Gunes Kuleyi - Wikipedia
Günəş küləyi — Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s. səbəb olur.