanaşması: "İran məktubları" və "Qanunların ruhu" adlı əsərlərində konstitusiyalı monarxiyanı ideal dövlət quruluşu hesab edirdi. Siyasi xəyanətlərin aradan qaldırılması yolunu hakimiyyətin üç yerə: qanunverici, icra və məhkəmə sisteminə bölünməsində görürdü) və ya fransız xalqının (Russonun baxışı; Əsərlərində kəndli və sənətkarların mənafeyini əks etdirirdi. Onun idealı demokratik formada xalq hakimiyyəti idi. Başqalarından fərqli olaraq monarxiyanın tam ləğv edilməsinin və respublika idarə üsulunun tərəfdarı idi) milli maraqlarına ziddiyyət təşkil edir.
Volter, Monteskyö, Russo və digər fiziokrat və ensiklopedist yazıçı-filosofların yaradıcılığı sayəsində fransız cəmiyyətinin ziyalı təbəqəsində də hadisələrə münasibət inqilabi şəkildə dəyişir. Russonun, Mablinin, Didronun demokratiya haqqında fəlsəfi əsərləri geniş xalq kütlələrini riqqətə gətirirdi. Şimali Amerikada gedən Vətəndaş müharibəsi də inqilaba ciddi təsir göstərirdi.
Silklər Məclisinin (Fransa parlamenti) seçkilərindən sonra hər üç zümrədən olan deputatlar 5 may 1789-cu ildə kralın Versal sarayında öz ilk iclasına toplaşırlar. Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir. Bundan əsəbiləşmiş kral parlamentin fəaliyyətini dayandırmaq qərarına gəlir.
20 iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar iclaslar salonunun giriş qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşirlər. Keşikçilər salonun təmirə görə bağlandığını bildirirlər. Lakin deputatlar dağılışmaqdan qəti boyun qaçırır, yaxınlıqdakı tennis zalına toplaşaraq and içirlər ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanadək buranı tərk etməyəcəklər.
Kral güzəştə getməli olur. O, qalan deputatlara da üçüncü silkə qoşulub parlamentin iclasını davam etdirməyi təklif edir. Tədricən deputatların əksəriyyəti demokratların irəli sürdükləri islahatların lehinə meyl göstərməyə başlayır. Birləşmiş deputatlar özlərini vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan Milli Assambleya elan edirlər. Bu zaman kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır.
Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur). Bu, artıq qiyam deyil, əsl inqilab idi.
Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.
26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir. 1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür. Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.
Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır; ölkənin seçkili inzibatçıların idarə edəcəyi departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü müəyyən edir, məhkəmə sistemini dəyişdirir (indən belə hakimlər də seçki yolu ilə təyin edilməlidir). Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərir.
"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə" dünyadakı liberal fikrin, düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş mühüm tarixi sənəddir. Bəyannamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ; təqsirsizlik prezumpsiyası), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları əks olunmuşdur. Lakin bəyannamədə yeni ideyalar da var idi: qanunlar yalnız cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər, bütün vətəndaşlar bərabərdir və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna malikdir, vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.
Bəyannamə universal xarakter daşıyırdı — yalnız Fransa vətəndaşları üçün hüquq və azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün "təbii və ayrılmaz hüquqlar"ı bəyan edirdi. Bütün Avropaya yayılan bəyannamənin mətni geniş müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyl və həvəs oyadırdı.
Eyni zamanda, bəyannamənin tənqidçiləri sübut etməyə çalışırdılar ki, orada yazılmış qanunlar ritorika, sözçülükdən başqa şey deyildir və Fransada praktik olaraq bunları təmin etmək qeyri-mümkündür. Britaniya tarixçisi Karleyl həmin inqilabdan 45 il sonra yazırdı: "İnsan hüququ bütün kağız konstitusiyaların həqiqi kağız əsası deməkdir. "İnsanın vəzifələrini də göstərmək yaddan çıxıb!", — deyə opponentlər bağırırlar. "İnsanın imkanlarını da təsdiq etmək yaddan çıxıb", — deyə biz cavab veririk".
Fransa Milli Assambleyası
redaktəİnsan və vətəndaş hüquqları haqqında bəyannamə (1789):
|
Buna uyğun olaraq, Milli Assambleya Ali varlığın qarşısında və onun himayəsi altında insan və vətəndaşın aşağıdakı hüquqlarını qəbul və bəyan edir:
- 1. İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar. İctimai fərqlər yalnız ümumi mənafe ilə bağlı fikirlərə əsaslana bilər.
- 2. Hər hansı siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının təmin edilməsindən ibarətdir. Bunlara azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə müqavimət hüquqları daxildir.
- 3. Xalq mahiyyətcə suveren hakimiyyətin mənbəyini təşkil edir. Fərdlərin heç bir birliyi, heç bir fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
- 4. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
- 5. Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
- 6. Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır: o qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq bütün ictimai mənsəbləri (1), yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
- 7. Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır: o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
- 8. Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz.
- 9. Hər bir kəs günahı elan edilənə qədər günahsız sayılır; şəxsin həbsinin zəruri olduğu hallarda hər hansı artıq, lüzumsuz ciddi tədbirlərin qarşısı qanunla qəti şəkildə alınmalıdır.
- 10. Heç kəs öz baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalıdır, bir şərtlə ki, onların ifadə olunması qanunla müəyyənləşdirilmiş ictimai asayişi pozmasın.
- 11. Fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir; hər bir vətəndaş yalnız sui-istifadə hallarında qanun qarşısında cavab verməklə öz fikrini azad deyə, yaza, dərc etdirə bilər.
- 12. İnsan və vətəndaş hüquqlarının təminatı üçün dövlətin gücü vacibdir; bu güc ixtiyar sahiblərinin şəxsi maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
- 13. Dövlət qüvvələrinin saxlanılması və idarə edilməsi xərcləri üçün ümumi rüsumların yığılması zəruridir; onlar bütün vətəndaşlar arasında imkanlarına uyğun olaraq bərabər bölüşdürülməlidir.
- 14. Bütün vətəndaşlar özləri, yaxud nümayəndələri vasitəsilə dövlət rüsumlarının zəruriliyini müəyyənləşdirmək, onun alınmasına könüllü razılaşmaq, onun xərclənməsinə nəzarət etmək, pay həcmini, əsasını, qaydasını və alınma müddətini təyin etmək hüququna malikdir.
- 15. Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ var.
- 16. Hüquqların təminatının mövcud olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur.
- 17. Mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz. Bu, yalnız qanun vasitəsilə şəksiz ictimai zərurətin müəyyən olunduğu halda ədalətli və əvvəlcədən edilmiş ödənişdən sonra edilə bilər.
Fransa inqilab ərəfəsində
redaktə1777-ci ildə tamamilə müflisləşmiş adamların rəsmi sayı 1100 min nəfər müəyyən edilmişdi. Kəndli kütlələri müflis olurdu. Kiçicik quraqlıq aclığa səbəb olurdu. Ac kəndli kütlələri şəhərlərə axışırdı. O biri tərəfdən, harınlamış zadəganlar illik yüzminlərlə gəlirlərini eyş-işrətə israf edirdilər. Zadəganların bir çoxu da müflisləşməkdə idi, amma onlar bunu büruzə verməmək üçün daha da çox eyş-işrətə qapılırdılar. Lakin əyalətlərdə vəziyət ikili idi, bəzi kəndlilər əksinə, öz yoxsullaşan qonşularının hesabına varlanırdılar. Kəndlərdə kənd burjuaları yaranırdı və məhz onlar inqilab ərəfəsində feodal qayadalara qarşı birinci etiraz etdilər. Məhz onlar feodal hüquqların, zadəgan mülklərinin müsadirəsi və bölünməsi yolu ilə, təmənnasız ləğvini tələb edirdilər. 1786-cı ildən kəndli üsyanları getdikcə çoxalmaqda idi.
Taxta çıxmasından iki ay sonra XVI Lüdovik yazıçı-iqtisadçı Türqonu nazirliyə cəlb etdi, bir aydan sonra isə onu maliyyənin əsas nəzarətçisi təyin etdi. İlk vaxtlar kral hətta israfçı zadəganlara qarşı Türqonun mövqeyini müdafiə etdi. 1774-cü ildə azad çörək ticarətinin elan olunması, 1776-cı ildə isə biyarın və şəhərlərdə sex korporasiyalarının ləğv edilməsi xalqda müəyyən ümid yaratmalı idi. Daha varlı kəndlilər isə vergi yığılmasında qarşılıqlı məsuliyətin ləğv edilməsinə xüsusilə sevinirdilər. Nəhayət 1779-cu ildə kralın xüsusi mülklərində mortmayn və təhkimçilik hüququ, sonrakı ildə isə 1670-ci ildən cinayət işlərində tətbiq olunan işgəncə praktikası ləğv edildi. Lakin Türqo əyalət təmsilçilik yığıncaqları və karlı zümrələrdən seçilənlərin parlamenti haqqında danışmağa başlayanda kral onu istefaya göndərdi. Amma konstitusiya məsələsindən qurtulmaq artıq mümkün deyildi və 1777-ci ildə Nekkerin nazir təyin edilməsi ilə bu məsələ yenə gündəmə gəldi. Nekker qüvvələr arasında müvazinət saxlamağa çalışdı. O, parlament məsələsini uzaq gələcəyin işi olduğunu vurğulayaraq, ilk növbədə əyalət təmsilçiliyi barədə danışdı, ancaq kral bundan qətiyyətlə imtina etdi[2]
XVI Lüdovik ancaq Berri və Yuxarı Qiyendə (1778–1779) əyalət yığıncaqları kimi əhəmiyyətsiz güzəştlərə getdi. 4iyul 1776-cı ildə Şimali Amerikada ingilis müstəmləkələri öz müstəqilliklərini elan etdilər, 1778-ci ildə Fransa onların müstəqilliyini tanıdı və bu, İngiltərə ilə 1783-cü ilə qədər çəkən müharibəyə gətirdi. Bunun Fransada inqilaböncəki vəziyyətə təsiri çox güclü idi. Birincisi ona görə ki, Amerika ştatlarında elan olunan "İnsan haqqları bəyannaməsi" fransız inqilabçılarına böyük təsir göstərmişdi, o biri tərəfdən isə Fransa iqtisadiyyatı İngiltərə ilə olan müharibə səbəbindən ağır vəziyətə düşmüşdü. 1775–1777-ci illərdə zəif məhsul əldə olunması səbəbindən bir sıra aclıq üsyanları baş vermişdi. Parisdə sex məhkəmələrinin ləğv olunmasından sonra üsyanlar bir sıra əyalətlərə yayıldı. 1782–1783-cü illərdə üsyanlar yenidən qızışdı və bütün ölkəni bürüdü: Puatye (1782), Vizil (1786), 1783- 1787-ci illərdə Sevenna, Vivar və Jevadanda. 1787-ci ildə Paris parlamenti saraya pul verməkdən imtina etdi və bununla populyarlıq qazandı. Bunun əvəzində kral Paris parlamentini Truaya sürgün etdi, lakin Parisdə üsyan başladı və kral zümrə parlamentini geri qaytarmağa məcbur oldu. 1788-ci ildə Bretanda üsyan qalxdı.
Dofinedə, xüsusilə Qrenoblda vəziyyət daha ciddi idi. Qanlı toqquşmalar nəticəsində çoxlu ölən vardı. Bununla əlaqədar Mariya-Antuanettanın 24 avqust 1788-ci ildə qraf Mersiyə, onun Nekkeri qaytarmağa çalışdığı barədə yazdığı məktubu maraqlıdı. Bu məktubda bəlli olur ki, küçə yığıncaqları saraya necə təsir edirmiş[3].
İstinadlar
redaktə- ↑ Монж Гаспар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.
- ↑ П. А. Кропоткин. Великая Французская Революция 1789–1793 Издательство "Наука" 1979 səh. 20–21
- ↑ Feuillet de Conches F. S Louis XVI, Marie-Antoinette et Madam Elisabeth. Lettres et documents inedits, v. 1–6. Paris, 1864–1873, v. 1, p.214–217.