Gunes Tutulmasi - Wikipedia
Günəş tutulması — Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisələrindəndir. Bu hadisələr qədim zamanlardan indiyə qədər bütün dövrlərdə insanları həmişə düşündürmüşdür. Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ay tutulmalarının[1] baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ay tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir. Ayın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir. Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05o09'-lik bucaq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir. Günəş tutulmasının baş verməsi üçün təzə Ay fazası Ay orbitinin düyünlərinə və ya ona yaxın yerlərə təsadüf etməlidir. Yəni Günəş tutulmasının gerçəkləşməsi üçün təzə ay fazasında Ay ekliptika müstəvisində və ya ondan kiçik bucaq məsafəsində olmalıdır. Ayın Günəşə və Yerə görə vəziyyətindən asılı olaraq bəzən Ayın bucaq diametri Günəşinkindən kiçik olur. Bu halda Ayın buraxdığı kölgə konusunun təpəsi Yer səthinə çatmır. Onda Ay diski Günəş diskini tamam örtə bilmir, onun kənarlarında işıqlanmış halqa görünür. Belə tutulma halqavari Günəş tutulması adlanır.
Yer səthində Ay kölgəsinin eni maksimum 270 km-dir. Yarımkölgəninki isə 6700 km olur. Tam tutulmada Günəşin xromosfer və tac hissəsinin müşahidəsi üçün əlverişli şərait yaranır. Tam Günəş tutulması maksimum 7m.5, qismən tutulma 3h.5, halqavari tutulma isə təxminən 12m davam edə bilər. Ək-sər hallarda tam Günəş tutulmaları cəmi 2–3m davam edir.Venera və Merkuri də Günəş diski qarşısından keçərkən tutulma törədir.
Növbəti tam Günəş tutulması
redaktə2–3 iyul 2019-cu il tarixlərində tam Günəş tutulması hadisəsi baş verəcək.
Adıçəkilən təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.
Günəş tutulması Çili, Argentina, Cənubi Amerika və Sakit okeanın cənubundan aydın görünəcək.
Qeyd edək ki, növbəti Günəş tutulması 2019-cu ilin dekabr ayının 26-na təsadüf edəcək.[2]
İstinadlar
redaktə- ↑ C. М. Quluzadə "Klassik astronomiya"
- ↑ "Arxivlənmiş surət". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
Xarici keçidlər
redaktə- Ay tutulması nədir? (az.)